|
Məhkəmə keçmiş səfir barəsində həbs qərarı çıxardı (Yenilənib)

Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrilyi ilə keçirilən iclasda DTX-nın təqdimatı təmin olunub.

Faiq Bağırov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

**

Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi hakim qarşısına çıxarılır.

Musavat.com xəbər verir ki, Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Bu gün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılacaq.

Keçmiş səfir rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.