|
Azərbaycan və BMT rəhbərliyi arasında əlaqələrdə yeni mərhələ

Prezident İlham Əliyevlə BMT Baş katibi arasında telefon danışığında mühüm məsələlərdən bəhs edildi; Ermənistanın mənfur siyasətinə baxmayaraq, dünyanın 130 ölkəsinin Azərbaycan liderinin yanında olduğu vurğulandı; politoloq: “Bu, Azərbaycanın uğuru da sayılmalıdır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə telefonla zəng edib. Musavat.com xəbər verir ki, telefon danışığı əsnasında prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir.

Dövlət başçısı COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını qeyd edib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə baş katibə təşəkkürünü çatdırıb və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb. Dövlət başçısı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib.

Məlumatda bildirilir ki, BMT-nin Baş katibi Antonio Quterreş telefon zənginə görə prezident İlham Əliyevə təşəkkür edib. Baş katib BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Eyni zamanda baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını bildirib.

Prezident Ilham Əliyev və baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.

prezident.JPG (27 KB)

Qeyd edək ki, Azərbaycan prezidentinin koronavirusla bağlı BMT Baş Assambleyasının xüsusi videokonfransının keçirilməsi barədə təşəbbüsünə dünyanın 130-dan çox ölkəsi dəstək versə də, Ermənistan buna qarşı çıxıb. Prezident son açıqlamalarında da deyib ki, Ermənistan pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri kimi BMT Baş Assambleyasının keçirilməsində maraqlı olmalıydı: “BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsümüzün əleyhinə səs verən Ermənistanın mövqeyi bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur. Bu təşəbbüsü irəli sürməkdə Azərbaycanın məqsədi COVİD-19-la mübarizədə vahid yanaşmanın tətbiqinə, ölkələrin özlərinə qapanmamasına, inkişaf etmiş ölkələrin ağır vəziyyətdə olan ölkələrə kömək göstərməsinə nail olmaqdır. Bu təşəbbüsün reallaşması üçün 97 səs lazım olmuş, ancaq 130-dan çox ölkənin səsi qazanılmışdır. Burada iki əsas amil öz rolunu göstərdi - bu mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət. Azərbaycan bu rəğbəti uzun illər ardıcıl fəaliyyət hesabına, prinsipial, müstəqil siiyasətimiz sayəsində qazanıb. Bu, doqquz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilən Azərbaycana yenidən verilən böyük beynəlxalq dəstəkdir.  Ermənistan regionda və bəlkə də dünyada pandemiyadan ən çox zərərçəkmiş ölkələrdən biridir. Ermənistan rəhbərliyi etiraf edir ki, bu pandemiya ilə bacarmırlar. Özləri döymədikləri qapı qalmayıb ki, onlara yardım etsinlər. Yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışırlar. Belə olan halda onlar özləri maraqlı olmalıdır ki, BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutsun. Ermənistanın mövqeyi onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir. Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq, görəcək ki, məhz buna görə bu addım atıldı, buna görə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı”.

Ərdoğan Putinə görə öz fikrindən imtina etməz" - Elxan Şahinoğlu ...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Azərbaycan prezidenti ilə BMT rəhbərliyi arasında təmasları yüksək qiymətləndirdi: “Əlbəttə, Azərbaycan prezidentinin BMT-nin xüsusi konfransını çağırmaqla bağlı təşəbbüsü Azərbaycanın imicindən xəbər verir. Bu onlayn sessiyada əlbəttə ki, müzakirə mövzusu da məhz dünyanın koronavirus epidemiyasına qarşı birgə mübarizə məsələsi ola bilər. Əlbəttə, bu, o demək deyil ki onlayn konfransda hansısa nəticələr əldə edilə bilər. Ancaq hər halda, BMT səviyyəsində müzakirənin aparılması, hansısa fikirlərin ortaya çıxması belə, dünya dövlətləri üçün vacib ola bilər. Bu, Azərbaycanın uğuru da sayılmalıdır”.

Azərbaycanda mövzuya bələd olan hər kəsi maraqlandıran bir məsələ var: görəsən, BMT rəhbərliyi ilə yaxın təmaslar, həmçinin Azərbaycan prezidentinin təşəbbüsünün yüksək dəyərləndirilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrini aktuallaşdıra və onların həlli mexanizmləri işə salına bilərmi? E.Şahinoğlu bu məsələdə pessimistdir: “Mən hesab etmirəm ki, BMT-nin bu mövzuya marağı qurumun Qarabağ məsələsinə marağını artıra bilər. Onsuz da illərdir biz çalışırıq ki, BMT özünün qəbul etdiyi qətnamələri aktuallaşdırsın, lakin bu, alınmır. Hər dəfə iri dövlətlər BMT qətnamələri ilə ATƏT-in məşğul olduğunu iddia edərək bu mövzunu müzakirə etməkdən yayınırlar. Ona görə də BMT-nin onlayn müzakirələrinin də Dağlıq Qarabağ məsələsinin həllinə müsbət təsir edəcəyini düşünmürəm”.