|
Prezidentdən mühüm açıqlamalar,

Dövlət başçısı pandemiya tədbirləri ilə bağlı görülən işlərdən danışdı, vətəndaşı məsuliyyətli olmağa çağırdı; qanunu pozan heç kəsə fərq qoyulmayacağını bir daha bəyan etdi və Qarabağ məsələsi ilə bağlı vasitəçilərə məsuliyyətlərini xatırlatdı: “ATƏT-in Minsk Qrupu  Ermənistanın baş nazirinin ”Qarabağ Ermənistandır" iddiasına niyə cavab vermir?"

İyulun 6-da prezident  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Xətaidəki modul tipli xəstəxanaların açılışından sonra bir sıra televiziya kanallarına müsahibə verib. Ölkə rəhbəri ölkədə hazırkı vəziyyət, koronavirusla mübarizə sahəsində görülən işlər, Azərbaycanın daxili və xarici siyasət məsələləri ilə bağlı geniş danışıb, bir çox prinsipial məsələlərə dair qəti mövqeyini ifadə edib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatını beynəlxalq arenada da dəstəkləyir, ona maliyyə yardımı göstərir. Ölkə rəhbəri deyib ki, pandemiyadan sonra da Azərbaycan ÜST-lə əməkdaşlığını uğurla davam etdirəcək.

Bütün dünya ekspertləri, rəsmi statusu olan şəxslər bu qənaətdədirlər ki, naməlum düşmənlə mübarizədə sosial məsafənin, şəxsi gigyenanın qorunması və maskadan istifadə əsas şərtdir. Bu səbəbdən dövlətin üzərinə böyük yük düşsə belə, vətəndaşın qorunması naminə Azərbaycanda məhdudlaşdırıcı tədbirlər davam etdirilməkdədir. Rəsmi açıqlamalardan da göründüyü kimi, məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlar vəziyyətə uyğun şəkildə atılır. Bu barədə Prezident özü də telekanallara müsahibəsində ətraflı danışdı. Bildirdi ki, vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən bu sərtləşdirilmiş tədbirlərin nəyə gətirib çıxacağı təhlil olunurdu. Dövlət başçımız məmnunluqla bildirdi ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı hazırda sabitləşib. Lakin Prezident Əliyev zəruri bir əlavəni etdi ki, indiki rejim nə qədər davam edəcəyi vəziyyətdən asılı olacaq.

Prezident yerli kanallara müsahibə verdi - VİDEO

Heç kimin şübhəsi yoxdur ki, görülən işlərdə istənilən nəticənin əldə edilməsi vətəndaş məsuliyyətindən çox asılıdır. Odur ki, heç kim vəziyyətdən sui-istifadə etməməli, qayda və qərarları sözsüz yerinə yetirməlidir. Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Prezident İ.Əliyev müsahibəsində də bildirdi ki, pandemiyanın ilk günlərindən hazırkı dövrə qədər dövlət tərəfindən bütün lazımi addımlar atılıb. “Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər” - dövlət başçısı bildirib. Prezident bir daha bəyan edib ki, bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Odur ki, dövlət başçısı polis orqanları tərəfindən bütün pozuntulara adekvat reaksiya verilməli olduğunu vurğulayıb. “Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır” - Prezident xəbərdarlıq edib.

Dövlət başçısının da bildirdiyi kimi, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Heç şübhəsiz, qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq. Hər kəs vətəndaş məsuliyyətini dərk etməlidir, onu xilas etmək istəyən dövlətə sadəcə özünü və ətrafını qorumaqla dəstək olmalıdır.

Ölkə rəhbəri müsahibəsində bildirib ki, çətinliklərə baxmayaraq, cari ildə heç bir sosial layihə təxirə salınmadı, ixtisarlar olmadı. Belə ki, 2020-ci ildə büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Ölkə başçısı deyib ki, Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. “Azərbaycan həmrəyliyi sözdə yox, əməldə göstərdi”, - deyə ölkə rəhbəri bildirib.

Prezident “Fairmont”dakı hadisədən danışdı - VİDEO

Prezident xatırladıb ki, pandemiyadan ən çox zərərçəkən ölkələrdən biri kimi Ermənistan BMT Baş Assambleyasının keçirilməsində maraqlı olmalıydı, amma İrəvan fərqli mövqe sərgiləyib. “BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünüzün əleyhinə səs verən Ermənistanın mövqeyi bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur” - dövlət başçısı bildirib. Bəyan edib ki, dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq, görəcək ki, məhz buna görə bu addım atıldı, buna görə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı. Prezident İ.Əliyev qeyd edib ki, Azərbaycanın məqsədyönlü fəaliyyəti nəticəsində Ermənistanın əsl faşist mahiyyətini ifşa edildi. “Ermənistanın indiki rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana quldurlar rəhbərlik ediblər. Əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir” - Prezident deyib. Ölkə başçısı bildirib ki, son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. “Xunta getdi, diktatura gəldi” Bununla belə, Prezident beynəlxalq təşkilatların Ermənistanda formalaşmış diktatura rejiminə heç bir reaksiya verməməsini də təəssüflə qeyd edb.

Dövlət başçısı müsahibəsində neftin qiymətinə sevinənlərdən də bəhs edib. Bildirib ki, neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. “Özünü müxalifət adlandıran bəzi nümayəndələr bir-birini təbrik edirdilər ki, neftin qiyməti 14 dollara düşüb və ölkə böyük problemlərlə üzləşəcək”-ölkə rəhbəri bildirib. Qeyd edib ki, neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərə bilər: “Bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır”. Prezident əminliklə deyib ki, neftin qiyməti hətta 14 dollar da olsa, Azərbaycan ayaqda duracq. Son illər ərzində yaradılmış böyük iqtisadi-maliyyə potensialı istənilən böhranla bacarmağa imkan verir.

Mirzəbəyli: “İraq ordusu sadəcə Kərküklə kifayətlənməyəcək”

Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, ölkədə həyata keçirilən layihələrin reallaşdırılmasının mümkün olmayacağı ehtimalına sevinirlər, bundan xoşbəxt olurlar: “Görünür, ölkəmizdə siyasi sistemin yeni dövrün tələblərinə, ölkənin milli maraqlarına, regional və qlobal çağırışlara uyğun olaraq rekonstruksiyası bəzi azsaylı siyası qrupların, o cümlədən ”5-ci kalon"un klassik nümunələrindən biri və bəlkə də birincisi olan “Milli Şura” adlı antimilli təsisatın maraqlarına cavab vermir". Ekspert dedi ki, neft gəlirlərinin azalması nəticəsində bir sıra mühüm layihələrin reallaşmamasına, prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan torpaqlarını işğal altında saxlayan, azərbaycanlılara qarşı soyqırım aktları həyata keçirən, həmvətənlərimizi öz evlərindən didərgin salan, abidələrimizi, məscidlərimizi viran qoyan Ermənistan sevinə bilər: “Bu antimilli təfəkkür sahibləri Azərbaycan dövlətinə və xalqına münasibətdə Ermənistanla eyni mövqedən çıxış edir, açıq-aşkar düşmən münasibəti sərgiləyirlər. Təbii ki, ictimaiyyət də bu iyrənc mənzərəni görərkən kimin kim olduğuna bir daha əmin olur”. Amma E.Mirzəbəyli qeyd etdi ki, heç kim ümidlənməsin: “Dövlətimizin başçısı da bəyan etdi ki, son illər ərzində yaradılmış böyük iqtisadi-maliyyə potensialı istənilən dövlətimizə böhranla bacarmaq imkanı verir. Nə olursa-olsun Azərbaycan ayaqda qalacaq!”

Prezident öz müsahibəsində daim prioritet saydığı ümummilli məsələdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. Deyib ki, Azərbaycanın mövqeyi tarixi ədalətə və  beynəlxalq hüquqa əsaslanır. “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək” - ölkə başçısı bəyan edib. Eyni zamanda deyib ki, Azərbaycan ATƏT-in Minsk Qrupundan başqa, konkret bəyanatlar gözləyir və onu eşitmək istəyir. “ATƏT-in Minsk Qrupu  Ermənistanın baş nazirinin ”Qarabağ Ermənistandır" iddiasına niyə cavab vermir? Niyə cavab verilmir ki, bu ifadə, əslində Minsk Qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir?" - Prezident sual edib.  Ölkə rəhbəri qeyd edib ki, Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil.

Politoloq E.Mirzəbəyli dedi ki, Azərbaycanın danışıqları imitasiya üçün aparmaq niyyətində olmadığını bəyan etməsi, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyət daşımadığını bildirməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ünvanlanmış mesaj, danışıqlar prosesindən mövcud status-kvonun qorunması üçün istifadə etməyə çalışan Ermənistana ciddi xəbərdarlıq kimi qəbul olunmalıdır: “Azərbaycan prezidenti bundan əvvəl də öz müsahibələrində və beynəlxalq platformalardakı çıxışlarında ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyini, işğalçı ilə işğala məruz qalan ölkə arasında paralellər aparmaq cəhdlərini kəskin şəkildə tənqid edib. Amma dövlətimizin başçısının xarici işlər nazirlərinin videokonfransının Minsk Qrupunun sanki fəaliyyətdə olduğunu nümayiş etdirmək üçün keçirdiyini qeyd etməsi, yaranmış vəziyyətin bütün qaranlıq məqamlarını gün işığına çıxarır. Bu o deməkdir ki, Minsk Qrupunun danışıqlar prosesini davam etdirməkdə məqsədi heç də münaqişənin real olaraq tənzimlənməsi deyil, Minsk Qrupunu bir format olaraq qoruyub saxlamaqdır”.