|
Avstraliyada COVID-19 pandemiyasına görə ən çox əhalisi olan iki ştat arasında sərhəd bağlanır

COVID-19 pandemiyasına görə iyulun 7-dən başlayaraq Avstraliyada ən çox əhaliyə malik olan Yeni Cənubi Uels və Viktoriya ştatları arasında sərhədlər bağlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Viktoriya ştatının Baş Naziri Den Endrüs bəyan edib. Avstraliyada pandemiya başladıqdan sonra həmin iki ştat sərhədlərini bağlamayan yeganə ştatlar idi. D.Endrüsün bildirdiyinə görə, sərhədlərin nə vaxta qədər bağlı qalacağı məlum deyil.

Qərarın qəbul edilməsinə səbəb kimi son sutka ərzində bu iki ştatda koronavirusa yoluxanların sayının kəskin artması göstərilir. Belə ki, Viktoriya ştatında bu rəqəm 127 nəfər təşkil edib ki, bu da virusun yayılmağa başlamasından sonra ən yüksək göstəricidir.

Qeyd edək ki, Avstraliya Səhiyyə Nazirliyinin yaydığı məlumatlara görə, ölkə üzrə koronavirusa yoluxanların sayı 8500 nəfəri ötüb. Onlardan 7399-nun sağaldığı, 104 nəfərin isə həyatını itirdiyi bildirilir.