| Xəbər 1346 dəfə oxunub
Tofiq Zülfüqarov: “Hərbi əməliyyatların başlanması hər an mümkündür”

“Bu bəyanat Azərbaycan Konstitusiyasını dəyişdirmək cəhdi sayıla bilər”

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü əsasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə Qarabağla bağlı videokonfrans şəklində müzakirələr apardılar. Gözlənildiyi kimi, müzakirələrdə heç bir nəticə əldə olunmadı. Həmsədrlərin bəyanatından bir daha aydın oldu ki, vaxtaşırı belə görüşləri təşkil etməkdə məqsəd Azərbaycanı hərb variantına əl atmaqdan çəkindirmək, status-kvonu qoruyub-saxlamaqdır. Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Yeni Müsavat”a bu barədə maraqlı fikirlər söylədi. Eks-nazir digər ilginc açıqlamalar da verdi.

-Tofiq bəy, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatını necə dəyərləndirirsiniz?

- Bəyan olunan tezislər onu göstərir ki, əsas istiqamət indiki vəziyyəti dondurmaqdır. İndiki mərhələdə, təbii ki, torpaqların azad olunması və orda məskunlaşma prosesinin qadağan olunması, ən azı məsələyə siyasi münasibət bildirilməsi çox vacib məsələ idi. Bu, öz əksini tapmayıb. Biz görürük ki, bu, balanlaşmış deyil, balansdan uzaq bir bəyanatdır. Ümumiyyətlə, həmsədrlərə olan kritik münasibət, yumşaq desək, daha da güclənir. Camaat haqlı olaraq soruşur ki, yaxşı bunlar nə ilə məşğuldurlar? 30 il bir yana... Yaxşı heç olmasa, indiki mərhələdə əsas məsələləri də görmürsünüz?

- Bəyanatda növbəti dəfə qeyd olunur ki, Qarabağ konfliktinin hərbi həll yolu yoxdur. Bu, Azərbaycana xəbərdarlıq və ya şantaj deyil ki? Danışıqlar on illərdir nəticə vermir, müharibə də olmaz. Onda Azərbaycan nə etməlidir?

- Bu, nə şantajdır, nə də xəbərdarlıq. Biz qanuni baxımdan baxaq görək, vasitəçilik nə deməkdir? Azərbaycan tərəfi bu münaqişəni həll etmək üçün beynəlxalq təşkilatdan, ATƏT-dən xahiş edib ki, sən vasitəçi ol, bizə kömək elə! Bu razılıq əsasında onlar köməklik edirlər. Köməklik edərkən bizə bu və ya digər məsləhətlər verirlər. Biz həmin məsləhətləri qəbul edə bilərik və ya qəbul edə bilmərik. Bu, bizim suveren hüququmuzdur.

- Yəni vasitəçilər, sadəcə, məsləhət verir, amma qərar qəbul etməyi bizə buraxırlar?

- Təbii.

- Amma elə bu günlərdə müdafiə naziri Zakir Həsənov dedi ki, aprel döyüşlərində hücumun dayandırılması xahişi ilə Şoyqu ona zəng edib.

- Mən qanunlardan danışıram. Beynəlxalq qanunlara görə, Azərbaycan tərəfi, dövləti və xalqı bu torpağın üstündə suveren hüquqlara malikdir. Bu, suveren hüquqlar BMT Nizamnaməsində tam aydın şəkildə göstərilib. İşğalçını rədd etmək üçün 51-ci bəndə görə, onun tam səlahiyyəti var. Bu səlahiyyəti də Azərbaycandan heç kəs ala bilməz. Heç bir dövlət razılıq verməz ki, onun hansısa suveren hüquqlarını kimsə tapdasın.

- Amma biz aprel döyüşlərində qərarımızı vermişdik, lakin şimal qonşumuz, həmsədr ölkə imkan vermədi irəli gedək. Bu reallığı nəzərə almamaq olarmı?

- Yox, elə deyil. O, xahiş elədi. Bildiyimə görə, müdafiə naziri qaydalara əsasən, bu xahişi Ali Baş Komandana çatdırıb və ondan sonra əmr verilib. Ayrı yol yoxdur axı. Şoyqu bizə əmr verə bilər? Zakir Həsənov Şoyqunun tabeçiliyində olan insandır? Yox.

- Deməyim odur ki, istənilən halda, təzyiq həmsədr ölkədən gəlir, yumşaq, ya sərt formada, fərqi yoxdur.

- Bu, təzyiq yox, siyasi xahişdir. Deyir ki, bunu qəbul edirsinizsə, edin, qəbul etmək istəmirsinizsə, bu, sizin hüququnuzdur. O, siyasi təzyiqdir. Biz qanundan danışırıqsa, öz ərazimizdə əməliyyat aparıb işğalçını rədd etmək hüququmuz var. Məgər Rusiya başqa şəkildə hərəkət edir? ABŞ-da 11 sentyabr terror aktından sonra bəyan etdi ki, bu, bizə qarşı həmlədir və biz buna dünyanın hər bir yerində cavab verməyə hazırıq. Bəs, biz?

- Bizə imkan vermirlər? ABŞ hara, Azərbaycan hara?

- Həm Azərbaycan, həm də Ermənistan XİN müxtəlif şəkildə bəyanatlar verirdilər və elə bil, öz mövqelərini bu və ya digər şəkildə açıqlayırdılar. Amma mən istəyirəm diqqəti Azərbaycan tərəfindən verilmiş şərhə cəlb edim. XİN sözçüsü Leyla Abdullayevanın rəsmi açıqlamasında deyir ki, “Qarabağ xalqı yoxdur, orda icmalar var”. İlk baxışdan bu bəyanat Azərbaycanın mövqeyini əks etdirir. Amma gəlin onun Azərbaycan Konstitusiyasına uyğun olub-olmamasına diqqət edək. Belə bir məchul icma Azərbaycan Konstitusiyasında təsbit olunmayıb. Əgər biz ensklopediyaya baxsaq, görəcəyik ki, icma hansısa insanların cəmləşdiyi bir təşkilatdır. Onun təməlində ya siyasi, ya dini, ya da milli əsaslar dayanır. Amma biz indiki vəziyyətə baxanda başa düşməliyik ki, orda nəinki xalq, heç icmalar da yoxdur, əhali var. Ən qəribəsi odur ki, Azərbaycanın ərazisində Azərbaycan icması var. Konstitusiyaya görə, Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan ərazisində Azərbaycan icması ola bilərmi? Deyək ki, Lənkəranda talışlar, yaxud Qusarda ləzgilər yaşayır. Məgər orda icmalar var? Biz deyə bilərikmi Lənkəranda Azərbaycan-talış, yaxud Qusarda Azərbaycan-ləzgi icmaları var? Təbii ki, yox!   

- Bilirik ki, siz Dağlıq Qarabağ təqdimatı ilə də razı deyilsiniz. Deməli, siz Qarabağ məsələsi ilə bağlı yeni konsepsiyanın qəbul olunmasını, korrektələrin edilməsini istəyirsiniz, eləmi?

- Yox. Qanuna, Konstitusiyaya görə, Dağlıq Qarabağ adlı inzibati bölgü yoxdur. Deyək ki, “Dağlıq Qarabağ icması” kimlərinsə virtual olaraq yaratdığı məfhumdur və ictimai təşkilat onu təbliğ edə bilər. Amma dövlət rəsmisinin qeyri-konstitusion məfhumları təbliğ etməsi böyük səhvdir, hətta deyərdim ki, cinayətdir. Digər tərəfdən bu bəyanat Azərbaycan Konstitusiyasının dəyişdirilməsi cəhdi kimi qəbul oluna bilər. Bu isə qanunazidd məsələdir.

- Tofiq bəy, ortaya bəsit sual çıxır: niyə neçə illər boyunca bunu deməmisiniz? Axı özünüz də XİN-ə rəhbərlik etmisiniz...

- Bir dəqiqə (gülür). Onda gəlin tarixdən danışaq. 1992-ci ildə Minsk konfransının mandatı qəbul olunub. Orda deyilir ki, Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri konfransda maraqlı tərəf kimi iştirak edəcəklər. Amma bunun əvəzinə sonra ortaya Minsk prosesi çıxdı. Yəni Minsk konfransı ilə Minsk prosesi fərqli şeylərdir, bu prosesin heç bir mandatı yoxdur, yeganə bir razılıq var. Bu razılıq da 1998-ci ilin aprelində əldə olunub - Heydər Əliyev və Köçəryan arasında. Deyilib ki, danışıqların formatı iki ölkə arasında getməlidir. Hətta keçən ilin noyabrında bunu təsdiq edən şəxs Rusiya XİN-in sözçüsü olub - Mariya Zaxarova. Azərbaycan prezidenti Münhendə dedi ki, münaqişə iki ölkə arasındadır. İndi ortaya sual çıxır, nəyə görə Azərbaycan XİN-in rəsmi sözçüsü formatı dəyişdirməyə cəhd göstərir və Konstitusiyaya qarşı məfhumlardan istifadə edir? Bəlkə mən haqlı deyiləm?

- Amma demədiniz ki, indiyədək niyə buna etiraz etməmisiniz. Eyni təqdimat on illərdir davam edir...

- (yenə gülür) Mən sizə deyim. 1999-cu ilin oktyabrından mən bu işin içində deyiləm. Məndən sonra nə baş verib, o, ayrı məsələdir. Mən öz dövrümə cavabdehəm. Əvvəllər Qarabağda ermənilərin yaşadığı ərazilərin Ermənistanla dəhlizi, əlaqəsi olmayıb. Orda xaricdən dəstək alan separatçı bir hərəkat vardı. Ermənistanın Laçın rayonunu zəbt etməsindən sonra bu, artıq tam şəkildə Ermənistanın işğalı oldu. Bunu cənab prezident Münhendə açıq deyib. Təəssüflər olsun ki, o vaxt bu işğalı sübut etmək üçün bizə vaxt lazım idi. 1998-ci ilin aprelində Heydər Əliyev buna nail olub və danışıqlar formatı konfliktin formatını əks etdirən şəklə düşüb, yəni iki ölkə arasında gedib. İndi isə, 20 ildən sonra hansısa qüvvələr - bilinir ki, hansı maraqları müdafiə etməyə cəhd göstərirlər - onlar virtual bir üçüncü tərəfin yaradılmasına çalışırlar. Bəyanatlarda bu cür ifadələrdən rəsmi əks olunması Azərbaycan maraqlarına tamamilə ziddir.

- Məntiqlə, rəsmiyyətdə istifadə olunan “Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” təqdimatının da dəyişdirilməsinə zərurət var, eləmi?

- Əlbəttə. Onda belə çıxır Naxçıvan istiqamətində atışma olursa, “Ermənistan-Azərbaycan, Naxçıvan münaqişəsi” adlanmalıdır? Yaxud Qazax istiqamətində atışma olanda Qazaxın da adı əlavə olunacaq? Buna aid sənəd qəbul olunmayıb. Milli Məclisin 2001-ci ildə dinləmələri oldu. Bildirildi ki, komissiya məsələləri araşdırıb, hansısa yekun rəy verəcək. Yekun rəyin verilməsi Ramiz Mehdiyevin sədrlik etdiyi komissiyaya tapşırılıb və burada yazı olub. Bunun qərar kimi təsdiqlənməsini görməmişəm. İndiki mərhələdə Paşinyan bizə bir hədiyyə edib. Deyib ki, “Dağlıq Qarabağ Ermənistandır və nöqtə”. O, bunu bəyan edəndən sonra biz işğal olunmuş əraziləri nə üçün iki, ya üç yerə bölək? Bizə işğal olunmuş ərazilər lazımdır, vəssalam! Dağlıq Qarabağ icmasından söhbət gedirsə, bəs Zəngilan icması danışıqlarda iştirak edirmi? Yox. Biz tələb edirikmi ki, onlar iştirak etsin? Yox.

- Yəni işğal olunmuş ərazilərlə bağlı qanunun qəbulu lazımdır, eləmi?

- Mən bilmirəm. İndi müzakirələr keçirməyə imkan yoxdur. Amma Azərbaycanın rəsmi sözçüsü qeyri-konistitusion məfhumları təbliğ edə bilməz,  bu, birmənalıdır! Hüquq baxımından qəribə bir vəziyyət yaranıb. XİN tərkibində hüquq idarəsi var, orda mütəxəssislər çalışır. Xələf Xələfov xarici işlər nazirinin müavinidir, hüquqşünasdır. Belə qeyri-konstitusion bəyanatlar niyə verilir? Azərbaycanın ərazisində Azərbaycan icması ola bilər, ümumiyyətlə, bu, nə deməkdir? Yaxşı, bundan sonra həmsdərlərə nə deyək ki, görün bizdə bəyanatlar nə səviyyədədir? Qanuna, Konstitusiyaya zidd şəkildə.

Başa düşmək olmur ki, bunun mənbəyi və səbəbi nədir? Nəyə görə bəyanatlar bu şəkildə verilir? Axı 22 il əvvəlki format hamı tərəfindən qəbul olunub. Bunu Ermənistan da qəbul edib, biz də. Həmsədrlər qəbul edib ki, danışıqlar Ermənistanla Azərbaycan arasında gedir. Yəni münaqişə iki ölkə arasındadır da. 20 ildən sonra gəlib hansısa icmanı ortaya atmaq lazımdır? Mən bu mövzunu davam etdirəcəyəm. Bunu bizə qarşı tətbiq edirlər və məqsəd hibrid müharibəni aparmaqdır. Bu məsələləri biz mütləq aradan qaldırmalıyıq. Ələlxüsus o mənada ki, ermənilər, konkret olaraq Paşinyan ciddi səhvlər buraxır və biz bundan istifadə etməliyik. 

- Ümumiləşdirsək, hərb qərarının vaxtıdırmı, yoxsa BMT baş katibinin münaqişə bölgələrinə “silahları yerə qoyun” çağırışından sonra bu, əlavə problemlər yarada bilər?

- BMT ildə yüzlərlə çağırış edir. Suverenliyin bərpası və onun müdafiəsi, ərazi bütövlüyünün bərpası hər bir dövlətin konstitusion vəzifəsidir. İşğalın fəsadlarından çox danışa bilərik, yol çəkirlər, suyumuzu kəsirlər, qanunsuz köçürmələr edirlər, köçkünlərin mülkiyyət hüquqlarını pozurlar və s. Bütün bunların əsasında duran hərbi işğaldır. Biz kökə baxmalıyıq. Avropa İttifaqının hansısa komissiyası deyib ki, sizin Qarabağa yol çəkməyiniz qanuni deyil. Bəs sonra? Buna məhəl qoyan var? BMT qətnamələrinə məhəl qoymayan ölkənin Avropa İttifaqının komissiyasının etirazına məhəl qoyacaq? Yol qeyri-qanunidirsə, bəs qalan məsələlər qanunidir? Bu, bilirsiniz nəyə oxşayır? Dəvəyə deyirlər ki, “belin əyridir”.  Deyir “haram düzdür ki?” Görürsən müzakirə gedir ki, ermənilər filan yerdə körpü tikib. Torpaqlarını azad et, düşmən körpü də tikə bilməsin. Hərbi əməliyyatlara gəldikdə, əməliyyatların başlanması dünən də mümkün idi, bu gün də baş verə bilər, sabah da mümkündür.