| Xəbər 1353 dəfə oxunub
Rusiya klubunun baş məşqçisi istefa verdi

İqor Çerevçenko Rusiyanın "Arsenal" (Tula) futbol komandasının baş məşqçi postunu tərk edib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar Premyer Liqanın XXV turunda "Axmat"a 1:3 hesablı ev məğlubiyyəti ilə yekunlaşmış oyundan sonra çıxarılıb. 45 yaşlı mütəxəssisin xahişi təmin olunub.

Kollektivi son tur qarşılaşmalarına "Arsenal"ın farm-klubunda çalışmış Sergey Podpalı və gənclərdən ibarət komandanın məşqçisi Nikolay Kovardayev hazırlayacaq.

Qeyd edək ki, İqor Çerevçenko "Arsenal"a 2018-ci ilin payızında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında Tula təmsilçisi 2018/2019 mövsümündə Rusiya çempionatında 6-cı yeri tutub, ölkə kubokunda yarımfinaladək irəliləyib və Avropa Liqasına vəsiqə qazanıb. Lakin qitəmiqyaslı yarışın II təsnifat mərhələsində "topçular"ın qarşısını "Neftçi" 1:0 və 3:0 hesablı qələbələrlə kəsib. Cari mövsümdə isə "Arsenal" sona 5 tur qalmış 28 xalla 10-cu yerdə gedir.