|
Professor Adil Qeybulla:

Professor Adil Qeybulla həkim çatışmazlığı və virusla mübarizə haqda danışdı

Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı günbəgün artır. Rəsmi rəqəmlərə görə, iki günə ölkədə yoluxanların sayı min nəfəri keçir. Lakin həkimlər, tibb sahəsində çalışanlar hesab edirlər ki, real say əslində daha çoxdur. Bütün bunlar isə vəziyyətin nə qədər ciddi olduğunu göstərir...

Koronavirusla mübarizənin ön xəttində dayanan həkimlər artıq mart ayından etibarən dayanmadan çalışırlar. Sosial şəbəkələrdə onların paylaşımlarından, mediada verilən reportajlardan başa düşülür ki, hər gün eyni mənzərəni görən, ağır virus “zirehi”ni saatlarla əynində saxlayan həkimlərin əksəriyyəti artıq yorulublar. Bəziləri isə hətta virusa da yoluxublar.

Ən ciddi məsələ isə budur ki, xəstələrin sayı artdıqca, onları müalicə edən, xəstəxanaya gətirən təcili tibbi yardım xidmətində çalışan həkimlər üzərilərinə düşən işi çatdıra bilmirlər.

Artıq ötən gündən etibarən Səhiyyə Nazirliyi təcili yardıma həkim qəbulu da elan edib. Bildirilib ki, koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

Bəs ölkədə tanınan, bu işi bilən həkimlər belə dəvətlərə nə deyirlər? Onlar prosesə qoşularlar?

“Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, həkimlərin əksəriyyəti, o cümlədən onun özü də qeydə alınıb və istənilən halda yardıma gedə bilər. Ümumi vəziyyəti şərh edən Adil Qeybulla onu da qeyd edib ki, hazırda ölkədə koronaviruslu xəstələrin müalicəsi baxımından vəziyyət xeyli gərgindir: “Bəzi şəxslər deyirlər ki, cərrahın koronavirusdan danışmaq haqqı yoxdur. Hesab edirlər ki, bu məsələ ilə virusoloqlar məşğul olmalıdır. Bu, tamamilə yanlış fikirdir. Bizim özümüz koronaviruslu xəstə gəldiyi zaman gecə növbədə qalmalı oluruq ki, bəlkə ona cərrahi müdaxilə lazım oldu. Hər gün biz koronaviruslu xəstələri görürük. Bizim hamımız siyahıdayıq. Hələ ki koronaviruslu xəstələrin müalicəsinə cavan həkimlərimiz qatılıb. Bizə də növbə çatdığı zaman gedəcəyik. Hər gün koronaviruslu xəstələri görür, hər hansı bir müayinə zamanı bunu aşkar edirik. Daha sonra isə onun müalicəsinə nəzarət edirik. Yəni onsuz da biz də bu işlə məşğuluq. Ölkədə durum ağırdır. Bunu, hər halda, kənardan da görmək olur. Xəstə sayı artırsa, həkim, müvafiq avadanlıqlar çatmırsa, necə müsbət fikir söyləmək olar?”

Professor hesab edir ki, vaksin haqqında danışılanlar, sadəcə olaraq, illüziyadır: “Vaksinin hazırlanması haqqında hələ ki danışmaq tezdir. Lakin bu kimi virusların özləri uzun yaşaya bilmirlər. Söhbət bu ştampdan gedir. Yəni viruslar mutasiyaya uğrayırlar və tez-tez ştampları dəyişir. Bakteriyalara baxıb, fikir yürütmək olmaz. Bakteriyalar uzun zaman yaşayır və mutasiyaya uğramırlar. Məsələn, taun çöpləri neçə ildir ki, dəyişməyib. O cümlədən vəba haqqında da bunu demək olar. Lakin virus tez-tez mutasiyaya məruz qalır. Xüsusilə də hava-damcı yolu ilə keçən viruslar daha tez mutasiyaya uğrayırlar. Qrip, koronavirus və digərləri də belədir. Koronavirusun da hesab edirəm ki, bir müddət sonra yoxa çıxacağı gözlənilir. Vaksinin də kəşfi elə o zamana ancaq mümkün olar. İkincisi də, vaksin kəşf edildikdən sonra belə onun nə effekt verəcəyi bilinmir. Çünki hər bir halda vaksinasiya ürəkaçan olmur. Məsələn, QİÇS xəstəliyinin indiyə qədər vaksini yoxdur. O da pandemiyadır. 70 milyondan çox insan bu xəstəliyə yoluxub, 30 milyonu ölüb, 40 milyondan çoxu isə xəstədir. Hepatit C-nin də vaksini yoxdur. Bunlar virusdur və bu baxımdan da vaksinə güvənmək olmaz. Hazırda da mutasiya prosesi gedir. Sadəcə olaraq mutasiya o zaman diqqət çəkir ki, virus öz fəallığını itirir. Həm yoluxma azalır, həm də ağırlıq dərəcəsi. Hesab edirəm ki, bu ilin sonuna qədər proses yekunlaşacaq. Çünki bundan əvvəlki forma 6-7 ay çəkdi”.

Aprel ayı ilə müqayisədə Azərbaycandakı durumdan danışan Adil Qeybulla aşağıdakıları söyləyib: “Aprel ayı ilə müqayisədə vəziyyət çox fərqlidir. Çünki apreldə yoluxma yeni başlayırdı. Karantindən sonra isə yoluxma kütləvi oldu. Bunun nəticələrini də görürük. Nə qədər xəstə var ki, onlar bu saat qeydiyyata alınmayıblar. Bəziləri isə klinikada müayinə olunur, qeydiyyata düşmürlər. İnsanlar sanki xəstəliyi özlərindən uzaqlaşdırmaq, yoluxduqlarını bildirmək istəmirlər. Bu kimi adamları da sayarsaq, yoluxma sayı rəsmi rəqəmlərdən bir-iki dəfə çox ola bilər”.