|
Dəhşətli qətlə görə məhkəmə başladı- 61 yaşlı kişi niyə öldürülüb?

Gədəbəydə tanışını tamah məqsədi ilə öldürən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Anar Nuriyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Nural Əliyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hadisə ötən il iyulun 22-də baş verib. Gədəbəy rayon sakini, 1959-cu il təvəllüdlü Kamil İmamquliyevin üzərində zorakılıq əlamətləri olan meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Ağstafa rayon sakini, 1980-cı il təvəllüdlü Anar Nuriyev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan barəsində axtarış elan edilərək tutulub.

Anar Nuriyevin qətli tamah məqsədi ilə törətdiyi məlum olub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan olunub.

Məhkəmənin növbəti iclası iyunun 22- nə təyin edilib.