|
Türmədən çıxdı, qardaşını öldürdü

Bakıda qardaş qardaşı evində öldürüb. Hadisə Suraxanı rayonunda qeydə alınıb. Rayon Prokurorluğundan verilən məlumata görə, 1968-ci il təvəllüdlü Teyyub Ramazanovun üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evdə aşkar olunub. Araşdırmalar zamanı qətlin onun qardaşı,  1976-cı il təvəllüdlü Teymur Ramazanov tərəfindən törədildiyi müəyyən olunub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Teymur Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Qətlin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Ramazanov qardaşlarının əvvəllər məhkumluq həyatı yaşadıqları, qətli törədən Teymur Ramazanovun bir müddət əvvəl cəzaçəkmə yerindən azad edildiyi bildirilir.

Həbsdən buraxılan şəxsin bu cür təhlükəli, qəddar olması faktları zaman-zaman görünüb. Bəs necə etməli ki, keçmiş məhbuslar azadlıqda təhlükə yaratmasınlar?

Keçmiş polis rəisi, hüquqşünas Mahmud Hacıyev musavat.com-a bildirdi ki, xüsusi qəddarlıqla qətl hadisələri həmişə olub: “Bütün cinayətlərin tərkibini yaradan amillər var. Cinayətin 5 əlaməti var - cinayətin subyekti, obyekti, subyektiv tərəfi, obyektiv tərəfi və əsas məsələ motivi. Qardaşın qardaşa qarşı qəddarcasına davranması, onu öldürməsinin motivini müəyyən etmək lazımdır”.

Mahmud Hacıyev deyir ki, cinayət varsa, cinayətkarlıqla mübarizə də var: “Şəxs hər hansı bir səbəbdən cinayət törədirsə, onun cəza alacağı da sözsüzdür. Qardaşın qardaşa əl qaldırmasının motivi adətən ailədaxili mübahisələrdən qaynaqlanır. Təlim-tərbiyə məsələsidir. Müqayisə üçün deyim ki, SSRİ dövründə təhsil-tərbiyə sistemi daha effektli idi. Sərhədlər bağlı idi, narkomaniya indiki ilə müqayisədə həddindən artıq az idi, sərxoşluq, fahişəlik də az idi. Bağlı ölkə olduğu üçün belə şeylərə xüsusi diqqət yetirilirdi və nəzarət altında saxlanılırdı. Bunları toplum halında götürəndə hamısı cinayət əməllərinə təsir edən amillərdir. Ümumilikdə isə hər bir cinayət tərkibinin amillər toplusu olur. Onlardan biri də, qeyd etdiyimiz kimi, cinayətin motividir. Müxtəlif motivlərlə müxtəlif ölüm halları baş verir. Burada müəyyən psixoloji gərginlik var. Son illəri götürəndə Azərbaycanda insanlarda psixoloji bir gərginlik var. Pandemiya dövründə də psixoloji gərginlik müşahidə olunur. Psixoloji durumu da gərginləşdirən amillər toplumu var. Bunlar toplum halında insanların psixoloji durumunu gərginləşdirir və xüsusi amansızlıqla qətl hadisəsi baş verir. Bu amillər aradan qalxsa, xüsusi amansızlıqla qətl hadisələri və digər cinayətlər də azalar”.

Polis nə etməliydi, qucağında öpüb aparmayacaqdı ki?!” - Mahmud ...

Mahmud Hacıyev

Mahmud Hacıyev cinayətlərin törədilməsi səbəblərini öyrənən kriminologiya elmindən də danışdı: “Kriminologiya 3-5, 8-10 illik dövrlərdə baş verən oxşar cinayətlərin başvermə səbəblərini öyrənir. Cinayətin törədilməsi hansı zonada, hansı silahla, üsulla və s. məqamlar nəzərə alınmaqla araşdırılır. Hansı zonada bu və ya digər cinayətin artma səbəbləri öyrənilir. Hüquqşünaslar, psixoloqlar, psixiatrlar kompleks halında araşdırma aparırlar. Bu və ya digər cinayəti törətmiş şəxsin psixoloji durumu, yaşam tərzi, iş şəraiti və digər faktorlar nəzərə alınır. İnsan var ki, cinayəti psixoloji durumundakı naqisliklərə görə törədir. Mümkündür ki, şəxs emosional olsun və hər hansı bir hadisədən affekt vəziyyətə düşsün və cinayət törətsin. Olur ki, şəxsdə ruhi pozğunluq var, amma bundan heç yaxınları da məlumatlı deyillər. Hansısa hadisənin təsiri altında belə pozğunluq özünü büruzə verir və cinayət törənir. Bu baxımdan hüquq-mühafizə orqanlarının niyə vaxtında tədbir görüb bu və ya digər cinayətin qarşısını almaması haqda ittihamlar həmişə haqlı deyil. Qardaşların həbsdə olmaları, cəzaçəkmə yerində tərbiyələnmələri mümkün olan məsələ deyil. Həbsdə olmaq insanların tərbiyəsinə müsbət mənada təsir etmir. İnsan olan yerdə cinayət də mütləq olacaq”.

Psixoloq Azad İsazadə isə deyir ki, qətllərin artması cəmiyyətdəki təcavüzkarlıq hisslərinin özünü göstərməsidir. Amma bu, təkcə Azərbaycana bağlı məsələ deyil. Onun fikrincə, buna səbəb olan bir çox başqa amillər də var və sosial həyat, gündəlik məişət bu sıradadır. Psixoloqa görə, belə olayları tam aradan qaldırmaq mümkün deyil, amma psixoloji təsirlərlə onun sayını azaltmaq və ya minimuma endirmək olar.

İnsanlar varlı məmurlara ona görə qıcıqlıdır ki...” – Sosioloq ...

Sosioloq Əhməd Qəşəmoğlu baş verən olayların psixoloji gərginliklə əlaqəli olduğunu düşünür: “Hər hansı bir cəmiyyətdə mənəvi dəyərlər öndə olursa, bu, cəmiyyəti ahəngdar tərzdə tənzimləyir. Hansı cəmiyyətdə ki, mənəvi dəyərlər sıxışdırılır, başqa dəyərlər önə keçir, orada hər cür xoşagəlməz hadisəni gözləmək olar. Bu, 100 illərdir bilinən məsələdir. Dinlər də, ağıllı adamlar da bizi mənəvi dəyərlərə çağırır. Ötən əsrin 60-cı illərində mədəni inqilab oldu. Başa düşdülər ki, maddiyyata daha çox diqqət verməklə inkişaf etmək mümkün deyil. Bu gün Avropanın özündə də rasional düşüncə ilə, ancaq maddi amillərə önəm verməklə qabağa getmək mümkün deyil. Yəni bunu artıq başa düşürlər. Bizim ölkəmizdə müəyyən qədər mənəvi dəyərlərə münasibətlə bağlı potensial vardı. Son 30 il ərzində baş verən xaotik proseslər elə bir vəziyyətə gətirib çıxardı ki, mənəvi dəyərlər aşındı. Əxlaq, mərdanəlik, düzgünlük kimi mənəvi dəyərlər, hansılar ki, cəmiyyəti həmişə tənzimləyir, bunlara diqqət verilmədi. Ona görə də tez-tez belə hadisələr haqda eşidirik, ”bu necə oldu" deyirik. Bunun da əsas səbəbi budur ki, mənəvi dəyərlərə lazımi qədər önəm verilmir".

Sosioloqun sözlərinə görə, cəmiyyətdə mənəvi dəyərlərə münasibətin dəyişməsinə, qabağa getməsinə ciddi zərurət var: “Küçələrdə dalaşmaq, avtobusda, ictimai yerlərdə davranışlar artıq xoşagəlməz hal alıb. Bütün bunların kökündə mədəniyyətə, mənəviyyata olan münasibət dayanır və bu münasibət sürətlə dəyişməlidir. İnsanlarda  psixoloji gərginlik artıb. Yəni insanlar daha əsəbi olub, psixologiyaları sanki deformasiyaya uğrayıb. Bu çox həyəcanlı bir vəziyyətdir və bu məsələyə çox ciddi diqqət yetirməliyik. İndiki vaxtda, müstəqil bir dövlətdə əsas məsələ əhalinin keyfiyyəti məsələsidir. Qalan şeylər köməkçi vasitədir. Əhalinin keyfiyyəti məsələsində isə onun psixoloji durumu mühüm yer tutur. Bəzi insanlar bu psixoloji durumu maddi vəziyyətlə bağlayırlar. Bu, tamamilə yanlış düşüncədir. Çünki bizdən qat-qat aşağı iqtisadi imkanlı ölkələrdə, elə bizim özümüzdə də 30-50-ci illərdə iqtisadi vəziyyət bir o qədər də yaxşı olmayıb, amma insanlarda psixoloji durum bu qədər gərgin olmayıb”.