|
Cavid Hüseynov: "Klublar boş-boşuna pul xərclədilər"

"Bu qərarı necə qəbul etmək olar? Bəlkə də çempionatı davam etdirmək mümkün idi, amma belə qərar verildi".

Bu fikirləri "Report"a açıqlamasında "Zirə"nin kapitanı Cavid Hüseynov futbol üzrə Azərbaycan Premyer Liqası və ölkə kubokunda cari mövsümün dayandırılması ilə bağlı qərara münasibət bildirərkən deyib.

31 yaşlı yarımmüdafiəçi avrokuboklara gedən komanları təbrik etməklə yanaşı, bildirib ki, Avropa Liqasına vəsiqə üçün digər klubların da şansları var idi: "Çünki mövsümün bitməsinə 8 tur qalmışdı və xallar aşağı-yuxarı eyni idi".

Təcrübəli oyunçu "Mövsüm daha əvvəl ləğv edilməli idimi?" sualına belə cavab verib: "Mövsümün bərpasına hazırlaşmaq maddi baxımdan da klublar üçün çətin oldu və boş-boşuna pul xərclədilər. Mən deyə bilmərəm ki, əvvəldən nəyə görə çempionatın ləğvi ilə bağlı qərar verə bilmirdilər. Bu, müvafiq qurumların işidir".

Qeyd edək ki, "Zirə" 23 xalla mövsümü 5-ci pillədə başa vurub və Avropa Liqasına vəsiqə qazana bilməyib. Əvəzində isə eyni xala malik "Sumqayıt" 4-cü yerin sahibi kimi tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək.