|
Ata və oğlunun xüsusi amansızlıqla öldürülməsi işi

Zaqatala rayonunun Danaçı kəndində ata və oğlunun xüsusi amansızlıqla öldürülməsi cinayəti ilə bağlı məhkəmə başlayır.

Musavat.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməkdə təqsirli bilinən Ayalov Abdul Rəcəb oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayır.

Cinayət işi üzrə məhkəmə iclası hakim Bilal Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məlumata görə, Abdul Ayalova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Törətdiyi əmələ görə Ayalovu 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, cinayət hadisəsi ötən ilin sonlarında Zaqatala rayonu Danaçı kəndində baş verib.

Toy mərasimində kənd sakinləri Abakər Zutov və Abdul Ayalov arasında musiqi üstündə mübahisə yaranıb.

Mübahisə zəminində A.Zutovun oğlu Həmzət Zutov A.Ayalovun sifət nahiyəsinə yumruq vuraraq xəsarət yetirib. Toyda iştirak edən şəxslər mübahisənin böyüməsinin qarşısını alıb.

Toydan sonra A.Ayalov xalasının əri ilə birlikdə toy sahibi olan qohumları Aydın adlı şəxsin evinə gedib. A.Ayalov xalasının əri İlyas və əmisi Əhməd adlı şəxslərlə çay içib. Bu zaman A.Zutov oğlu H.Zutov ilə birlikdə həmin evə gəlib və toyda yaranan mübahisəni davam etdirib.

Qarşılıqlı mübahisə zamanı A.Ayalov mətbəx bıçağını götürərək Abakar Zutova və onun oğlu Həmzət Zutova xəsarətlər yetirib.

1963-cü il təvəlüdlü, əvvəllər məhkum olunmuş Akabar Zutov hadisə yerində ölüb. Oğlu, 1991-ci il təvəllüdlü Həmzət Zutov üç bıçaq zərbəsi alıb və xəstəxanada dünyasını dəyişib.