| Xəbər 1463 dəfə oxunub
Qənirə Paşayeva:

“Ölkəmizin belə davamlı uğurları, qətiyyətli addımları “azərbaycanafobiya” qüvvələri bərk rahatsız edir”

Musavat.com Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva ilə müsahibəni təqdim edir.

- Qənirə xanım, Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə Tərtər, Ağdam və Ağcabədi rayonlarına səfər etdi, üstündən bir neçə gün keçsə də, səfər, səfərdə verilən ismarışlar yerli və xarici medianın, ictimaiyyətin gündəmindədir və belə görünür, xeyli müddət də gündəmdə olacaq. Sizin də bu barədə müsahibəniz oldu. İstərdik ki, bu dəfə bir qədər konkret istiqamətdə söhbət edək. Bu da, cənab Prezidentin Tərtər Olimpiya Kompleksinin açılış mərasimində idmançılar qarşısında etdiyi çıxışla bağlıdır. Heç şübhəsiz ki çıxışla tanışsız. Buyurun.

- Təşəkkür edirəm. Əlbəttə, tanışam və hesab edirəm, hər kəs bu informasiya yüklü, proqram xarakterli çıxışla yaxından tanış olmalı, onu öyrənməlidir.

Prezident İlham Əliyevin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı səsləndirdiyi fikirlər siyasətçilərimizin, diplomatlarımızın, hərbçilərimizin, məmurların, media və QHT təmsilçilərimizin, əlbəttə, gənclik-idman ictimaiyyətinin ilk növbədə diqqət etməli, nəticə çıxarmalı olduğu fikirlərdir. Bəlkə başqa müsahibə və məqalələrdə də demiş ola bilərik, izninizlə yenə o fikrə qayıdaq ki, dövlət başçısının, Ali Baş Komandanın səfər tarixi, görüş yeri və səsləndirdiyi fikirlər təsadüflər deyil, təvafüqlər kateqoriyasına aiddir. Səfər tarixinə diqqət etdikdə, işğalçı Ermənistan baş nazirinin Şuşaya qeyri-qanuni səfəri, orada qeyri-qanuni və dünya birliyi tərəfindən tanınmamış “seçkilər”in qalibi – separatçıların qondarma “prezidenti”nin “andiçmə” mərasimində iştirakından, habelə məcburi köçkün həmvətənlərimiz üçün Qaradağdakı yeni və möhtəşəm “Qobu-Park3” yaşayış kompleksinin 28 may – Respublika Günündəki açılışı, o açılışda Qarabağla bağlı ciddi ismarışların verilməsindən, o cümlədən daha gözəl komplekslərin Qarabağda salınacağı barədə fikirlər səsləndirilməsindən bir neçə gün sonra baş tutduğunu görürük. Görürük ki, görüş ön cəbhənin dibində, qəhrəman Tərtərdə keçirilir. Və indi öz münasibətimizi bildirəcəyimiz ciddi fikirlər məhz Olimpiya İdman Kompleksində səsləndirilir. Yalnız onu demək lazımdır ki, bu kompleks “sağlam bədəndə sağlam ruh” aşiqləri və peşəkarları üçün, gənclərimiz üçündür, sabah-birigün yarış meydanlarındakı uğurlar, ümumən qələbələr üçündür!

Bəli, Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən “prezident və parlament”, 14 apreldə keçirilən 2-ci tur “prezident seçkiləri” ilə bağlı olduqca vacib – proqram xarakterli məqamlara toxundu.

Qondarma xunta rejiminin keçirdiyi saxta seçkiləri şou və təlxəklər tamaşası adlandıran, “məzhəkə oyunu” kimi dəyərləndirən prezident, “seçkilər”in və onun “nəticələr”inin tərəqqipərvər dünya birliyi, mötəbər beynəlxalq qurumlar tərəfindən tanınmadığını bildirdi. Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatının, digər aparıcı beynəlxalq təşkilatların bu seçkiləri qınadığını vurğulayan cənab Prezident, məsələyə yalnız Avropa Şurasının münasibət bildirməməsinə diqqət çəkdi. Avropa Şurasının susmağının səbəbini, Assambleyanın əsas hədəflərindən biri kimi şərh edən dövlət başçısı, bu səbəbi – hədəfi “Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir” dedi. “Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı.”

- Sizin də vurğuladığınız kimi, çıxış proqram xarakterli olması ilə seçilirdi. Belə olunca, şəxsən sizin çıxardığınız ilkin nəticələr, müəyyənləşən vəzifələr barədə nə deyərdiz?

- Elə başa düşürəm, proqram xarakterli bu çıxışın yalnız qarşı tərəfdə (tərəflərdə!) hansı nəticələri, reaksiyanı doğuracağını gözləməli, bundan daha artıq dərəcədə, məsul şəxslər, ictimai fəal qüvvələrimiz tərəfindən müvafiq addımlar atılmalı, yaxud daha öncəki işlər davam və inkişaf etdirilməlidir. Özəlliklə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsçüsü və rəhbəri olduğu “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası bütün parametrlər, coğarafiyalar və mədəniyyət iqlimləri üzrə genişləndirilməli, dərinləşdirilməlidir. Bu, özü Avropa Şurasının susqunluğuna bir cavab olacaq.

Qitə üçün xas bəşəri və insani dəyərlərlə çox yaxından səsləşən, o dəyərlərə yüksək səviyyədə cavab verən, belə deyək, o ənənənin tərkib hissəsi sayılmalı olan Azərbaycan multikulturalizm, tolerantlıq ənənələri, tolerantlıq və multikulturalizm ideyalarının Azərbaycan ictimai fikir tarixində yeri, rolu barədə əsərlər tirajlanmalı, məsələn, günümüzün gerçəkliyində virtual konfranslar vasitəsi ilə qitə və dünya miqyaslı fikir mübadilələri təşkil olunmalıdır, deyə düşünürəm. Düşünürəm ki, qlobal pandemiya dövründə də, dinlərin, mədəniyyətlərin və sivilizasiyaların dialoqu bütün neqativ proseslərə qarşı ümidverici ortaq model kimi – Azərbaycan təcrübəsi kimi tirajlanmalı, yayğınlaşdırılmalıdır. Bu, özlüyündə, bütün maraqlı və bütün “qarşı tərəflər”ə daha bir ismarış, cavab olardı.

Müvafiq qurum və quruluşlarımız narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun yalnız Azərbaycan və bölgə üçün deyil, Avropa üçün, Asiya üçün, ümumən dünya üçün təhlükə ünvanı olduğunu faktlarla dilə gətirməlidir – bu sahədə daha öncəki çalışmalar yenidən güncəlləşməlidir.

Və demokrat libaslı, amma işğalçı zehniyyətli Ermənistan rəhbərliyinin, eləcə də, xunta rejiminin bu dəyərdən nə qədər uzaq olduğu, məhz işğal, vandalizm və digər beynəlxalq hüquqa zidd, birgəyaşayışa uyuşmayan hallar kimi dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır: xarici mətbuatdakı bir məqalə də, bir teleçıxış da, “onlayn konfrans” da, fundamental əsər də... növbəti addım olardı, ümumi işimizi qabağa aparardı. Yəni, Prezidentin çıxışı, ismarışları Tərtərdə qalmamalı, haqq etdiyi şəkildə, könlümüzcə olduğu kimi, işimizə də yansımalı, çalışmalarımızda öz yerini tutmalıdır.

- Qənirə xanım, yəqin razılaşarsız ki Ali Baş Komandanın nitqinin ən diqqətçəkən yeri qondarma “respublika”da keçirilən məlum seçkilərə özünün verdiyi dəqiq qiymət və Avropa Şurasının verməli olub, vermədiyi qiymətlə bağlıdır...

- Bəli. Sizinlə razıyam. Cənab Prezident nitqində nə dedi? Gəlin, olduğu kimi xatırlayaq: “Mart ayında şouların təşkili üzrə peşəkar olan (şoumen) Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçirildi. Həmin “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi. Dünyanın aparıcı və mötəbər təşkilatları və bir sıra ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etməklə yanaşı, qondarma “seçkiləri” tanımadıqlarını bildirdilər. Lakin Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirdilər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı bacarmadı.”

Prezidentin faktoloji - adlar çəkib, ünvanlar göstərərək və olaylara danılmaz obyektivliklə münasibət sərgiləməsi siyasi, analitik, sosial təhlil mərkəzlərimizin, onların əməkdaşlıq etdiyi xarici tərəfdaşlarının müzakirələri, “beyin fırtınası” üçün əsaslar verir. Bəlli olduğu kimi, qondarma Dağlıq Qarabağ rejimində “prezident və parlament seçkiləri” məhz qlobal pandemiyanın geniş yayıldığı bir zamanda keçirildi (Bu arada, “təntənələr”ə ailəsi ilə qatılan “demokrat qiyafəli, işğalçı zenhiyyətli Baş nazir” ailəsinin koronovirusa yoluxması da təsadüfi deyil yəqin ki...). Bu “zamanlama” da, özünə geniş diqqət tələb edir. İşğalçılıq hirsi, cəzasızlıq, üstəlik, bəzi güclər tərəfindən dəstəklənmələr xunta rejiminə əlavə güc verir, onlarda saymazlıq hissini körükləyir,  yalnız bölgəni deyil, bəşəriyyəti təhdid edən qanunsuz əməllərə, cinayətlərə sürükləyir... Fikir verin ki qlobal pandemiya dövründə keçirilən “seçkilər”də belə Qərb dövlətləri və AŞPA adekvat reaksiya vermədi, daha doğrusu, səslərini belə çıxarmadı... Bu, azmış kimi, BBC saxta “seçkilər”lə bağlı “Koronavirusun ortasında seçkilər” kimi manşeti uyğun gördü... Üstəlik, bunu “cəsarət nümunəsi” şəklində təqdim etməyə çalışdı. Qondarma xunta rejimində “prezident və parlament seçkiləri” zamanı insan həyatına, bəşəri təhlükəsizliyə bunca aşağılıq yanaşılması beynəlxalq erməni diaspor və lobbi güclərini heçmi düşündümədi, əcaba? Bir çox güclərin, şəxslərin susqunluğu nəyin müqabilindədir, görəsən?!  Bəli, regionun böyük ölkəsi Rusiya Federasiyası belə Konstitusiya referendumunu ertələdiyi, çox mötəbər beynəlxalq yarışların təxirə salındığı bir vaxtda - bir sözlə, dünya koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən, xunta rejimi və havadarının pandemiyaya qarşı gərəkli önləyici tədbirlər almaması diqqətdən kənarda qalmamalıdır, əlbəttə.

Prezident daha nələrə diqqət çəkdi? Gəlin, birgə diqqət edək: “Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası antiazərbaycan mövqedədir və bu təşkilatda antiazərbaycan meylləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”.

- “Azərbaycanafobiya” – bu söz deyəsən, ilk dəfə işlədilirdi...

- Elə mən də məhz “azərbaycanafobiya” sözünə diqqət yetirilməsini istərdim. Bu “fobiya”nın səbəbi nədir, əcaba? Çox aydın bir cavab var: bizim uğurlar kimlərisə çox ciddi rahatsız edir, məkrli planlarını pozur, çətin duruma salır, əsəbləşdirir... Əslində necə olmalıydı? Hər hansı əməli fəaliyyət sahəsində uğur qazanan, qitə təhlükəsizliyinə, iqtisadi sabitliyə, dialoqa, mədəniyyətə... Azərbaycan töhfələri zamanında, bugündə alqışlanmalı, bir sözlə, Azərbaycan haqq etdiyi müamiləni görməliydi. Bu olunca, işğalçı Ermənistanın haqsız mövqeyini, uzun illərə dayanan mütəşəkkil antiazərbaycan təbliğatını sıfırlamaq, münasibətləri ayarlamaq lazım olacaqdı... Belə olunca, qondarma rejimin “seçkilər”ini Avropa Şurası adından, haqq edilən şəkildə tənqid etməkdən çəkinilməyəcəkdi. Yəni bu olaylar zənciri, Azərbaycanla bağlı qısqanclığın, gözügötürməzliyin, “bunu da bacardılar”, “bunu da keçdilər”, “uğurları qaçınılmazdır”... kədərlərinin əlamətidir və öz ifadəsini “azərbaycanafobiya” şəklində tapır... Bu sözü hətta sıravi vətəndaşımız da desə, anlamlı olardı, ancaq məhz dövlət başçısının belə bir ümumiləşdirmə aparması, bizə qarşı olanlar haqqında güclü informasiyalara, intellektual təhlillərə əsaslanması ilə xüsusi yerə sahibdir. Bu xüsusilik həm də, vətəndaşlara, hər birimizə çağırışdır, yuxarıda da vurğuladığımız kimi, proqram xarakteri daşıyır. Bizlərin bugün nəyi necə edəcəyimiz, kimlərlə hansı məsafədə olacağımız, fəaliyyətdə səmimiliyimiz, vətənpərvərlik qətiyyətimiz... özlüyündə o çağırışa cavab mahiyyətindədir.

Dövlət başçısı Avropa Şurası ilə münasibətləri xarakterizə edərək, bütün ittihamların artıqlaması ilə onların özlərinə qaytarıldığını və hazırda bəzi ölkələrdə nələr baş verməsi ilə bağlı Avropa Şurasından açıqlama gözlədiyini bildirdi. Cənab İlham Əliyev elə Avropa dövlətlərinin özündə polis zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən aşırı gücün, onların gözlərinin çıxarılmasının, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin, həbs edilməsinin, hətta nümayişçilər arasında öldürülənlər olduğunun müşahidə edildiyini dedi və eynən bu cümlələri işlətdi: “Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar.” Bu mükəmməl münasibət ən yeni dövr Avropa siyasi arxitekturası, olaylar, aktörlər haqqında nəşrlərə düşəsidir.

- Dövlət başçısının diqqət yetirdiyi bir məqam da, Avropa Şurasına eyni vaxtda qəbul edilməsi, hər iki dövlətin öz üzərinə eyni öhdəliklər götürməsinə baxmayaraq, fərqli icraatlar olması ilə bağlı idi...

- Doğru deyirsiz. Bilirik ki, Azərbaycan və Ermənistan Avropa Şurasına eyni tarixlərdə üzv qəbul edilib və bərabər bir sıra öhdəliklər götürmüşük; cənab Prezidentin də vurğuladığı kimi, Ermənistandan fərqli olaraq biz öz üzərimizə götürdüyümüz öhdəliklərə sadiqlik nümayiş etdirməsinə baxmayaraq, bu iki ölkəyə (hələ-hələ biri işğalçı, biri işğala məruz qalan ölkə olan qonşulara!) münasibətdə Avropa Şurasının konkret ikili standartlarda siyasət həyata keçirdiyini görürük. 19 il bundan öncə (Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman) Azərbaycanın və Ermənistanın Şura qarşısında götürdüyü öhdəliklərdən biri də (rəsmi istilahla desək) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Prezidentin də xatırlatdığı kimi, həmin öhdəliklərin monitorinqini məhz Avropa Şurası həyata keçirir. O zaman, münaqişə məsələsinə dair fikir bildirmək ilk növbədə həmməruzəçilərin birbaşa mandatına daxil deyilmi?!.  Bu sadə həqiqəti, mandat xatırlatmasını hər dəfə Azərbaycan tərəfimi xatırlatmalıdır? Sivil, mədəni, demokratik, sülhpərvər Avropa beləmi olur? Bizim oxuduğumuz, bizim öyrəndiyimiz,  bizim arzuladığımız və inandığımız Avropa belə Avropa ola bilməz..! Avropa Şurası rəhbərliyi bu uyğunsuzluğun, mandatlıykən mandatsızmış kimi davranmanın, başqa sözlə, daşıdığı mandatın gərəyini yerinə yetirməməyin aqibətini düşünməli, mənfi tendensiyaların, xoşagəlməz presedentlərin qarşısını nəhayət almalıdır.

Təsadüfi deyil ki, AŞPA-Azərbaycan münasibətlərini şərh edən İlham Əliyev cənabları, Avropa Şurasının Parlament Assambleyasının son vaxtlar Azərbaycana qarşı nifrət aşıladığını deyib, Şuranın nüfuzdan düşməsini faktlarla göstərib: “AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər.

...Heç kəsə sirr deyildir ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşən bir quruma çevrilib, AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır və heç kəsə sirr deyil ki, AŞPA-da son illər aparılan müzakirələr ədalətli deyil, demokratik dəyərlər və insan haqları kobud şəkildə pozulur, sönük keçir. AŞPA-nın 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Məsələn, AŞPA-nın bu ilin yanvarın sonlarında keçirilən qış sessiyasında Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatının səsverməsində 69 deputat, son vaxtlar AŞ-nin əsas müzakirə mövzularından biri olan yeni komplementar prosedurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak edib.”

- Prezident son vaxtlar ABŞ-da kütləvi etirazların yaşanması faktına da toxundu və faktların dili ilə, bizi ittiham edənlərin öz ölkəsində nələr yaşandığını göstərdi.

-Sizin dediyiniz kimi, son vaxtlar ABŞ-da kütləvi etirazların yaşanması faktına da toxunan cənab Prezidentin problemə münasibəti də, ümumdünya proseslərini, bu proseslər içində Azərbaycana yanaşmaları dair çıxarmalı olduğumuz nəticələr baxımından çox aktual və diqqətçəkicidir. Mən yenə cənab Prezidentin öz sözlərindən sitat gətirmək istərdim: “ABŞ-ın Minneapolis şəhərində “Nəfəs ala bilmirəm” deyə inildəyən silahsız qaradərili Corc Floydun ölümü ilə əlaqədar kütləvi iğtişaşlar səngimək bilmir. Həmin səhnələrə baxdıqda məşhur Hollivud filmləri olan “Qara cəngavərin yüksəlişi” və “Coker” filmləri insanın gözü qarşısında keçir. Heç kimə sirr deyildir ki, ABŞ-da qaradərililərə qarşı sistematik hal almış ayrı-seçkilik mövcuddur. Mayın 26-dan başlamış iğtişaşlar zamanı 11 mindən çox insan həbs olunmuş, 16-dan çox insan həyatını itirmişdir. Hadisələr zamanı internetdə jurnalistlərin xəsarət alması ilə bağlı da kifayət qədər materiallar mövcuddur. Aksiyalar zamanı biz habelə lüzumsuz yerə hədsiz dərəcədə güc tətbiqinin də şahidi olduq. Lakin ölkəmizi tənqid etməyə vərdiş eləmiş qüvvələr nədənsə həmin hadisələri görməzdən gəlir.”

- Doğrudur. Qənirə xanım, bu yerdə bir daha, Prezident İlham Əliyevin “azərbaycanafobiya” qiymətləndirməsinə, AŞPA və ATƏT-in Azərbaycana yönəlik haqsız siyasətinə qayıtmanızı istərdim.

-AŞPA və ATƏT-in müvafiq strukturları Azərbaycana qarşı antipatiyasını heç cür gizlədə bilmir, “azərbaycanafobiya” ovqatından, daha doğrusu ovqatsızlığından qurtula bilmir. Bunun əsas səbəb nə ola bilər? Səbəblərdən biri, cənab Prezidentin də vurğuladığı kimi, hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Elə bu əsilsiz fobiya yaxud fobiyalardır ki AŞPA-nı sırf “xristian klubu” kimi görmək istəyənlər söz sahibi kimi çıxış edir. Dövlət başçısı bunu Qərbin “beyin iflici” keçirməsi kimi xarakterizə etdi. Qərbin özünün siyasi-hərbi “əsər”i olan “Ərəb baharı”nın acı nəticələri, o cümlədən, Suriya və Liviyadakı durumdan sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanın Qərb üçün nə demək olduğunu hər kəs gördü.

Yəqin, siz, bu planda, prezidentin AŞPA-nın Azərbaycana yönəlik siyasətində siyasi məhbuslar məsələsinin haqsız və əsassız olaraq hər zaman gündəliyə gətirməsi məsələsinə də maraq göstərirsiz. Bilirsiz, Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da “vüsət” almasının səbəblərindən biri, Prezidentin özünün də dediyi kimi, 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsindən qaynaqlanır. Bu məğlubiyyəti sinirə bilməyən “azərbaycanfobiya”dan əziyyət çəkənlər, antiazərbaycan qüvvələri azğınlaşdı. Heç kəsə sirr deyil, ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində, tədbirlər keçirilərkən Azərbaycanı qaralamağa başlayanlar revanş havasında, istəyində idi. Bu kampaniyaçılığı Bakıda keçirilmiş Avropa Musiqi Yarışmasında, I Avropa Oyunlarında, digər mötəbər tədbirlərdə təkrar-təkrar gördük...

İzninizlə yenə mövzunun ən yaxşı ifadə olaraq, cənab Prezidentin öz sözlərinə müraciət edəcəm: “Ölkəmizə qarşı ciddi nəsə edə bilməyən qüvvələr mifik “Azərbaycan landromatı” söhbətini ortaya atdılar. Bir anlıq təsəvvür edək ki, guya bu iddialar doğrudur. Onda belə çıxır ki, AŞPA-da olan deputatlar, siyasətçilər pula satılmış prinsipsiz və əqidəsiz tülüngülərdir. Bəs onda bu satılmış siyasətçi və deputatlar hansı əsasla insan hüquqları və dəyərlərdən danışırlar?!

...Əgər belədirsə, AŞPA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır. AŞPA-da 2005-ci ildə qəbul edilmiş “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək, yaradılmılş Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir.”

Bir sözlə, AŞPA-Azərbaycan münasibətlərini təhlil edən Prezident, qurumun təməlini təşkil edən bəşəri, demokratik dəyərlərin məhz qurumun özü tərəfindən heç də bəşəri planda qəbul edilmədiyini göstərmiş oldu. 

- Prezident Ermənistanın haqsız yerə əsir saxladığı soydaşlarımız haqqında da xatırlatma etdi.

- Bəli, əsir və girovlar məsələsini bütün uyğun görüşlərdə diqqətdə saxlayan cənab Prezident, Tərtərdəki nitqində də məsələyə bir daha qayıtdı. Qondarma Dağlıq Qarabağ xunta rejimində əsirlikdə olan iki mülki Azərbaycan vətəndaşının – heç bir günahı olmayan Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz olaraq həbsdə saxlanılmasına aidiyyəti qurumların səssiz qalmasına münasibət bildirdi. Prezident dedi ki, “AŞPA azərbaycanlıları sevirsə, niyə indiyədək hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmirlər. Axı onlar da insandır və onların işgəncə altında saxlanıldığı da heç kimə sirr deyil.

Könül istərdi, bu sadə həqiqəti bütün vətəndaşlarımız bilsin ki, Azərbaycanda insan hüquq və azadlıqları əgər bir konyuktur hadisəsi deyilsə, o zaman Dilqəm Əsgərov, Şahbaz Quliyev məsələsi bizi qınayan qurum, quruluşların 2 saylı çağırışına dönüşməliydi; əgər dönüşmürsə, “ittihamçılar”ın iç üzü gizlədilməyəcək qədər aydın görünür...

Mən sonda nələri demək istərim? Məncə, Prezidentin Tərtər nitqi, bu həqiqəti bir daha təsdiq etmiş oldu ki erməni lobbisinin, islamofobların apardığı mütəşəkkil antiazərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkün olmayacaq; Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcək. Bax, bu önəmli təsbiti bütün siyasi qüvvələrimiz qəbul etməli, sadə vətəndaşlarımız da bilməlidir. Müstəqil respublikamızın dövlət mövqeyi Prezident səviyyəsində bir daha ifadə olundu ki Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz! Əks təqdirdə, AŞPA bundan sonra da respublikamızla siyasi əməkdaşlıq körpülərini yandırmaq siyasətini eyni qətiyyətlə (əslində, bu sağlam qətiyyət yox, qətiyyətsizlikdir) davam etdirmək istəyirsə, bunun məsuliyyəti AŞPA-nın üzərindədir – bu seçimi AŞPA etmiş olur... Ancaq dünyanın indiki halında körpü yandırmaqdan daha çox körpü qurmaq daha məntiqli olardı...

Fikir verin, respublikamızın dövlət müstəqilliyi əldə etməsindən ötən 30 ilə yaxın müddət ərzində, yalnız xalqımız adına deyil, bölgə, qitə və dünya ünvanlı uğurlar qazanılıb, tərəfimizdən bəşəri töhfələr təqdim edilib. Bunlardan bəzisi haqqında yuxarıda danışdıq. Ən güncəl mövzu üzrə danışsaq, “COVID-19” qlobal pandemiyasına qarşı mübarizədə Azərbaycan önəmli bəşəri töhfələr verir. Prezidentin öz mükəmməl sözləri ilə ifadə etsək, multilateralizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bildi. Pandemiya dövründə belə Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin canlı şahidi olduq.

Məhz Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə pandemiya dövründə Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə Zirvə Görüşləri keçirildi, bu görüşlərin sonucları bütün dünyaya bəllidir. Unutmayaq ki Türk Şurasının Virtual Zirvəsi mövzu üzrə dünya miqyasında, dövlət başçıları səviyyəsində ilk beynəlxalq məsləhətləşmə idi. Unutmayaq ki Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq platformadır. Unutmayaq ki, hər iki Virtual Zirvədə Dünya Səhiyyə Təşkilatının (DST) başçısı da iştirak və çıxış etdi. Azərbaycanın qlobal pandemiya ilə mübarizə məqsədi ilə DST-yə ilkin olaraq 5 milyon, sonra daha 5 milyon dollar həcmində sanballı ianə ayırdığını, ümumən 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım etdiyini unutmaq olmaz.

Zirvələrdə iştirak və çıxış edən dövlət və hökumət başçıları, xarici işlər nazirləri, digər beynəlxalq qurumların, platformaların başçıları, təmsilçiləri öz iştirakları ilə, dövlətimizə, şəxsən dövlət başçımıza bəslədikləri inamı, etibar və etimadı göstərmiş oldu.

Başqa bir xüsusa diqqətinizi cəlb edim. Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarlarına çıxarılması, Avropanın enerji tələbatının qarşılanmasında önəmli yerə sahib olması, həyata keçirdiyimiz beynəlxalq infrastruktur layihələri də unudulmamalıdır.

Bunlar nəyin ifadəsidir? Özünəməxsus inkişaf yolu və strategiyası olan Müstəqil Azərbaycan Respublikası dünyada artıq “orta miqyaslı” ölkə kimi tanınır. Yəni, ərazimizin kiçik olmasına baxmayaraq, apardığımız uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə önəmli, danılmaz töhfələr veririk.

Bu planda, uğurlu regional enerji və infrastruktur layihələri ilə ümumən Avropanın enerji təhlükəsizliyinə, qitənin davamlı inkişafına verdiyimiz töhfələr gözardı edilə bilməz. Azərbaycan paytaxtının dəfələrlə Rusiya və NATO arasında dialoqun aparıldığı şəhər olaraq seçilməsi də təsadüfi  deyil.

Bütün bu və bənzəri olaylar, tədbirlər ölkəmizin nüfuzundan xəbər verir; görünür, məhz belə davamlı uğurlar, qətiyyətli addımlar da öz növbəsində “azərbaycanafobiya” qüvvələri bərk rahatsız edir...