| Xəbər 3432 dəfə oxunub
Həftəsonu marşrutlar işləməyəcək:

6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində sərt karantin elan olunub. Qərara əsasən, bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq. 

Burada xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisnadır. Bildirilib ki, daşımaçılıqda problemlə üzləşən təşkilatlar Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

“Yeni Müsavat”a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki,  agentlik sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkilatlara müvafiq dəstək göstərilməsinə hazırdır: “Lakin daşımaları daxili imkanlar hesabına tənzimləyə bilməyən müəssisə və təşkilatlar ciddi zərurət olduğu halda Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməlidir. Yalnız Operativ Qərargahın müvafiq tapşırığı əsasında nəqliyyat xidmətlərinin göstərilməsi təmin olunacaq. Eyni zamanda bildiririk ki, nəqliyyat xidmətləri ilə bağlı müraciətlər əvvəlcədən planlı qaydada olmalıdır. Bu nəqliyyat vasitələrinin, sürücü və digər texniki heyətin hazırlanması baxımından vacibdir. Həmçinin qeyd edirik ki, sərt karantin rejimi tətbiq olunması ilə əlaqədar 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm və ekspress xətlər üzrə sərnişindaşımaları tam dayandırılacaq. 5 iyun 2020-ci il tarixində isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə olduğu kimi fəaliyyət göstərəcək. Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən 7 sayda ekspress xətlər 2 ay müddətində fəaliyyət göstərib. Bu müddətdə ekspress xətlər üzrə ümumilikdə 1 milyon 500 minə yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm ekspress xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb. İcra olunan daşımalar zamanı avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi və digər xoşagəlməz hal yaşanmayıb. Bu işdə əməyi keçən hər kəsə, o cümlədən də daşıyıcılara və sürücülərə təşəkkür edirik”.

 

Mais Ağayev bildirib ki, son günlər paytaxt yollarında hərəkət intensivliyinin yüksəlməsi müşahidə olunub: “Həftə içində olan fəaliyyətə gəlincə isə qeyd edək ki, xüsusən də səhər və axşam pik saatlarında yenidən metro stansiyalarının, ticarət mərkəzlərinin qarşısında sıxlıqlar yaranır. Bunun qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən qeyd edilən ərazilərdə nəzarət tədbirləri gücləndirilib. Ümumi hərəkətə mane yaradan hallar aradan qaldırılır”.

Maskadan istifadə etməyənlərə, dövlətin həyata keçirdiyi profilaktik və sanitar maarifləndirmə tədbirlərinə baxmayaraq qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda infeksiyanın yayılmasına şərait yaradan hallara yol verildiyi müşahidə olunur. Dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində gözləyərkən və avtobuslarda səyahət edərkən tibbi maskadan istifadə olunmur. Bu kimi sosial məsuliyyətdən kənar davranışlar sərnişindaşımaların təşkili baxımından olduqca təhlükəlidir. Mövcud vəziyyət sürücülər və dispetçerlər arasında yoluxma riskini ciddi şəkildə artırır ki, bu da nəticə etibarı ilə marşrut xətlərinin fəaliyyətinin dayanmasını qaçılmaz edir. Bu cür xoşagəlməz halların yolverilməzliyini qeyd edərək bir daha sərnişinləri anlayışlı və sosial məsuliyyətli olmağa dəvət edirik. Bildiririk ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə birmənalı riayət olunmalıdır”.

Mais Ağayev onu da bildirib ki, həftə sonları avtobuslar dezinfeksiya edilib, birinci gün üçün hazırlanacaq: “Lakin onu da bildirim ki, həftə içi günlərdə də avtobuslar dezinfeksiya edilir. Bu proses hər gün tərəfimizdən təkrarlanır və xüsusi nəzarət altındadır”.