| Xəbər 961 dəfə oxunub
Ledbiter opossumu adından məhkəməyə müraciət edən avstraliyalı könüllülər işi udublar

Avstraliyanın Viktoriya ştatının könüllüləri Ledbiter opossumu adından məhkəməyə müraciət edərək işi udublar.

AZƏRTAC “The Conversation” elektron nəşrinə istinadla xəbər verir ki, avstraliyalı fəallar hələ 2017-ci ildə opossumun adından məhkəməyə müraciət ediblər. Yalnız üç ildən sonra mübahisə könüllülərin qələbəsi ilə başa çatıb.

Məhkəmədə cavabdeh qismində “VicForests” ağac emalı sənayesi şirkəti çıxış edib. Könüllülərin rəyinə görə, bu şirkət Ledbiter opossumunun yaşadığı mühiti məhv edib. Bildirilir ki, Viktoriya ştatında yaşayan bu kisəli heyvan növü kökü kəsilmək təhlükəsi ilə üz-üzədir. Hazırda regionda cəmi 1200 opossum yaşayır.

Məhkəmənin qərarına əsasən, şirkət ağac emalı üzrə kodeksin bir neçə bəndinə əməl etməyib. Xüsusən də meşə heyvanlarının həyat şəraitinin qorunması üçün heç bir plan hazırlamayıb.

Könüllülər əmindirlər ki, məhkəmənin bu qərarı presedentə çevriləcək və yerli hakimiyyət orqanlarına ağac emalı sənayesinə fərqli mövqedən yanaşmaq imkanı yaradacaq.