| Xəbər 1015 dəfə oxunub
OPEK+ ölkələri anlaşmaq üzrədir: ABŞ prosesə zərbə vuracaqmı?

Neft hasil edən ölkələrin birliyi olan OPEK və onun müttəfiqləri bazarda stabilliyin təmin olunması üçün istehsalın azaldılması üzrə mövcud kvotanın davam etdirilməsi istiqamətində konsensus əldə etməyə çox yaxındırlar.

“Bloomberg” agentliyinin yaydığı məlumata görə, son günlər mövcud hasilat kvotasının saxlanması ilə bağlı tərəflər arasında danışıqlar 3 gündür ki, çox gərgin atmosferdə aparılır. Müzakirələrdə həmçinin növbəti görüşün keçirilməsi məsələsinə də toxunulub.

Müzakirələrdə iştirak edən şəxslərin agentliyə verdiyi məlumata görə, Rusiya və OPEK+ sazişində iştirak edən daha bir neçə ölkə mövcud hasilat kvotasının daha 1 ay ərzində saxlanmasını təklif edirlər. Lakin OPEK-in aparıcı üzvü olan Səudiyyə Ərəbistanı isə ilin sonunadək hasilatın indiki həcmlərdə saxlanmasının tərəfdarıdır.

OPEK+ çərçivəsində aparılan müzakirələrin nəticəsi olaraq neft bazarında qiymət 40 dollardan yuxarı qalxıb. Londonun ICE birjasında Brent markalı neft hazırda 40.10 dollara, Nyu-Yorkun NYMEX elektron birjasında WTI nefti isə 37.45 dollara satılır. Azərbaycan neftinin qiyməti də dünəndən 40 dolların üzərindədir.

Neft bazarına müsbət impuls verən daha bir amil dünyada koronavirus pandemiyasının yaratdığı böhrandan çıxış prosesinin sürətlənməsidir. Lakin virus infeksiyasının ikinci dalğasının yaşanma ehtimalı bərpa prosesinə hələ də ciddi təhdid yaratmaqdadır. Digər tərəfdən, 40 dollardan aşağı qiymət OPEK+ ölkələrinin əksəriyyəti üçün dövlət xərclərini qarşılamaq baxımından əlverişli diapazon deyil.

Neftin qiymətinin 40 dollardan yuxarı qalxması OPEK+ sazişinin aparıcı tərəfləri olan Rusiya və Səudiyyə Ərəbistanına daha bir problem yaradır: ABŞ-ın şist neft hasilatçıları hasilatı artırmaq istiqamətində fəaliyyətlərə başlayıblar, artıq bağlanan quyuların bir neçəsinin yenidən işə salındığına dair məlumatlar yayılır.

Məsələn, Texas hövzəsində şist neft hasilatı ilə məşğul olan “Parsley Energy Inc.” bəyan edib ki, iyunun əvvəlindən bəri azaltdığı təxminən gündəlik 26 min barellik istehsalı yenidən bərpa edir. Bakken hövzəsi istehsalçıları isə artıq gündəlik hasilatı 35 min barel artırıblar.

OPEK+ ölkələri iyunun 9-10-na nəzərdə tutulan görüşün ayın 4-nə keçirilməsi barədə hələ də tam konsensus əldə edə bilməyiblər.

Bundan əlavə, aprelin 12-də imzalanmış sazişə əməl olunma səviyyəsi də ölkələr arasında ciddi müzakirə olunmaqdadır. Müzakirələrdə iştirak edən mənbənin dediyinə görə, Səudiyyə Ərəbistanı ölkələrin may ayındakı hasilat göstəricilərini açıqlamalarını tələb edir.

Əvvəllər öhdəliklərin icrasında qeyri-dəqiq olan Rusiya bu dəfə tam əməl edib və bu ölkə də məlumatların açıqlanmasında maraqlıdır. Əvvəllər də öhdəliklərinə tam əməl etməyən İraq və Nigeriyanın mayda aylıq azaltma planının yarısından azına nail olduqları deyilir.

İraqın maliyyə naziri Əli Ələvi “Twitter”də bəyan edib ki, ölkə bəzi texniki problemlərlə üzləşib: “Baxmayaraq ki, İraqın çox ciddi maliyyə çətinlikləri var, biz texniki problemləri həll edirik və bu, bizə hasilatı daha çox həcmdə azaltmağa imkan verəcək”.

Nigeriyanın naziri Timipre Silva təxminən eyni məzmunlu açıqlamanı “Instagram” səhifəsində paylaşıb. Etiraf edib ki, Nigeriya may ayı üzrə hasilatı azaltmaq kvotasının yarısından azına əməl edib. Nazir vəd edib ki, iyunun sonuna kvotaya tam əməl olunacaq.