|
Bakıda mühafizəçinin dəhşətli qətlinin təfərrüatı

İyunun 1-nə keçən gecə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində mağaza mühafizəçisinin qətlinin təfərrüatı məlum olub.

Bu barədə Oxu.az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, cinayətkarlar gözətçinin əl-ayaqlarını, ağzını və burnunu yapışqan lentlə bağlayıblar. H.Əhmədovun bədəninə xəsarət yetirilsə də, o, boğulmadan ölüb. Qeyd edilir ki, içində pul olan seyf açarla açılıb.

İlkin ehtimala görə, qətldə və soyğunda əli olan şəxslər seyfdə külli miqdarda pul olduğunu biliblər.

Daha əvvəl xəbər verildiyi kimi, dünən saat 05:45 radələrində Məşədi Adil küçəsində yerləşən “İl” marketdə mühafizəçi işləyən 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun cəsədi tapılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən naməlum şəxslərin mağazanın seyfindən 40498 manat oğurladıqları məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3 (quldurluq; zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hələlik şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilməsə də, bu istiqamətdə işlər davam etdirilir.