|
Flora Kərimova: “26 il susub, sonra cürətli görünmək istəyən fürsətgir insanlar...”

“Əbülfəs Qarayev barədə mən nə və nə zaman mənfi müsahibə vermişəm? Elə bir yazım varsa (qətiyyən mümkünsüzdür), heç olmasa birini göstərin. 26 il nazir kürsüsündə əyləşmiş "dostunuza", sizin sözünüzlə desəm, "Əbülfəs Qarayevin ən böyük düşməni Flora özü olub” fikrini indi deməkdənsə, o vaxt səhvimi üzümə vurmaqla məni utandıra bilərdiz!”

Musavat.com bildirir ki, bu sözləri Xalq artisti Flora Kərimova öz “İnstagram”səhifəsində kinorejissor Şeyx Əbdülə cavab olaraq yazıb. Flora Kərimova sabiq nazirlə heç vaxt dost olmadığını vurğulayıb:
“O zaman “dostunuzu” niyə müdafiə etmədiz? Əbülfəs Qarayevlə mən heç vaxt dost olmamışam. Aramızda pərdə olub. Nadir hallarda görüşəndə nəzakətlə bir birimizə salam vermişik. Mənim onunla münasibətim bununla kifayətlənib... Burada da məni faktlarla ittiham etməyə cürətiniz çatmadı!

Tutaq ki, lap dostunuzdur. Son hadisələrdə niyə onun müdafiəsinə qalxmadız? Amma mən qadınlığımla (nə suyum ondan gəlir, nə çörəyim) bütün gedişatı öncədən bilə-bilə, hər şeyi gözə alaraq onun linç olunmasının əleyhinə olduğumu dəfələrlə bildirdim. Siz isə məhkəmənin nəticəsini gözləmədən -"Mədəniyyət Nazirliyində baş verənlər bizim üçün utanc gətirən bir şey oldu..." deyib, bununla kifayətlənərək, dolayısı ilə "dostunuz" naziri və bütövlükdə nazirliyi ittiham etmədinizmi?”

Flora Kərimova kinorejissorun onun barəsində səsləndirdiyi ifadələrə də sərt cavab verib:
“Sizin mənə söz çəkisini anlamadan “sürüşkən və təhlükəli”, "savadı yoxdur", “intellekti yüksək deyil”, “qalmaqallı illəri üçün darıxıb”, "əlimdən öpür", "dövlətin düşməni olub" və s. dediyiniz fikirləri yerinizə başqa biri desəydi, əmin olun ki, mənim ona olan cəza nəticələrimi qaldıra bilməzdi! Qurban olsun sizin ağ saçlarınıza! “Cinsiyyəti bəlli olmayan, tullantılarına, küçə uşaqlarına desin” - deyəndə kimi nəzərdə tutursuz? Sizin yazınıza birmənalı münasibət bildirən milləti? Ayıb deyilmi? Siz, deyəsən, məni həqiqətən kimləsə qarışdırırsız! Bir vaxt məni barışdırmaq istəyib, barışdırmaq üçün də məndən yox, ondan icazə almaq istədiyiniz kəs deyiləm ki, çevrəmdə 40 yaltaq və sülək gəzdirim. Hər dəfəsində məni təəccübləndirirsiz.
Təkrar edirəm, nə nazir, nə nazirin rüşvət üstündə tutulan müavini, nə də verdikləri adların söhbəti gedir. Söhbət 26 il susub, illər sonra cürətli görünmək istəyib cılız olan fürsətgir insanlar və insanlıqdan gedir. Nə isə... keçmiş olsun! Ümid edirəm ki, məni yaxşı başa düşdünüz!”.

Xatırladaq ki, bir müddət öncə Xalq artisti Flora Kərimova rejissor Şeyx Əbdülün fəxri ad alanlar barədə "Rüşvət alıb ad veriblər" sözlərini işlətdiyini iddia etmiş və öz "İnstagram" səhifəsində onu sərt şəkildə tənqid etmişdi. Şeyx Əbdül isə cavabında o cür fikirlər səsləndirmədiyini, Flora Kərimovanın iddialarının əsassız olduğunu, bütün bunlardan təəssüfləndiyini bildirib. Daha sonra xalq artistləri arasında söz davası böyüməyə başlayıb.