| Xəbər 7434 dəfə oxunub
Daxili orqanında narkotik gətirən şəxsə 7 il cəza

Daxili orqanında Azərbaycana narkotik vasitə keçirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Onunla birlikdə bir nəfər də həbs edilib.

Musavat.com xəbər verir ki, İlham Şahverdiyev və Şahin Qafarov Cinayət Məcəlləsinin qaçaqmalçılıq və külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıblar.

Hər biri 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə onlar şəxsiyyəti məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitə əldə edərək Azərbaycana keçirməyi planlaşdırıblar.

Onlar narkotik vasitəni İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən gizli yolla keçiriblər.

İlham Şahverdiyev ümumi çəkisi 79 qram olan iki bükülünü düz bağırsağına yerləşdirib. Şahin Qafarovun müşayiəti altında İrandan Azərbaycana gəliblər.

Onlar Astara gömrük postundan gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmək istəyən zaman saxlanılıblar.

Ş.Qafarov özünü təqsirli bilməyərək bəraət istəyib.

Deyib ki, İrana getməsinin məqsədi həkim müayinəsindən keçmək olub. Onun sözlərinə görə, İlham Şahverdiyevin kimdən, hansı məbləğ qarşılığında narkotik vasitə almasından və üzərində saxlayaraq daşımasından məlumatı olmayıb.

Ş.Qafarov özünü təqsirli bilmir, amma istintaqda fərqli ifadə verib.

Belə ki, məhkum edilmiş şəxs Qafarov Şahin Şaban oğlu məhkəməyədək icraat zamanı heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmə hər iki şəxsin etirafedici ifadələrini nəzərə alaraq onlar barəsində hökm çıxarıb.

Hökmdən narazı qalan Ş.Qafarov apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi eyni əsaslarla şikayəti təmin etməyib.