| Xəbər 7234 dəfə oxunub
Rusiya şirkətləri və büdcəsi ucuz neftdən on milyardlarla dollar itirəcək

Neftə tələbatın, ardınca isə qiymətlərin kəskin azalması Rusiyanın hasilat şirkətləri və dövlət büdcəsini böyük itkilərə məruz qoyacaq. “Argus” agentliyinin hesablamalarına görə, 2020-ci ildə şirkətlərin neft ixracından xalis gəliri 37 faiz – 1 barel üçün 15 dollardan 9 dollara qədər azalacaq.

Agentlik bildirir ki, aprel ayında neftə olan gündəlik tələbat 18 milyon barel azalıb, 2020-ci il üzrə orta azalma 7 milyon barel təşkil edəcək.

Əgər 2019-cu ildə - Urals nefti 63 dollar olanda Rusiya şirkətləri vergi və nəqliyyat xərcləri çıxılandan sonra hər bareldən 16 dollar gəlir əldə edirdilərsə, aprel ayında bu gəlir 3 dollar zərərlə əvəz olunub. Əməliyyat xərclərini də əlavə etdikdə zərər 6-8 dollara çatır. Qiymət azalması və hasilatın ixtisarı şirkətlərin 18-20 milyard dollar zərərlə üzləşməsinə səbəb ola bilər.

Şirkətlərlə yanaşı, Rusiya dövlət büdcəsi də nəhəng itkiyə məruz qalacaq. “Argus Media”nın hesablamalarına görə, bu il ərzində büdcə 50 milyard dollar gəlirindən məhrum olacaq: “Bu itkinin cüzi bir hissəsi devalvasiya sayəsində bərpa olunacaq. Rublla ifadədə itkilərin həcmi 1,8-3,3 trilyon rubla çata bilər”.