| Xəbər 1115 dəfə oxunub
Azərbaycanda yoluxma artır:

Ekspertlər hesab edirlər ki, insanların bu cür laqeyd yanaşmaları nəticəsində koronavirusa yoluxma halları daha da, ölüm halları da artacaq

Azərbaycanda koronavirus pandemiyasına yoluxma halları aprel ayı ilə müqayisədə artıb. Hər gün açıqlanan statistikadan belə görünür ki, artıq yoluxma ilə bərabər ölümlər də baş verir. Mayın 20-də açıqlanan statistikaya görə Azərbaycanda 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Qeyd edilən gün 2 nəfər bu virusdan dünyasını dəyişib.

Hazırkı dövrədək ölkəmizdə 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245.609 test aparılıb.

Say artır, məsuliyyət isə azalır. Nə metro istisna olmaqla Azərbaycanda heç bir yerdə insanların hamısının ağzında maska görmək mümkün deyil. Hətta metroda da girişdəki polisin yanında maskanı taxıb, sonra çıxaranlar az deyil.  Avtobuslarda isə on nəfərdən 9-nun maskası olmur. Bazar və mağazalarda maska taxana rast gəlmək müşkül məsələdir. Bankların qarşısındakı növbələr hələ də bitməyib. Orada da insanlar maska taxmayıb, bir-biriləri ilə söhbət edir, hətta hər gün növbədə qalmaqdan mehribanlaşıb, ayrılanda da qucaqlaşaraq sağollaşırlar. Bütün bunları çölə çıxarsaq hər birimiz görə bilərik.

Bəs proses  hara aparır?

Həkimlər bildirirlər ki, gedişat heç də yaxşı nəticəyə aparmır. Lakin bununla belə insanların evdə qalmasını da tibb adamları labüd bilmirlər. Hesab edilir ki, evdə qalan insanların immuniteti zəifləyir və bu, daha acınacaqlı durumlara gətirə bilər.

“Yeni Müsavat”a açıqlamasında professor Adil Qeybulla proqnoz verib ki, bu gedişlə Azərbaycanda 500-600 yoluxma görə bilərik. Professor hesab edir ki, indiki halda Azərbaycan vətəndaşlarının etməli olduqları karantin qaydalarına riayətdir. Yəni onlar çöldə maska taxmalı, bir-biriləri ilə sosial məsafəni  gözləməlidirlər.

Bəzi inkişaf etmiş ölkələrdə maska taxmayana cərimə tətbiq edildiyindən (məsələn Almaniya) orada insanlar maskasız çölə çıxmırlar. Statistika göstərir ki, həmin ölkələrdə yoluxma sayı da artan xəttə keçmir. Məsələn, Almaniyada hər gün eyni bir-birinə yaxın rəqəmlər açıqlanır. Bu, bir ay əvvəl də belə idi.

Azərbaycanda maskanın məcburi olduğu metroda belə yuxarıda qeyd etdiyimiz kimi hər kəs qaydaya əməl etmir. Maska taxmamağa görə cərimə məsələsi Azərbaycan ictimaiyyətində də müzakirə edilib. Lakin müvafiq dövlət qurumlarının nümayəndələri jurnalistlərə açıqlamalarında bildiriblər ki, maska taxmaq tövsiyə edilir, lakin cərimə tətbiqi nəzərə tutulmayıb.

Qripə yoluxmamaq üçün nə etməli - AZƏRTAC Video – Azərbaycan ...

Ölkənin baş infeksionisti Cəlal İsayev də “Yeni Müsavat”a açıqlamasında indiki dönəmdə insanların maskadan istifadə etmələrinin zəruri olduğunu bildirib. Cəlal İsayev söyləyib ki,  xəstələnən insanlar həkimə gec müraciət edirlər. Nəticədə həmin adamlar həkimə gələnə qədər bir neçə nəfəri yoluxdururlar: “Xəstəliyi yüngül keçirən insanlar var ki, onlarda müəyyən simptomların olması mümkündür. Həmin insanlar xəstəliyin hansısa əlamətini özündə hiss etməsə də, virus ifraz etməkdə davam edirlər. Bu baxımdan, hər bir insan təhlükəlidir. Buna görə də maska taxmaq məcburi olmalıdır”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında iştirak edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, aparılan işlərə baxmayaraq, vətəndaşlar tibbi maskadan istifadə etməsələr, sosial məsafəni saxlamasalar, koronavirusa yoluxmada ikinci dalğadan özümüzü qoruya bilməyəcəyik: “İctimai nəqliyyatda bir şəkil çəkilib. Bakıda avtobusda çəkilən şəkildə bir nəfər belə maska taxmayıb. Bakı sakinlərinə müraciət edirəm ki, qaydalara riayət edək”.

Bir çox həkimlər isə hesab edirlər ki, artıq ikinci dalğa başlayıb...

Azərbaycan dünyada koronavirusa yoluxma sayına görə 69-cu yerdədir. Azərbaycandan bir pillə yuxarıda Macarıstan  bir pillə aşağıda isə Sudandır.

Qərargah: Azərbaycanda koronavirusa 24 yeni yoluxma faktı qeydə ...

Biz bu materialı hazırlayan zaman dünyada 5 milyon 100 min 912 min koronavirusa yoluxan, 329 min 896 nəfər bu virusdan ölən var. Lakin sağalanların da sayı az deyil. Belə ki, artıq dünyada koronavirusdan müalicə alaraq sağalanların sayı 2 milyonu keçib (hazırkı saatda 2 milyon 33 min 488 nəfər). Koronavirusdan bu gün 2 milyon 737 min 528 nəfər müalicə alır. Onlardan 45 min 796 nəfərinin vəziyyəti ağırdır.

Saytlarda xəbərlərin oxunma sayına nəzər yetirdikdə görmək olur ki, artıq koronavirusa yoluxma ilə bağlı xəbərləri çox az adam oxuyur. Halbuki, bir ay öncə bu kimi xəbərlər oxunma sayına görə ilk beşlikdə yer alırdı. Dünyada ekspertlər bildirirlər ki, artıq həm dövlətlər, həm də insanlar koronavirus söhbətlərindən, qadağalarından beziblər. Dövlətlər açıq şəkildə bildirirlər ki, karantin rejimini çox saxlaya bilməzlər. Bunun nəticəsidir ki, əksər ölkələr karantin rejimini bu və ya digər şəkildə yumşaldıb. Lakin dünyada araşdırma aparan mütəxəssislər bildirirlər ki, reklamı güclü olan bu virusun fəsadlarını hələ bir müddət sonra hiss edəcəyik. Məsələ ilə bağlı “BBC Azərbaycan”da  verilən bir materialda qeyd edilib ki, koronavirus 60 milyon insanı “həddindən artıq yoxsulluğa” salacaq. Bu bardədə Dünya Bankının prezidenti  David Malpass xəbərdarlıq edib.

O, bankın bu il qlobal miqyasda iqtisadi böyümənin 5 faiz azalacağını gözlədiyini bildirib. Bu, artıq milyonlarla insanın iş yerlərini və biznesini itirməsinə və daha yoxsul ölkələrin də bunu hiss etməsinə səbəb olub.

Nazirlər Kabienti: “Koronavirusla bağlı tendensiya belə davam ...

“Dünyadakı milyonlarla dolanışıq məhv edilib və səhiyyə sistemləri gərgin vəziyyətə düşüb,” - David Malpass deyib. Koronavirusa qarşı peyvənd nə zaman hazır olacaq? “Məqsədimiz gələn ilin əvvəlində geniş istifadəyə verilə biləcək peyvəndi yaratmaqdır. Ancaq biz və peyvənd üzərində təcrübə aparan digərləri məlumatlar əldə etməyə başlayır və bu məlumatlar peyvəndin xeyirli və güvənli olduğunu sübut edərsə, peyvəndin yüksək risk qrupunda olanlara daha tez vurula biləcəyi mümkündür. Buna ”xüsusi vəziyyətlərdə istifadə icazəsi" deyilir. Buna isə səlahiyyətli qurumlar, xüsusilə Amerika Qida və Dərman Administrasiyası qərar verəcək".