| Xəbər 1776 dəfə oxunub
Sabirabadda qadını öldürmək istəyən şəxs tutulub

Sabirabad rayon prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qəsdən adam öldürməyə cəhd cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs tutulub.

Sabirabad rayon Prokurorluğundan Musavat.com-a verilən xəbərə görə, mayın 19-da Sabirabad şəhərinin H.Əliyev prospektində yerləşən ərzaq mağazasında satıcı işləyən Saatlı rayon sakini Aygül Şərbətovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.

İlkin araşdırmalarla Saatlı rayonu, Novruzlu kənd sakini Fəxrəddin Əhmədovun tanışı A.Şərbətovanı qısqanclıq zəminində öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Artıq iş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

F.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf etib və səmimi peşman olmasını bildirib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.