| Xəbər 904 dəfə oxunub
İlham Şaban: “OPEK-də də hesab edirlər ki, artıq ən pis dövr arxada qalıb”

Dünya neft bazarında ötən həftənin sonlarından başlayan canlanma dünəndən daha da sürətlənib. Belə ki, dünən Bakı vaxtı ilə günorta saatlarında Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 5,14 faiz artaraq 34,17 dollar olub. Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti isə 6,93 faiz artaraq 31,47 dollar təşkil edib.

Mayın 15-də və 18-də neft bazarı ilə sıx bağlı olan bir neçə mühüm məlumat açıqlanıb. Bunlardan birini “Baker Hughes” sənaye xidmətləri şirkəti yayıb. Həmin məlumata görə,  ötən həftə ərzində ABŞ ərazisindəki neft qazma qurğularının sayı 35 ədəd azalaraq 339-a düşüb. Bu, müvafiq müşahidələrin başladığı 1944-cü ildən bəri ən aşağı göstəricidir. Bunlar arasında fəaliyyət göstərən neft qazma qurğuları 258 ədəd olub ki, bu da 2009-cu ilin iyul ayından sonrakı dövr üçün ən aşağı rəqəmdir. Ötən il isə ABŞ-da 987 neft və qaz qazma qurğusu, o cümlədən 802 neft qazma qurğusu vardı.

Neft bazarı üçün müsbət təsirli daha bir məlumat Səudiyyə Ərəbistanı və Küveytin neytral zonada yerləşən “Əl-Həfci” birgə neft yatağında hasilat işlərini dayandırmasıdır. “S&P Global Platts”ın yaydığı məlumata görə, yataqda hasilat iyunun 1-dən dayandırılacaq. Qeyd edək ki, 1922-ci ildə iki tərəfin razılığı ilə yaradılan bitərəf bölgədə “Əl-Həfci” dəniz və “Vəfrə” quru neft yataqları yerləşir. Neft paylarının bölüşüdürülməsi ilə bağlı yaranmış mübahisə nəticəsində 3 il ərzində dayandırılmış hasilat bu ilin fevral ayında yenidən başlamış, aprel ayında isə 260 min barelə çatdırılmışdı. Əldə olunan məhsul tərəflər arasında yarıbayarı bölüşdürülür.

Neft bazarı üçün mühüm əhəmiyyətli üçüncü xəbər İraqdan gəlib. Belə ki, İraq ölkənin cənub-şərqində yerləşən “Əl-Əhdəb” neft yatağında hasilatı dayandırmağı planlaşdırır. Buna yatağın yerləşdiyi Vasit əyalətində əhalinin qubernatorun istefası tələbi ilə keçirdiyi aksiyalar səbəb olur: etirazçılar işçilərin yatağa getməsinə imkan vermirlər. Bu xəbər indiyədək OPEK+ razılaşması çərçivəsində İraqın üzərinə götürdüyü hasilatı azaltma həcminə əməl edə bilməyəcəyinə dair şübhələri azaldır. Bağdad xarici neft şirkətləri ilə azaldılacaq hasilat həcmlərini razılaşdırmağa nail ola bilməyib. Aparıcı neft hasilatçılarından biri olan Nigeriya da eyni problemlə üzləşib. Bu iki ölkəyə görə dünya bazarına çıxarılacaq neft həcmlərini nəzərdə tutulan səviyyədə azaltmağın mümkün olmayacağı güman olunurdu. Lakin Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin hasilatı OPEK+ razılaşmasından əlavə həcmdə azaltmağa qərar verməsi bu təhlükəni aradan qaldırmış oldu.

Bu arada Qazaxıstan OPEK+ çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam əməl edəcəyini açıqlayıb. Ölkənin energetika nazirinin müavini Aset Maqayov bildirib ki, orta və iri yataqlar üzrə hasilat bütün şirkətlər üzrə 22 faiz olmaqla azaldılacaq: “Biz bu tədbirlər nəticəsində Qazaxıstanın OPEK+ razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam əməl edəcəyini gözləyirik”.

ABŞ-da hasilatın azalması nəticəsində OPEK+ çərçivəsində əldə olunan razılaşma ilə birlikdə gündəlik azalan hasilat 10 milyon bareli keçib. Bu isə bazara gələn təklifin 10 faiz azalması deməkdir.

Artıq Sinqapur və ABŞ sahillərində tələb olmayan neftin saxlandığı nəhəng tankerlərin sayı getdikcə azalır.

OPEK-in baş katibi Məhəmməd Burkindonun “Bloomberg Television”a bildirdiyinə görə, ilin ikinci yarısına doğru bazarda stabilləşmə daha da sürətlənəcək. Buna isə dünya iqtisadiyyatında başlayan bərpa prosesi imkan verəcək.

Avstraliya və Yeni Zelandiya bank qrupunun xammal bazarı üzrə analitiki Daniel Hayns hesab edir ki, böyük iqtisadiyyatlarda durğunluğu bərpa edəcək daha dəhşətli virus dalğası meydana çıxmasa, neftin qiymətinin 20 dollardan aşağı düşməsi gözlənilən deyil: “ABŞ istehsalçıları hasilatın ixtisarına çox kəskin reaksiya verdilər və bu, sistemdə yüklənməni azaltmağa imkan verdi”.

Qeyd edək ki, dünya neft bazarındakı qiymət şokundan daha çox zərər çəkdiyi hesab olunan Səudiyyə Ərəbistanı son aylarda həyata keçirdiyi yatırımlarla diqqəti cəlb edir. Belə ki, ölkə aktiv şəkildə Avropa və Kanadanın neft şirkətlərinin səhmlərini alır. Xarici mətbuatın yazdığına görə, Səudiyyə Ərəbistanı Suveren Fondu Norveçin “Equinor”, Böyük Britaniya-Niderlandın Royal Dutch Shell PLC, Fransanın “Total SA” və İtaliyanın “Eni” şirkətlərinin kəskin dəyərsizləşən səhmlərini almaq üçün 1 milyard dollardan yuxarı vəsait xərcləyib.

Bloomberg agentliyinin yazdığına görə, fond Kanadanın Canadian Natural Resources Ltd. Neft şirkərinin 2,6 faiz, Suncor Energy Inc. Şirkətinin isə 2 faiz səhminə sahiblənib. Hazırda ərəb fondu birinci şirkətin 8-ci, ikincinin isə 14-cü ən böyük səhmdarıdır.

Səudiyyə Ərəbistanının Suveren Fondu (Public Investment Fund, PIF) həmçinin ABŞ-ın koronavirus pandemiyasının yaratdığı qlobal böhran şəraitində böyük şirkətlərinin və banklarının ucuzlaşan səhmlərinə irihəcmli yatırımlar həyata keçirib.

Bloomberg agentliyinin ABŞ-ın Birja və Qiymətli Kağızlar Komissiyasının sənədlərinə istinadən yaydığı məlumata görə, fond aviasiya nəhəngi  “Boeing”ə 713,7 milyon dollar, “Citigroup” və “Facebook”un hərəsinə 522 milyon dollar, “Disney” və “Bank of America”nın hərəsinə isə 500 milyon dollar yatırıb. Bundan əlavə, Səudiyyə Fondu neft nəhəngi bp-nin səhmlərini əldə etməyə 827,7 milyon dollar, daha bir neçə şirkətin qiymətli kağızlarına isə 300 milyon dollar xərcləyib.

Bloombergin öz mənbələrinə istinadən yazdığına görə, hazırda PIF 10 milyard dollar kredit almaq üçün danışıqlar aparır. Bu vəsaitin də səhm bazarına yatırılması nəzərdə tutulur. Lakin fond bu məlumatı təkzib edərək, yatırımlar üçün öz vəsaitlərinin yetərincə olduğunu açıqlayıb.

Maraqlıdır ki, Səudiyyə Ərəbistanı bu alışları hasilatı kəskin azaltmaqla bərabər həyata keçirir. Belə ki, ölkə OPEK+ çərçivəsində üzərinə götürdüyü hasilatı gündəlik 2,5 milyon barel azaltmaq öhdəliyindən əlavə, 1 milyon barel də azalmaya gedəcəyini açıqlayıb. Bu isə dünya neft bazarındakı təklif artıqlığını aradan qaldırmaq istiqamətində mühüm addım hesab olunur. Krallığın neft bazarından artıq həcmləri yığmaqla yanaşı, iri şirkətlərin səhmlərinə böyük yatırımlar etməsi də neft bazarına əlavə impuls verən amillərdən biri hesab olunur. Bazar iştirakçılarında dünya iqtisadiyyatındakı bərpa prosesinin sürətlənəcəyinə inam artır və bu da neft qiymətlərinin artmasını şərtləndirir.

Hazırda neft bazarına mənfi təsir göstərəcək yeganə amil kimi koronavirus pandemiyasının yenidən kəskinləşməsi çıxış edə bilər. Bu xüsusda ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Ceremi Pauellin bazar günü açıqladığı gözləntilər diqqəti cəlb edir. Pauellin fikrincə, virusun dayandırılması istiqamətində cəhdlər uğursuzluğa düçar olub, pandemiya kəskinləşərsə, dünya iqtisadiyyatında canlanma dayana bilər. Bu isə ABŞ iqtisadiyyatının yalnız 2021-ci ilin sonuna bərpa olmasına gətirib çıxarar.

Nəyimiz varsa, neft müqavilələrinin hesabınadır"

Neft sahəsi üzrə mütəxəssis, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, dünya neft bazarında qiymətlər adətən alınan pozitiv və neqativ impulslara uyğun dəyişir: “Hazırda bazara müsbət təsir edən pozitiv impulslar güclüdür. Ötən həftənin cümə günü ”Baker Hughes" şirkəti ABŞ-da neft qazma qurğularının 1944-cü ildən bəri ən aşağı həddə düşdüyünü açıqladı. Bir həftədə 35 qurğunun fəaliyyəti dayandırılıb. Bu isə o deməkdir ki, ABŞ-da neft hasilatı daha da azalacaq. ABŞ Eneji Agentliyi hələ aprel ayında bildirmişdi ki, ölkədə gündəlik neft hasilatı 2-2,7 milyon barel azalacaq. Qazma qurğuların sayının azalması göstərir ki, bu məlumat realdır, həqiqətən də hasilat azalır. Digər tərəfdən, Səudiyyə Ərəbistanı ilə Küveyt neytral zonadakı yataqdakı hasilatı dayandırdıqlarını açıqladılar. Bütün bunlar yaxınmüddətli dövrdə dünya bazarındakı artıq neft həcmlərinin aradan qalxacağı deməkdir və bazar da buna uyğun qiymət tənzimləməsinə gedir".

Mütəxəssis bildirir ki, neft bazarında bundan sonrakı proseslərin istiqamətini müxtəlif amillər müəyyənləşdirəcək: “Bundan sonra əgər bazara çıxacaq xəbərlər neft hasilatının azalması ilə bağlı olacaqsa, bu, qiymətlərdəki artımın davam etməsinə gətirib çıxaracaq. Əgər əksinə, hansısa böyük istehsalçının hasilatı artırmasına dair xəbər çıxsa, təbii ki, qiymətlərə neqativ təsir göstərəcək. Bundan əlavə, dünyada koronavirus pandemiyasına görə tətbiq olunan hərəkət məhdudiyyətləri aradan qaldırılır. Hərəkətlilik olması isə o deməkdir ki, enerjiyə tələbat artacaq. Bu da neft bazarına müsbət təsir göstərən mühüm amillərdən biridir. Bu proses bazar iştirakçılarında neftə olan tələbatın artmasına inam yaradır və bu da təbii ki, qiymətlərdə əksini tapır”.

Bir çox mənbələr neftin qiymətinin yaxınmüddətli dövrdə 30 dollardan aşağı düşməyəcəyini bildirirlər. Hesab olunur ki, dünya iqtisadiyyatının canlanmağa başladığı bir şəraitdə neftə tələbatın azalması gözlənilmir: neft qiymətləri məhz pandemiya üzündən tələbin azalması nəticəsində rekord həddə qədər ucuzlaşmışdı. İ.Şaban da hesab edir ki, neft bazarı üçün ən kritik dönəm arxada qalıb: “OPEK-də də bu fikirdədilər ki, artıq ən pis dövr geridə qalıb. Bunun özü o deməkdir ki, bazarda yeni qiymət şokları gözlənilən deyil”.