| Xəbər 1153 dəfə oxunub
Avropa futbolu bərpa edir - bəs Azərbaycan?

Koronavirus səbəbindən təxirə salınan futbol çempionatları artıq start götürməyə başlayıb. Ötən həftə Almaniya Bundesliqasına start verildi. Hər kəsin maraqla gözlədiyi İspaniya La Liqası gələn ayın 12-də başlayacaq.

Ümumiyyətlə, 12-13 iyun tarixlərində hər kəsin maraqla gözlədiyi bir sıra ölkələr var ki, onlarda futbol yarışlarına başlama qərarı veriləcək. Bu dövlətlər sırasında İngiltərə, İtaliya, Türkiyə kimi adlar var. Avropada bəzi ölkələr də var ki, orada çempionatların başlama vaxtı qeyri-müəyyəndir. Azərbaycan bu sıradadır. Ölkəmizdə nə zaman Premyer Liqanın start götürəcəyi məlum deyil. Doğrudur, başlayan çempionatların azarkeşsiz keçirilməsi bu idman növünə marağı olanları məyus edir. Hətta bu formada başlamaqdansa, bir müddətlik çempionatların təxirə salınmasının tərəfdarı olanlar da az deyil. Amma istənilən halda Azərbaycanda futbol yarışlarında qeyri-müəyyənliyin olması müzakirələr sırasındadır. 

İdman yazarı Natiq Muxtarlı “Yeni Müsavat”a açıqlamasında ölkə çempionatının keçirilməməsinin heç bir əhəmiyyətinin olmadığını qeyd etdi: “Avropanın aparıcı ölkələrində futbol biznes növüdür. Deməli, futbol həm də iqtisadiyyatdır, gəlirdir. Özü də böyük məbləğdə gəlir. Ona görə də bu ölkələrdə futbol çempionatının davam etdirilməsində hər kəs maraqlıdır, klublar da, sponsorlar da, hökumət də, media da. Amma Azərbaycanda futbol biznes deyil. Onun heç bir gəliri yoxdur. Futbol dövlət üçün yükdür. Çünki bütün klublar, demək olar ki, dövlətdən maliyyələşir. Bu maliyyə karantin müddətində də kəsilməyib. Yəni futbolçular, klub rəhbərləri evdə otura-otura əvvəlki məvaciblərini alırlar. Belə olan təqdirdə, dövlət əlavə riskə girməyə lüzum görmür və düşünürəm ki, düz də edir. Dövlət deyir ki, futbol təsərrüfatına bütün vəsaiti verirəmsə və bu vəsait azalmayıbsa, onda koronavirusa görə əlavə risk almağa ehtiyac yoxdur. Yəni Azərbaycanın futbol çempionatı keçirilməsə, hər hansı klub qara qəpik də ziyan görmür. Nə bilet satışı, nə də teleyayımdan gələn gəlir var. Futbolçular da, məşqçilər də, klub rəhbərliyi də əvvəlki məvaciblərini alırlar. Bu, hamıya sərf edir. Futbolçulara da, klub rəhbərliyinə də. Dövlət də koronavirusa görə əlavə riskdən azad olur.

Xəzər Lənkəran"ı bitirən səbəb - Jurnalistlər danışdı » Fanat.az

Natiq Muxtarlı: “Azərbaycanda futbol biznes deyil”

Azarkeşlərə isə Azərbaycan çempionatı gərək deyil. Onsuz da Azərbaycan çempionatına heç kim baxmırdı. Almaniya, İspaniya çempionatlarının davam etdirilməsi azarkeşlər üçün yetərlidir. Karantin dövrü göstərdi ki, heç Azərbaycanda futbola bir o qədər də ehtiyac yoxdur. Burada yalnız medianın işi bir qədər problemli görünür. Çünki çempionat olmadıqca, mövzu qıtlığı yaşayırlar. Bilirsiniz, əslində mövzu qıtlığı olmamalıdır. Çünki futbol təsərrüfatımızda o qədər problemlər var ki, çempionat oyunlarından yazmağa gərək yoxdur. Amma idman mediası o problemlərdən yaza bilmədiyi üçün məcburdur ki, məsələn, ”Sumqayıt" məşqə çıxdı" tipli xəbərlər versin. “Sumqayıt” da məşqə çıxmayınca, mövzu qıtlığı yaranır. Düşünürəm ki, media bu problemi də həll edər. Bundan sonra Almaniya, İspaniya çempionatları haqda yazarlar. Oxucunu bu çempionatlarla bağlı xəbərlər daha çox cəlb edir. Ona görə də, idman yazarı kimi, məni Azərbaycan çempionatının başlamaması qətiyyən narahat etmir. Nə mövzu qıtlığı çəkirəm, nə də Azərbaycan futbolçu üçün darıxıram".

Nişan və toy mərasimlərinə futbol oyunlarından daha çox adam gəlir"

Kənan Məstəliyev: “Futbolumuzun həyəcanını yaşaya bilərdik”

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev çox darıxdıqlarını dilə gətirdi: “Bundesliqanın matçlarına baxıb həm böyük sevinc, həm də böyük təəssüf hissi keçiririk. Sevinc ona görə ki, nəhayət, həyat normala qayıdır və böyük futbolu izləyərək stressimizi azalda bilirik. Təəssüf isə ona görə ki, biz də məhz elə bugünlərdə öz çempionatımıza start verə, öz futbolumuzun həyəcanını yaşaya bilərdik. Hələ də anlamaqda çətinlik çəkirəm ki, niyə gündə hələ 100-dən çox adamın virusdan dünyasını dəyişdiyi İtaliya və İspaniyada komandalar artıq nəinki fərdi, hətta komanda məşqlərinə start veriblər, bizdə isə ümumiyyətlə meydançaya girmək qadağandır? İctimai nəqliyyatda olan sıxlıqla 500 avtobusun yerləşə biləcəyi futbol meydançasında sosial məsafə gözlənilməsi şərtilə kiçik qruplarla məşq arasındakı sıxlıq arasında dağlar qədər fərq var. Buna icazə verilməməsinə izah tapmaq mümkün deyil. Jurnalist olaraq böyük səbirsizliklə qadağanın götürülməsini və əvvəlki həyatımıza dönməyi gözləyirik. Bu müddətdə oxucuları arxiv materialları, keçmişin ulduzlarının müsahibələri, xatirələri və başqa bu kimi yazı və müsahibələrlə çox yorduq. Yeni, təzə və cari xəbərlər verməyin vaxtıdı. Əməkdaşlarımızla qadağa götürülən kimi ilk olaraq hansı işləri görəcəyimiz, hansı məlumatları verəcəyimiz üzrə azı bir həftəlik plan hazırlamışıq. Necə deyərlər, start xəttində dayanmışıq, başlamaq üçün yalnız Operativ Qərargahın qərarını gözləyirik”.