| Xəbər 1057 dəfə oxunub
Aqrar sektorda biçin həyəcanı

Bu il də texnika ilk növbədə kiçik taxıl sahələrini biçəcək

Kənd təsərrüfatında artıq biçin mövsümü başlayıb. Ənənəvi olaraq ilk növbədə ot biçini, ardınca isə taxıl biçini gəlir. Ot biçini ölkədə heyvandarlığın yem bazasının formalaşması baxımından taxıldan heç də az əhəmiyyət kəsb etmir. Lakin bu sahənin də çatışmazlıqları nəticədə özünü yemin az və baha olmasında göstərir.

Hazırda başlayan ot biçini ilə bağlı texnikanın vəziyyəti və taxıl biçininə hazırlıqla bağlı “Yeni Müsavat”a açıqlama verən kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli bildirdi ki, ot biçini başlayıb, artıq birinci biçin başa çatıb: “Hətta ötən ilin eyni dövrü ilə birinci biçin bir qədər gecikib. Ümumiyyətlə, biz bu il sahələrdə gecikmə hiss edirik. Xüsusilə də sahələrdə alağa qarşı mübarizə tədbirləri gecikib. Bu da son günlər intensiv yağışların yağmasının nəticəsi idi. Birinci ot biçini başa çatsa da, bu müddətdə yağıntıların olması məhsula da öz təsirini göstərib. Bir çox rayonlarda optimal temperatur olmadığına görə sahələrdə yağış ota ziyan vurub, kiplərdə müəyyən qaralmalar olub, itki baş verib. Builki qiymət ötənilki qiymətlə müqayisədə daha bahadır. Ötən il birinci biçində yonca kipinin qiyməti 1.60-1.80 arasında formalaşmışdı. İkinci biçində isə artıq qiymət bahalaşır. Builki ilk biçində təmiz yonca kipinin qiyməti 2.80 manatdan başlayıb. 1.30 manata da təklif var, ancaq bu yağışa düşən və qaralmış bağlamalardır, tərkibi də tam yonca deyil. Bu dövrdə yağıntının yaranması müəyyən yem bazası üçün risklər yaradır. Çünki biçindən sonra bizdə ot mexaniki olaraq qurudulur və bizdə bu sahədə texnologiya yoxdur. Bu isə hava şəraitindən asılıdır”.

Nicat Nəsirli: “Kəndli toxumu torpağa atanda, dövlət gəlib ...

Ekspertin sözlərinə görə, kənd təsərrüfatının digər sahələri ilə müqayisədə ot istehsalı bizdə ta qədimdən var, ənənələr var: “Rayon adamlarının hamısında bu sahədə vərdişlər var, texnoloji təminat da var. Rayonlarda özəl aqrolizinq servisləri var, şəxsi adamlar var. Kənd yerlərində ot biçmək özü bir biznes sahəsinə çevrilib.

Bizim yemçilik istiqaməti birtərəfli formalaşıb, bu da ciddi problemdir. Heyvan yemi deyəndə bizdə yalnız yonca başa düşülür. Ancaq dünyanın yem sektorunun tələbləri çox sürətlə dəyişir. Heyvandarlığın tələbləri dəyişir, iqlim amillərinin tələbi ilə heyvandarlıqda yarımqapalı rejimə keçilməlidir. Bu zaman yemçiliyin strukturunda da dəyişiklik olmalıdır, soya bitkisi əkilməlidir, xaşa bitkisi, digər kalorili bitkilər əkilməlidir. Bizdə isə yalnız yoncaya köklənmişik. Bunun səbəbi də yoncanın vaxtilə əkin dövriyyəsindən kənarda olan örüş-otlaq sahələrində becərilməsi oldu. Yonca mədəni bitki olduğuna görə suvarma istəyir, onun da təlbələri var. Ona görə də yoncaya görə hər hektara düşən məhsuldarlıq göstəricisi çox aşağıdır. Burada suvarma məsələsi var, torpağın düzgün seçilməməsi məsələsi var".

N.Nəsirli onu da vurğuladı ki, Azərbaycanda heyvandan alınan ət və süd məhsulunun dünya standartından dəfələrlə aşağı olmasının səbəbi yem bazasının aşağı səviyyədə olmasıdır: “Digər tərəfdən, mədəni bitki kimi yonca istehsal olunsa da, qeyri-yonca sahələri də biçilir, bağlanır və yonca adı ilə satılır. Dünyanın hər yerində otu kiloqramla satırlar, yalnlz bizdə kiplə satırlar. Onu bağlayan texnikanın da standartı yoxdur, sürücünün əlindədir. Bəzən 25, 27 kiloqramlıq kiplər bağlayırlar, halbuki standart 30 kiloqram olmalıdır. Burada bir fırıldaqçılıq var. Fermer onu alıb taya vurur, qışda isə açıq baxır ki, bir kipin 20 kiloqramı yonca, qalanı isə qarışıq otlardır. Bu da son nəticədə heyvandan əldə edilən ətin, südün keyfiyyətində, çəkisində özünü göstərir. Dünyada bir heyvandan illik 8-10 ton süd alırlar, bizdə ən yaxşı halda 1,5 ton olur. Bunun da kökündə yem  məsələsi dayanır. Yonca və çöl otunun protein dəyəri, enerji dəyəri eyni deyil”.

Taxıl biçini ilə bağlı hazırlıqlara gəlincə, ekspert diqqətə çatdırdı ki, bu il də texnika ilk növbədə kiçik taxıl sahələrini biçəcək: “Aqrar sektorda taxıl biçini ilə bağlı da hazırlıq gedir. Ötən il Kənd Təsərrüfatı Nazirliyi belə bir qayda qoymuşdu ki, öncə kiçik təsərrüfatlar biçilsin. İri təsərrüfatların sayı isə çox azdır. Ötən il demək olar ki, texnika ilə bağlı problem yaşanmadı. Nazirlik 5-10 min hektarlıq sahələrdə taxıl əkənlərə tapşırdı ki, özünüzə texnika alın və xırda fermerlərin texnikasına əl uzatmayın. Bu strategiya öz nəticəsini verdi. Biçin hətta 25 gün tez başa çatdı. Burada texnika sayının yetərli olması mühüm rol oynadı. Bu il də qayda belədir ki, ilk növbədə 50 hektardan az əkin sahəsi olan fermerlərin taxılı biçiləcək. İri fermerlər isə özləri texnika alıblar. Nazirlikdə olan 4000-ə yaxın kombaynın dislokasiyası müəyyənləşib, 40-a yaxın taxılçılıqla məşğul olan rayon var ki, oraya göndəriləcək. Aran rayonları tez yekunlaşacaq.  Dağlıq və dağətəyi rayonlarda biçin iyulun əvvəlinə çəkəcək. Bu il qış mövsümü yetərincə əlverişli keçib. Taxılçılıqda dəmyə ərazilərdə yüksək məhsuldarlıq gözlənilmir, ancaq suvarılan ərazilərdə ötənilki qədər məhsuldarlıq olacaq. Respublika üzrə taxılçılıqda məhsuldarlıq səviyyəsi hər hektardan 32-35 sentnerdir. Ancaq dünya üzrə bu göstərici  70-80 sentnerdir. Son illər aqrotexniki parkların yaradılması və orada suvarma sisteminin, qulluğun vaxtında göstərilməsi ilə məhsuldarlıq 50-60 sentnerə çatıb. Taxılçılıq bu şəkildə strateji hədəflərə çata bilməz. Burada innovasiyalar tətbiq olunmalıdır, suya qənaət edən texnologiyalar gəlməlidir. Burada getdikcə risklər artır. Burada taxılçılıqla məşğul olan fermerlərin korporasiyalarda birləşməsinin vaxtı çoxdan keçib. Belə olmasa, bizim 5-10 hektarda əkin aparan fermerlərimiz heç vaxt məhsuldarlıqda 50-60 sentnerə çıxa bilməyəcəklər.

Burada güzəştli kredit, 100-dən çox texnikaya dövlət tərəfindən 40 faiz güzəştin təmin olunması, subsidiya məsələsində xüsusi əmsalların olması kimi məsələlər də var. Bundan istifadə edərək ya xırda təsərrüfatlarımız iri təsərrüfat formasına keçməlidirlər, ya da profillərini dəyişməlidirlər".