| Xəbər 2843 dəfə oxunub
İnvestorlar ABŞ istiqrazlarını kütləvi şəkildə satırlar

Koronavirus pandemiyasının yaratdığı qlobal böhran ABŞ-ın dövlət qiymətli kağızlarının kütləvi satışına səbəb olub. Ölkənin Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, təkcə mart ayında investorlar tərəfindən 256 milyard dollar həcmində ABŞ dövlət istiqrazları satılıb. Bu addımı atanlar arasında həm dövlətlər, həm də şəxsi investorlar var.

Qeyd edək ki, bu, indiyədək baş verməyən haldır. Bir qayda olaraq qlobal böhranlar şəraitində ABŞ dövlət istiqrazlarına tələbat artırdı. İndi isə əksinə proses baş verir. Dövlət borcu ilə bağlı yaranmış problemi aradan qaldırmaq üçün ABŞ Federal Ehtiyatlar Sistemi (FED) istiqrazların kütləvi alışını həyata keçirməli olub.

Maliyyə Nazirliyinin məlumatına görə, mart ayında Səudiyyə Ərəbistanı 25,3 milyard dollarlıq, Braziliya 21,5 milyard dollarlıq, Hindistan isə 21 milyard dollarlıq ABŞ istiqrazı satıb. Rusiya isə 10 milyard dollardan yuxarı ABŞ qiymətli kağızını bazara çıxarıb.

İri alıcılardan yalnız Yaponiya, İsveçrə, Fransa, Filippin və Avstraliya ABŞ dövlət istiqrazlarına yatırımları artırıb. Bu kağızların ən böyük alıcısı olan Çin həcmi cüzi azaldıb.