| Xəbər 3502 dəfə oxunub
Atəşkəsin ömrümüzdən kəsdiyi 26 il - ekspertlər danışır

Fəhmin Hacıyev: “Belə bir vəziyyətdə atəşkəsin imzalanması günün reallığı idi”

Azərbaycanla Ermənistan arasında, tərəflər arasında atəşkəsin əldə edilməsini nəzərdə tutan “Bişkek protokolu”nun 26 “yaşı” tamam oldu. 1994-cü ilin 8 mayında imzalanan, mayın 12-də qüvvəyə minən həmin sənədə əsasən, cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.

Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev atəşkəsin müsbət-mənfi cəhətlərindən “Yeni Müsavat”a danışarkən əvvəlcə atəşkəsə gedən yolu nəzərdən keçirməyi zəruri saydı: “Azərbaycan ordusu 1992-ci ilin iyunundan başlayaraq, uğurlu əməliyyatlar aparmağa başladı və 1993-cü ilin əvvəlində Xankəndinin - hava atəşi ilə - 5 kilometrliyinədək irəliləyə bildi. Bu döyüşlərdə 1988-ci ildən formalaşmağa başlamış, 1992-ci ildə kifayət qədər döyüş təcrubəsinə malik olan, xalq arasında ”AXC batalyonları" kimi tanınan 30-dan çox hərbi qüvvə vahidi, ayrı-ayrı müxtəlif döyüşən dəstələr, Daxili Qoşunlar, “OMON”, polis bölmələri, Tərtər batalyonu, Surət Hüseynova tabe olan dəstlər və Müdafiə Nazirliyinin qüvvələri iştirak edirdi. Nə qədər ki, qəsdən daxili narazılıqlar yaradılmamışdı, qüvvələr arasında qarşılıqlı etimad var idi və döyüşlər uğurla aparılırdı. Azərbaycanın uğurundan əndişəyə düşən Ermənistan, Rusiya və İran cəmiyyətdə və ordu daxilində 1992-ci ilin payızından etibarən təfriqələr salmağa başladılar. 1993-cü ilin fevralında vəziyyət daha da mürəkkəbləşdi. Surət Hüseynovun döyüşçüləri kimi tanınan xeyli təcrübəli qüvvə Ağdərə istiqamətində müdafiə yerlərini başqa qüvvələrə təhvil vermədən Seyfəli təlim mərkəzinə getdilər. Bu hadisə müdafiənin çox ciddi zəifləməsinə səbəb oldu və ermənilər fürsətdən istifadə edib hücuma keçərək, bizin qüvvələri Ağdərə şəhərinə qədər geri oturtdu". F.Hacıyev bildirdi ki, bununla da ölkədə qarşılıqlı ittihamlar çoxaldı: “Xarici qüvvələr paralel olaraq cənub və şimal bölgələrində separatizm toxumlarını səpmişdi.

Nəticə etibarı ilə 1993-cü il 4 iyun qiyamı baş verdı. Bu hadisə orduya da ciddi təsir etdi. Hakimiyyəti ələ keçirmiş Surət Hüseynovun qüvvələri müdafiənin təşkili əvəzinə, döyüş gedən rayonlarda yerli icra hakimiyyətlərinin dəyişdirilməsi ilə məşğul olmuşdu. Ona bağlı olan qüvvələr artıq torpaqların müdafiəsi ilə məşğul olmurdu. Nəticədə İlk olaraq Ağdam işğal altına düşdü”. Sabiq komandan qeyd etdi ki, Lənkəranda Ələkrəm Hümmətov da döyüşlərə iştirak etmək əvəzinə, “TMR”i elan etdi: “Bu da müdafiənin təşkilinə ciddi əks-təsir göstərdi. Buraxılmış səhvlərdən biri də 1988-ci ildə döyüşlərdə olmuş özünümüdafiə batalyonlarının buraxılması idi. Onlar əsasən şərti ”AXC batalyonları“ adlandırılsalar da, siyasi proseslərə müdaxilə etmirdilər. 4 iyun qiyamı zamanı belə qiyamı yatırmaq üçün onlardan istifadə edilməmişdir. Bir-iki təşəbbüsə də Elçibəy sərt reaksiya vermişdi. Döyüş yerlərini tərk etmək rəsmən qadağan edilmişdi. İndi təsəvvür edin, döyüş qabiliyyəti olan S.Hüseynovun və Ə.Hümmətovun nəzarətində olan qüvvələr döyüşlərdən çəkilir və siyasi proseslərə müdaxilə edir. Döyüşlərdə müdafiənin təşkili ilə məşğul olan 32 tabor bir əmrlə ləğv edilir. Beləliklə, Azərbaycanın müdafiə olunma gücü ən azı 60 % zəifləyir və ya zəiflədilir. Üstəlik, düşmən də aman vermədən hücumu davam etdirir. Belə bir vəziyyətdə atəşkəsin imzalanması günün reallığı idi”.

F.Hacıyev qeyd etdi ki, atəşkəsin məqsədi qüvvələri yenidən toparlayıb, yenisini hazırlayıb işğal altında olan torpaqların geri qaytarılması olmalı idi: “Çox təəssüflər olsun ki, atəşkəsdən səmərəli istifadə olunmadı”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə atəşkəs sazişinə münasibətdə fərqli düşüncədədir: “Azərbaycan cəmiyyətində ən çox səslənən suallar məhz atəşkəslə bağlıdır. Azərbaycan 1994-cü ildə Ermənistanla atəşkəs imzalamağa məcbur idi. Birincisi, 1993-cü ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi orduya da təsir etmişdi. 1992-ci ildə Dağlıq Qarabağda uğurla döyüşən və torpaqlarımızı ard-arda azad edən ordumuz məsələni həll etməyə yaxın idi. Ancaq bu uğurlu gedişat xarici düşmənlərin maraqlarına cavab vermirdi. Ona görə də bir il sonra Azərbaycanda hakimiyyət uğrunda başlanan mübarizə orduya də mənfi təsir etdi və nəticədə qazanılan uğurlar əldən verildi. Əksinə, düşmən xarici qüvvələrin köməyi ilə və Azərbaycan daxilindəki xaosdan istifadə edərək daha çox ərazimizi işğal etdi. İkinci, 1993-cü il hakimiyyət dəyişikliyindən sonra orduda vahid komandanlığın yaradılmasına ehtiyac var idi. Açıq etiraf etmək lazımdır ki, o illərdə ordunun bir hissəsi müxtəlif siyasi qüvvə və liderlərə simpatiya əsasında formalaşmışdı. Buna baxmayaraq, Heydər Əliyev hakimiyyətə gələndən sonra toparlanan ordumuz uğurlu həmlələr etdi. Ancaq məsələni birdəfəlik xeyrimizə həll etmək üçün bizə zəruri fasilə lazım idi. Bu məqsədlə rəsmi Bakı Bişkəkdə atəşkəs sazişini imzalamaq məcburiyyətində qaldı”. E.Şahinoğlu hesab edir ki, buna baxmayaraq, atəşkəs dönəmdə saziş bizə özümüzü toparlamaq üçün zəruri fasilə qazandırdısa, üstündən 26 il keçdikdən sonra atəşkəs xeyrimizə işləmir: “Atəşkəs işğalın ömrünü uzadır. Bu isə Azərbaycanın maraqlarına ziddir. Ona görə də biz atəşkəs rejimindən çıxmağın yolları barədə düşünməliyik”.