| Xəbər 2605 dəfə oxunub
Ordumuz genişmqyaslı təlimlərə başlayır

Azərbaycan rəsmisindən Ermənistanın məkrli niyyətinə sərt reaksiya; politoloq: “Bakının xəbərdarlığı işğalçı ölkənin danışıqlar prosesinin pozulmasına yönəlmiş davranışlarına adekvatdır...”

İşğalçı Ermənistan Qarabağla bağlı aparılan danışıqlara zərbə vurmaqdan ötrü əlindən gələni etməkdədir. Elə son günlərin rəsmi məlumatı da işğalçı ölkənin təxribatlardan əl çəkmədiyini açıq şəkildə nümayiş etdirir. Üstəlik, düşmən iki ölkənin sərhədləri boyunca da azğınlığını davam etdirir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, mayın 13-ü saat 12:00-dan başlamaqla Qazax rayonunun Abbasbəyli kəndi, kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz, həmin istiqamətdə avtomobil yolu ilə hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iri çaplı silarlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, bir neçə yaşayış evinin damına zərər dəyib. Düşmən təxribatının qarşısı alınıb, Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Maraqlısı budur ki, Ermənistan baş verənlərin məsuliyyətini Azərbaycanın üzərinə atmağa cəhd göstərir. İddia olunur ki, Azərbaycan tərəfdən açılan atəşlər nəticəsində Tavuş rayonunun yaşayış məntəqələrinə ziyan dəyib. Bir neçə evin sınmış pəncərələrini nümayiş etdirərək vay-şivən qoparan düşmən “şüşə evdə oturub” qonşuya daş-güllə atdığının fərqində deyil. Məntiqlə düşmən əsgərlərinin yaşayış məntəqələrini özlərinə sipər edib Azərbaycan mövqelərini və yaşayış məntəqələrini atəşə tutmasının cavabı olmalıdır və olur da.

Mayın 14-də Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda da işğalçının növbəti təxribatlarından bəhs olunub. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub. Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Göründüyü kimi, düşmən israrla gərginliyi Qarabağ bölgəsindən iki dövlət sərhədinə keçirməyə, “Rus NATO”sunu proseslərə cəlb etməyə, Rusiyadan dəstək almağa çalışır. Rəsmi Bakı isə işğalçını növbəti dəfə “qırmızı xətti” keçməsi, təhlükəli oyun oynaması ilə bağlı xəbərdar edib. “Ermənistanın yürütdüyü siyasət hər bir vəchlə işğala əsaslanan status-kvonu saxlamaq, müxtəlif bəhanələr vasitəsilə danışıqlar prosesinin irəli getməsinə imkan verməməkdən ibarətdir”.

Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli ...

Hikmət Hacıyev

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, son dövrlər Ermənistanın yeni növ koronavirus (COVİD-19) mövzusunu siyasi möhtəkirlik obyektinə çevirməsi, bu mövzunun arxasında gizlənərək münaqişənin həllinə imkan verməmək kimi siyasəti yürütməsi, danışıqlar prosesinə zərbə vuran destruktiv və ziddiyyətli açıqlamaları ATƏT-in Minsk Qrupu həmsədrlərinə hörmətsizlik kimi qiymətləndirilməlidir.

H.Hacıyev qeyd edib ki, Azərbaycan danışıqlar prosesində konstruktiv iştirakını davam etdirir: “Amma onu da qeyd etməliyik ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində də nəzərdə tutulduğu kimi bütün vasitələrdən istifadə edərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini təmin etmək hüququnu hər zaman özündə saxlayır”.

H.Hacıyev “EurActiv” portalına müsahibəsində də ciddi məsələlərə toxunub. Dövlət rəsmisi bəyan edib ki, Ermənistan öz aqressiv ritorikası ilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinə zərbə vurur.

Əslində yuxarıdakı açıqlamalar çox ciddi mətləblərdən xəbər verir. Prezident köməkçisi açıq şəkildə işğalçı ölkəyə rəsmi Bakının prinsipial mövqeyi ilə bağlı xəbərdarlıq edib və eyni zamanda İrəvanın destruktiv mövqeyi ilə bağlı beynəlxalq aləmi məlumatlandırıb. Açıq şəkildə baş verəcək hallara görə məsuliyyətin Ermənistanın üzərinə düşəcəyi barədə bəyanat hansısa kəskin addımların anonsu da sayıla bilər.

Qeyd edək ki, bundan əvvəl H.Hacıyev Ermənistan XİN rəhbərinin Qarabağla bağlı sərsəm bəyanatına cavab olaraq çox kəskin açıqlama vermişdi. Hətta o zaman Azərbaycan XİN-in yumşaq mövqeyi tənqid hədəfinə çevrilərkən prezident köməkçisinin bəyanatı nümunə kimi göstərilmişdi. Şübhəsiz ki, prezident köməkçisinin ifadə etdiyi mövqe həm də dövlət başçısının iradəsinin əks olunması deməkdir və Ermənistan nə qədər tez nəticə çıxarsa, bir o qədər yaxşı olar. 

Mirzəbəyli: “İraq ordusu sadəcə Kərküklə kifayətlənməyəcək”

Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, dövlət rəsmisinin düşmənə xəbərdarlığı ciddi məsələdir: “Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dövlətimizin BMT Nizamnaməsinin 51-ci maddəsində də nəzərdə tutulduğu kimi, bütün vasitələrdən istifadə edərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini təmin etmək hüququnu özündə saxladığını, bundan irəli gələn nəticələrə görə Ermənistanın məsuliyyət daşıdığını bəyan etməsi, işğalçı ölkənin danışıqlar prosesinin pozulmasına yönəlmiş davranışlarına adekvatdır və xəbərdarlıq xarakteri daşıyır”.

Ekspertimiz digər məqama da diqqət çəkməyi vacib sayır: “Qeyd edim ki, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin keçirilməsinin açıqlanması da də rəsmi Bakının bəyanatlarının arxasında ciddi güc amilinin dayandığını ifadə edir. Məlum olduğu kimi, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq. Düşünürəm ki, yalnız uçuş aparatları işğalçıların aprel döyüşlərini xatırlamaları və hansı nəticələrlə üzləşəcəklərini dərk etmələri üçün yetərlidir. Amma nəzərə almaq lazımdır ki, son 4 il ərzində Azərbaycanın əldə etdiyi müasir hərbi texnikanın, ölkəmizin hərbi gücünün işə salınması perspektivi Ermənistana yaxşı heç nə vəd etmir”.

Beləliklə, düşmən öz davranışları ilə artıq Azərbaycana hərbdən başqa alternativ qoymur. Bu mənada növbəti irimiqyaslı hərbi təlimlərə start verilməsi tam anlaşılandır.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq. Keçirilən təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.

Diqqətçəkən həm də budur ki, təlimin niyyətinə əsasən, düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur. Həmçinin müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanılacaq. İşğalçı ölkə üçün seçim etmək zamanıdır.