| Xəbər 1750 dəfə oxunub
Türkiyədə qəlbləri fəth edən azərbaycnlı pianoçu:

Bütün dərdlərin şəfası xoş əhval mənbəyi musiqidir. Bu gözəlliyi bizə ailəvi bəxş edən Manafzadələri tanımayan yoxdur. Atası İslam Manafov və qardaşı Abuzər Manafzadə ilə birgə ölkəmizi notların dilində ən gözəl şəkildə təbliğ edən Turan Manafzadə ilə söhbətləşdik.

Publika.az bəstəkar-pianoçu Turan Manafzadədən müsahibə götürüb. Musavat.com müsahibəni təqdim edir.

- Turan xanım, əminəm ki, qardaş ölkədə qəriblik hiss etmirsiniz?

- Tamamilə doğrudur. 9 yaşımadək Azərbaycanda yaşamışıq. Yadımdadır, qardaşım məktəbə gedəcəkdi. Bütün hazırlıqlar görülmüşdü. Mənim də 5 yaşım vardı. Gecə dedim ki, qardaşımla oxumaq istəyirəm. Anam sağ olsun bir möcüzə etdi, gecə boyu mənə paltar tikdi. Ertəsi gün valideynlərim məni də qardaşımla məktəbə apardılar. Direktor baxıb dedi ki, ağıllı gözləri var, gəlin, cəhd edək. Belə bir xoş istisna nəticəsində mən də 1-ci sinfə başladım. Çox həvəsli idim. Bir neçə ildən sonra isə musiqi məktəbinə daxil oldum. 2000-ci ildə 9 yaşım olanda, atamı işlə bağlı İstanbula dəvət etdilər. Biz də ailəvi Türkiyəyə köçdük. Televiziyadan da gördüklərim məni İstanbula aşiq etmişdi. Yeni həyat, yeni məktəb... Bir müddət sonra qardaşım Abuzər Manafzadə ilə birgə sənədlərimizi Memar Sinan Konservatoriyasına təqdim etdik. Burada yaşayan azərbaycanlılar bizə dedilər ki, oraya daxil olmaq çox çətin prosesdir. Lakin gözümüz qorxmadı, ruhdan düşmədik. 400 müraciətdən cəmi 3 nəfəri seçdilər. Onun da 2-si Abuzər və mən idim. Bilənlər bilir ki, Memar Sinan Konservatoriyasında oxumaq çox böyük istedad və sonsuz zəhmət tələb edir. Xatırlayıram ki, konservatoriyaya daxil olanda, çox məşhur musiqiçi, bizim solfecio müəllimimiz demişdi ki, Azərbaycandan iki canavar gəlib. Təbii ki, bu tərif idi.

- Bəs bu iki canavar paxıllıq obyektinə çevrilmədi?

- Belə bir çətinliyimiz olmadı. Hətta xor və rəqs qruplarının idarəsi, təlimi mənə tapşırıldı. Musiqi ən güclü birlik nöqtəsidir. Əksinə bütün bayramlara hazırlıq prosesində tələbələrə Azərbaycan mahnıları və rəqslərini öyrədirdik. Düşünə bilirsinizmi, bayramlarda "Gəl ey səhər", "Yurdum, yuvam, məskənimsən, Azərbaycan" kimi əsərləri hamı əzbər oxuyurdu. Məncə, hər kəs vətənini əlindən gəldiyi qədər təbliğ etməlidir. Bizim də ailəmizin təbliğat gücü musiqidir.

- Bir çox musiqiçilər şikayətlənirlər ki, xüsusən də Avropa ölkələrində qastrolda olanda, ev sahiblərinin əsərlərini daha çox səsləndirməyi tələb edirlər. Bu haqda təcrübənizi bizimlə bölüşməyinizi rica edirəm...

- Düzü bununla bağlı sıxıntı yaşamamışıq. Ümumiyyətlə Azərbaycan musiqisinə qarşı qısqanclıqla rastlaşmamışam. Bəzi insanlar inanmırlar, amma Azərbaycan klassik, caz, etnik musiqisinə çox böyük ehtiyacla qarşılaşmışam. Çünki dünya klassiklərinin yaratdığı nəhəng əsərlər hər kəsə məlumdur. Düşünürəm ki, musiqinin yeni erasında Qərb Şərqdən qidalanır. Ona görə də musiqimizlə dərindən maraqlanırlar.

- Sanki karantin prinsipini ailəvi şəkildə öncədən hiss edirmişsiniz. Ev konsertləri ideyanız haradan yarandı?

- 2007-ci ildə Almaniyada bir neçə məkanda konsert verəndən sonra eyni proqramla evdə də çıxış etdik. Kulisimiz isə mətbəx idi. Bu ideya neçə ildir fikrimdə dönüb-dolaşırdı. Amma bunun üçün anamın da razılığını almalı idik. Avqust ayından etibarən bütün işlərimizi bitirib ev konsertləri edirik. Ən maraqlısı isə budur ki, konsertlərimizə turistlər çox böyük maraq göstərir. Gələnləri mütləq Azərbaycan şərablarına qonaq edirik. Öz bəstələrimizi, ən gözəl əsərlərimizi ifa edirik. Reaksiyalarını canlı hiss edirik, enerjini duyuruq. Hətta mütəmadi olaraq qardaşım Abuzər Manafzadənin Xocalıya həsr etdiyi sülhə səsləyən həzin əsəri təqdim edirik, faciəmizi tanıdırıq. Çox müsbət rəylər gəlir. Hətta Rumıniyada olanda kral ailəsi üçün də konsert vermişik. Ümumiyyətlə dünyanın bir çox ölkəsində çıxış etmişik. Təbii ki, ifaçının aurası, əsərə yanaşma tərzi, izah usulu da çox önəmlidir. Bütün bu faktlardan yola çıxanda anlayırsan ki, musiqiçidən də çox şey asılıdır, dünya sakini olmalıdır, hər kəsin zövqünə xitab edəcək əsərlər seçməlidir ki, özünü, ifasını, vətənini qəbul etdirsin.

Yəqin razılaşarsınız ki, pandemiya həm də kompüterləşmiş gələcəyə çox sürətli sıçrayışdır. Necə düşünürsünüz, musiqiçilərin virtual çıxışları böyük konsert salonlarının qapılarını bağlayacaq?

- Doğru vurğuladınız. Əminəm ki, ən azı önümüzdəki yarım il ərzində insanlar kütləvi şəkildə hansısa məkanlara getməyə çəkinəcəklər. Düşünürəm ki, bir müddət onlayn həyata keçid edəcəyik. Hətta ərzaq bazarlığını belə internet üzərindən gerçəkləşdiririk. Şahid oluruq ki, mümkündür. 28 may Respublika Günü münasibətilə İstanbulun möhtəşəm konsert salonlarının birində tədbirimiz nəzərdə tutulmuşdu. Lakin görürük ki, tamaşaçı alqışı, sevgisi olmayan boş zalda çıxış etməyin heç bir əhəmiyyəti yoxdur. Virtual şəkildə hər gün çıxış edərkən isə qonşuları narahat edə bilərik. Evdə 3 pianomuz var, hamısına da elektron sistem quraşdırılıb. Təbii ki, virtual konsertin də öz problemləri, narahatlığı var. Yay aylarında isə insanlar məzuniyyətə gedirlər. Başları istirahətə qarışır. Odur ki, yay mövsümündə onlayn konsertlər o qədər də dərin marağa səbəb olmur. Lakin bu o demək deyil ki, konsertlərimizə fasilə verəcəyik. Təkliflər çoxdur. Diaspor gəncləri səhifəsinin təşəbbüsü ilə bir sıra vebinarlar təşkil olunur ki, ailə üzvlərimizlə birgə biz də iştirak edəcəyik. Yəni dediyiniz kimi, artıq həyat və yaradıcılığımızı virtual aləmə sığdırmaq məcburiyyətindəyik.

- Bəs pandemiyanın mənəvi fəsadlarından özünüzü necə qoruyursunuz?

- Etiraf edək ki, bəziləri çox böyük mənəvi travma yaşadı. Düzü mən pandemiyanın addımlarını uzaqdan eşidirdim. Çünki iki ali təhsil almağıma rəğmən hazırda Bahçeşehir Universitetində magistratura pilləsində oxuyuram. Hər həftə müxtəlif nəhəng şirkətlərin qurucuları bizə dərs keçir, öz uğur hekayələrini, təcrübələrini, həmçinin gələcək barədə proqnozlarını bölüşürlər. Ötən dərslərin birində Azərbaycanın təbii enerji qaynaqları haqda məqalə hazırlamışdım. Elə bu araşdırmadan yola çıxaraq dünyanı qorumağın üsulları haqda düşündüm. Çünki artıq dünyada alternativ enerji mənbələrinə üstünlük verilir. Hətta bu yaxınlarda Türkiyənin ucqar kəndlərinin birində yaşlı qadın Almaniya televiziya kanalında xəbər izləyir və günəş enerjisi cihazı quraşdırır. Araşdırmada bu haqda da geniş məlumat vermişdim. Həmçinin musiqi müəllimiyəm. Ailəvi şəkildə musiqi müəllimliyi ilə məşğul oluruq. Müxtəlif xalqlardan olan tələbələrimiz var. Pandemiya dalğasının yaxınlaşdığını hiss edən kimi onlayn dərslərə başladıq. Hətta mənim dərslərim Türkiyə mətbuatının o qədər marağına səbəb oldu ki, bir çox televiziya kanalları bu haqda süjetlər hazırladılar. Onlayn konsertlərimiz də öz tempi ilə davam edir. Bütün özəl günlərdə virtual konsertlər edirik və edəcəyik. Hətta çıxışlarımız bir çox televiziya kanallarında onlayn şəkildə yayımlanır. Bildiyiniz kimi bəzi günlər Türkiyədə küçəyə çıxmaq qadağası da tətbiq olunur. Ailəmizlə birgə bu qadağalara riayət edirik. Bunu tək özümüzün deyil, bütün dünya sakinlərinin təhlükəsizliyi üçün edirik. Əlimizdən gəldiyi qədər insanları musiqi ilə pozitivə kökləməyə çalışırıq.

- İki həftə öncə atanızla birgə Azərbaycan Diasporuna Dəstək Fondunun təşkil etdiyi onlayn konsertdə Çaykovskinin "Neapolitan mahnısı"nı səsləndirdiniz. Performansınız hamımızın ürəyində çiçək açdı.

- Minnətdaram, əzizim. İtaliyada çalışan bir müxbir dostumuz bizdən xahiş etdi ki, İtaliya xalqına dəstək rəmzi olaraq bir əsər ifa edək. Biz də bu gözəl əsəri səsləndirdik. İfamız İtaliya mediasında da geniş yayıldı. Çoxlu təşəkkür mesajları aldıq. Belə gözəl motivasiya ilə daha çox çalışmaq, yaratmaq istəyir insan.

Bu o deməkdir ki, Manafzadələr bu təcrid günlərində ruh düşkünlüyü yaşamırlar...

- İnanın, bəzi adamlar sıxıldıqlarını deyəndə, anlaya bilmirəm. Günün saatları bizə bəs etmir. Valideynlərim dadlı xörəklər hazırlayırlar, oxumadığımız kitabları oxuyuruq, filmləri seyr edirik. Özümüzü yaradıcı prosesə həsr edə bilirik. Yaradıcı insan üçün məkanın fərqi yoxdur, yetər ki, sənəti ilə baş-başa qala bilsin. Həm də axı biz azərbaycanlılar evdar millətik... Karantində öz daxili dünyama da güzgü tutmağa nail oldum. Bir yandan da səbrsizləşib, sosial medianı zibil qabına çevirənləri tanıdıq. Hamımız eyni dövrü yaşayırıq. Aydın düşünməyə çalışmalıyıq. Kirli fikirlərimizlə ətrafımızın əhvalını pozmaq haqqımız yoxdur.

Turan xanım, məni daim düşündürən bir sual var. Ot öz kökü üzərində bitməyə məhkumdur? Yəni heç başqa peşə arzulamamışdınız?

- Uşaq vaxtımdan deyirdim həkim olacam. Amma dəqiq fənlərlə aram yaxşı deyildi. Anam hərdən xatırlayır ki, qardaşınla sən heç danışa bilmirdiniz, amma musiqinin dilini çox gözəl anlayırdınız. Hətta rəqs edəndə, musiqi duyumunuzun güclü olduğunu anlayırdım. Yalan danışmayacam, yeniyetməlik illərində musiqi ilə məşğul olmaq mənim üçün əsl cəhənnəm idi. Amma nə yaxşı ki, valideynlərim istedadımızı hiss etdilər və qarşımızda sehirli qapı açdılar. Artıq əminəm ki, mən musiqi üçün doğulmuşam. Bildiyiniz kimi dünyada dirijor qadınların sayı azdır. Mən dirijoram. Amma bu çətin dönəmdə həm də pianoçu olduğum üçün çox sevinirəm. Çünki belə deyim, bağlı qapı arxasında çubuqdan səs çıxmır.

- Parlaq bir məqam da var ki, dinləyici Manafzadə ailəsini tək sənətinə görə deyil, həm də şəxsi keyfiyyətlərinə, pozitivliyinə görə sayıb sevir...

- Minnətdaram, çox incəsiniz. Ailəmizə ünvanlanan bu gözəl sözləri tez-tez eşitmək çox xoşdur. Bu günlərdə yavru vətən Kipr üçün virtual konsert verdik. Həmçinin 2017-ci ildə Kiprdə təşkil olunan İpkyolu Konfransında dirijor kimi də çıxış etmişdim. Mayın sonu virtual ailəvi konsertimiz də baş tutacaq. Konsertin inzibatçısı bizə dedi ki, balaca bir adanı çıxışınızla silkələdiniz. Biz virtual şəkildə qatılan kimi izləyicilərin sayı 5 qat artdı. Ümumiyyətlə ailəmiz Kipri çox sevir. Havası, dənizi, insanlarının maraqlı şivəsi elə doğmadır ki... Karantin müddəti bitəndən sonra hər kəsi Kiprə səyahətə dəvət edirəm.

- Sonda gələcək planlarınızla bağlı maraqlı məlumat gözləyirəm...

- Bir maraqlı məqamı bölüşüm ki, yaxın günlərdə anamın da bizə qatılacağı gözlənilir. Artıq 4 əl , 6 əl yox, 8 əllə ifa edəcəyik. Ümumiyyətlə təzadlı dünyada yaşayırıq. Ömrümüz boyu üzərində səylə çalışdığımız əsərlər də sevilir, amma "Jingle bells", yaxud elə "Happy Birthday" videoçarxlarımız daha böyük rəğbətlə qarşılandı. İnsanlar artıq bir-birini bu videolarla təbrik edirlər. Belə ürəkaçan layihələrimiz çox olacaq.