| Xəbər 1359 dəfə oxunub
33 məhkumun koronavirusa yoluxduğu 13 saylı “zon”da son durum

Deputat: “Dustaqların müəssisədə qurulan xüsusi şəraitlə müalicə olunmalarına daha məntiqli yanaşıram”

“13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələri aparılıb. Test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb. Xəstələrin vəziyyəti hazırda stabildir və onlar həkim nəzarəti altında saxlanılır”.

Ədliyyə Nazirliyinin yaydığı rəsmi məlumatda belə deyilir.

Ədliyyə Nazirliyindən bildirilib ki, xüsusi karantin rejiminin qaydalarına əsasən, penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçib, penitensiar müəssisələrdə davamlı olaraq dezinfeksiya işləri, əməkdaşların, məhkumların və həbs edilmiş şəxslərin gündəlik termometriyası, səhhətlərində hər hansı narahatlığı olan şəxslərin dərhal izolyasiya olunaraq müayinəsi keçirilir. Qeyd olunub ki, vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb. Əməkdaşlar və digər aidiyyəti şəxslər (vəkil, müstəntiq, həkim və s.) və nəqliyyat vasitələri müəssisələrə karantin rejiminə uyğun xüsusi qaydada buraxılırlar.

Eyni zamanda qabaqlayıcı tədbirlər çərçivəsində Penitensiar Xidmətin İxtisaslaşmış müalicə müəssisəsində izolyasiya və müalicə məqsədilə xüsusi karantin şöbələri yaradılıb. Bəzi xroniki xəstəlikləri olan məhkumlar isə cəzaçəkmə müəssisəsindən kənarda ixtisaslaşmış xəstəxanalarda müayinədən və müalicədən keçirilirlər. Kənara çıxarılmış belə məhkumların birində virusa yoluxma faktı aşkar olunduğundan o, dərhal təcrid edilərək zəruri tibbi tədbirlər görülüb.

Ədliyyə Nazirliyi qeyd edir ki, virusun yayılma riski tam lokallaşdırılıb və xəstələrin müalicəsi üçün bütün zəruri tibbi avadanlıq və dərman təminatı mövcuddur.

Vaxtilə 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılmış hüquq müdafiəçisi Anar Məmmədli özünün sosial şəbəkədəki hesabında koronavurus testi müsbət çıxan məhkumlara şəfa diləyib:

“13 saylı cəzaçəkmə müəssisəsində saxlanan 33 nəfər dustaqda koronavirus testi müsbət çıxıb. Onlara şəfa diləyirəm. Əfsus ki, nə həmin müəssisənin tibb məntəqəsi, nə də Penitensiar Xidmətin Mərkəzi Hospitalı bu şəxslərin müalicəsi üçün yetərli şəraitə malik deyil. Yaxşı olar ki, az ağır cinayət törədən və cəzasının yarısını çəkmiş şəxslərin azadlığa çıxması ilə bağlı təcili tədbirlər görülsün. Yayılan xəbər siyasi motivlərlə azadlıqdan məhrum edilən və ya inzibati qaydada həbs edilən şəxslərin yaxınları üçün ciddi narahatlıq yaradacaq. Hakimiyyət azadlıqdan məhrum etdiyi günahsız siyasi fəallar üçün saxlama şəraiti təmin edə bilmirsə, koronavirus epidemiyası dövründə onların sağlamlığına görə ikiqat məsuliyyət daşıyır”.

13 saylı cəzaçəkmə müəssisəsinin keçmiş “sakini”, jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli “Yeni Müsavat”a deyib ki, Azərbaycan Avropa Şurasına daxil olandan sonra ölkədə Avropa Penitensiar Qaydaları tətbiq olunmalı idi.

“Təəssüf ki, Bakı İstintaq Təcridxanası və Şəki Penitensiar Kompleksindən savayı Azərbaycanda olan istintaq təcridxanaları, cəzaçəkmə müəssisələri və həbsxana heç bir müasir standarta cavab vermir. 12, 13, 14 saylı cəzaçəkmə müəssisələri Qaradağ rayonunda, daş karxanalarının arasında yerləşir. Ora ümumiyyətlə insan sağlamlığı üçün olduqca əlverişsiz, yararsız ərazidir. Hava küləklidirsə, daş karxanalarından göyə qalxan toz-torpaq məhkumların üstünə çökür, yayda da cəhənnəm istisi şəraiti dözülməz edir. Orada məhkumlar tənəffüs problemləri ilə üzləşir, bir sıra xəstəliklər tapır, sağlamlıqlarını itirirlər. Məhkumların saxlandığı baraklar köhnə, sovetdən qalma tikililərdir. Həmin barakların hər birində 250-300 məhkum saxlanılır. Sıxlıq o qədər çoxdur ki, çarpayılar bir-birinə dirənib. 13 saylı müəssisə 700 məhkum üçün nəzərdə tutulub. Bu gün həmin müəssisədə saxlanılan məhkumların sayı 1300 nəfərdən çoxdur”.

Onun sözlərinə görə, 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar bir-birinin nəfəsini udmaq məcburiyyətindədirlər: “Koronavirusun yayılması üçün orada ideal şərait var. Orada vərəmli məhkumlar var. O qədər məhkumun saxlanıldığı müəssisədə cəmi 4 sanitar qovşaq var. Həmin sanitar qovşaqdan koronavirusa yoluxmuş 33 xəstə məhkum da istifadə edib və onların xəstəliyinin digər məhkumlara yoluxmayacağına heç kim təminat verə bilməz. Səhərlər məhkumlar sanitar qovşaqdan istifadə etmək üçün növbəyə dayanmalı olurlar. Müəssisədəki tibb məntəqəsində 4 palata var. Hər palatada 2 məhkum saxlanıla bilər”.

Pərviz Həşimli: “Azərbaycan dövlətinin cəza icra siyasəti çox ...

Hüquq müdafiəçisinin sözlərinə görə, Gəncədə, Lənkəranda müasir tipli cəzaçəkmə müəssisələri inşa olunub. Amma həmin müəssisələrdən istifadə olunmur: “Maraqlananda, məhkumların müasir tipli cəzaçəkmə müəssisələrinə köçürülməməsinin məntiqsiz səbəbi üzə çıxır. Deyirlər ki, əgər həmin müəssisələrə məhkumlar köçürülsə, bu, əlavə işçilər deməkdir, əlavə büdcə vəsaitinin ayrılması gərəkdir. Hələlik Penitensiar Xidmət üçün nəzərdə tutulan xərclərdə bu müəssisələrlə bağlı bəndlər yoxdur. Azərbaycanda məhkumların vəziyyəti çox ağırdır, 13 saylı cəzaçəkmə müəssisəsi isə yerləşdiyi əraziyə görə, oradakı sıxlığa görə ən pisidir”.

Hüquq müdafiəçisi deyir ki, 13 saylı cəzaçəkmə müəssisəsinin ləğvi bir neçə il əvvəldən gündəmdədir: “Qaradağdakı müəssisələr Azərbaycanda ən pis şəraiti olan müəssisələrdir. 13 saylı müəssisədə isə qeyd etdiyim kimi, durum acınacaqlıdır. Ora əsasən sifarişlə həbs olunanlar və imkansız məhkumlar göndərilir. Orada vəziyyət dözülməz həddə acınacaqlıdır. Koronavirusun həmin müəssisədə yayılması xəbərinə də təəccüb etmədim. Ora insan sağlamlığı üçün dəhşətli yerdir. Azərbaycan hökuməti tez bir zamanda oranı boşaltmalı, məhkumların cəzası bitmək üzrə olanların azad edilməsi üçün tədbirlər görməlidir. O insanların koronavirusa yoluxması riski yüzdə doxsandır”.

Novella Cəfəroğlu: “78 yaşımda gedib səngərlərdə əsgərlərimizə ...

Hüquq müdafiəçisi: “Orada vəziyyət dözülməz həddədir”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, 13 saylı cəzaçəkmə müəssisəsində vəziyyət yaxşı deyil: “Biz də müraciət etmişik ki, orada saxlanılan və azad olunması mümkün olan məhkumları tezliklər, gecikdirmədən azad etsinlər. Elə məhkumlar var ki, cəza müddətinin bitməsinə 5-7 ay, 1 il qalıb. Bu kateqoriyadan olan məhkumları azad edib orada sosial məsafənin təminini həyata keçirmək olar. Əfv Komissiyası hazırda yığışa bilmir, çünki yeni tərkib formalaşmalıdır. Yığışan kimi hamısını buraxacaqlar. Hazırda orada koronavirusa yoluxmuş 33 məhkum müalicə müəssisəsindədir. Penitensiar Xidmət vəziyyətə nəzarət edir, hər gün orada dezinfeksiya işləri aparılır”.

Hüquq müdafiəçisi deyir ki, 13 saylı cəzaçəkmə müəssisəsinə koronavirusun hansı yolla düşdüyü bilinmir: “İşçilər hər gün evə gedib-gəlir, məhkumlar vəkilləri ilə görüşürlər. Orada minlərlə şəxs var. Onların yanına vəkilləri gedib-gəlir. Koronavirusun cəzaçəkmə yerlərinə düşməməsi üçün Penitensiar Xidmət tədbirlər görmüşdü. Buna baxmayaraq? yoluxma baş verib və sabah heç kimin qarantı yoxdur ki, xəstəliyə tutulmayacaq. Orada işləyənlər hər gün evlərinə gəlib-gedirlər. Bu isə o deməkdir ki, həmin şəxslər özləri də bilmədən yaxınları, onlar da təmasda olduqları qohum-qonşuları, həmin şəxslər vasitəsilə də digər vətəndaşlar yoluxa bilər. Yəqin ki, bu məsələnin qarşısının alınması üçün çox ciddi tədbirlər görülməlidir. Hazırda Penitensiar Xidmət var gücü ilə profilaktika tədbirlərini gerçəkləşdirir”.

Fazil Mustafa: “Qızlar arasında da siqaret çəkənlərin sayı artıb”

Deputat Fazil Mustafa deyir ki, məhbusların azad olunması, digər müəssisələrə köçürülməsi məqsədəuyğun deyil: “Ora koronavirusdan mübarizə üçün nəzərdə tutulan vasitələr göndərilə bilər. Çünki məhbuslar elədir ki, onları kənara çıxarmaq problemi var. Oranın tibb məntəqəsində xüsusi təcridolunma variantını seçmək lazımdır və orada müalicə etmək lazımdır”.

Deputat məhkumların bəzilərinin azad olunması ilə bağlı addımlar atıla biləcəyini də deyir: “Mümkündür ki, cəza müddətinin bitməsinə 3-5 ay qalmış, digər xəstəliklərdən əziyyət çəkən məhkumları vaxtından əvvəl azad etməklə müəssisədəki məhkum sıxlığını maksimum azaltmaq olar. Amma məhkumların azad edilməsi halında cəmiyyətdə də xəstəliyin yayılma ehtimalı var. Ona görə də dustaqların müəssisədə qurulan xüsusi şəraitdə müalicə olunmalarına daha məntiqli yanaşıram”.

Fazil Mustafa vaxtından əvvəl azad olunan məhkumların ayaqlarına elektron qolbaqlar taxmaqla nəzarət etməyin mümkünlüyünü də qeyd edib.