| Xəbər 1204 dəfə oxunub
Karantində toplaşmayan partiyalar - qərargahlar açılırmı?

Azərbaycanda xüsusi karantin rejimi təxminən iki aydır ki, ölkədə siyasi fəallığı da sıfıra endirib. Siyasi təşkilatlar karantin rejiminin qaydalarına uyğun hərəkət edərək, qərargahlarının qapılarını bağlamalı olublar.

Çünki kütləvi toplaşma yerlərindən biri də partiya qərargahlarıdır. Bəzi partiyalar bu müddət ərzində videoiclaslar keçiriblər, onlayn toplantılar təşkil ediblər. Lakin faktiki real siyasətlə məşğul olmaq mümkün deyil.

Koronavirus təhlükəsinin sovuşmadığını, yoluxmaların son günlərdə rəsmi statistikaya görə artdığını nəzərə alsaq, hələ də kütləvi toplaşma, sıx təmas risklidir.

Ölkə rəhbərliyi də çıxışlarında sosial izolyasiyaya əməl etməyə, məsuliyyətli olmağa, maska taxmağa çağırır. Bu mənada siyasi təşkilatların qərargahlarında işlərini bərpa etməsi hələ ki mümkün görünmür.

Üstəlik, yumşaldılmış da olsa, ayın sonuna qədər karantin dövrüdür. Partiyalar nə toplaşa bilirlər, nə mitinqlər keçirə...

Siyasi partiyalar daha çox işini sosial şəbəkə üzərindən qurublar. Partiya rəsmiləri tənqid və təkliflərini, bəyanatlarını məhz virtualda yayırlar.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin üzvü Xəzər Teyyublu “Yeni Müsavat”a bildirdi ki, karantin dövrünün qaydalarına əməl olunmalıdır. Onun sözlərinə görə, KXCP rəhbərliyi və üzvləri qoyulan qaydalara riayət edir.

Xəzər Teyyublu: “KXCP qərargahı bağlıdır, arabir komendant gəlib dezinfeksiya, təmizlik işləri ilə maraqlanır”

X.Teyyublu qeyd etdi ki, partiyanın qərargahında iş dayanıb, qapıları bağlanıb: “Arabir qərargahın komendantı gəlib dezinfeksiya, təmizlik işləri ilə maraqlanır. Ancaq heç bir siyasi tədbirlər, iclaslar keçirilmir.

Yalnız partiyanın rəhbər strukturuna daxil olan şəxslərin virtual qaydada iclasları keçirilir, rayon şöbələri ilə əlaqə saxlanılır. Artıq iki aydır ki, partiya onlayn tədbirlərlə fəaliyyətini nizamlayır".

KXCP funksioneri qeyd etdi ki, partiya karantindən çıxmağı gözləyir: “Hələ ki müasir texnologiyanın, sosial şəbəkələrin imkanından istifadə etməklə işimizi qura bilirik. Mayın 31-dən sonra hansı qərar veriləcəksə, ona uyğun davranacağıq. Ümid edirik ki, yoluxmalar azalsın, sosial həyat bərpa olsun, biz də siyasi fəaliyyətimizə qayıda bilək.

Əlbəttə, pandemiya ilə əlaqədar müəyyən məhdudiyyətlər saxlanıla bilər. Amma hamımız arzusundayıq ki, infeksiya tamamilə məhv olsun və həyat axarına dönsün".

Samir Əsədli: “VHP Mərkəzi İcra Aparatının üzvləri qərargahda fəaliyyət göstərir, digərlərlə əlaqə onlayn qaydada qurulur”

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin sözlərinə görə, karantin dövründə partiyanın mərkəzi qərargahında fəaliyyət məhdudlaşdırılıb.

“İlk dövrlərdə yalnız Mərkəzi İcra Aparatının rəhbəri mərkəzi qərargahda olub və buradan onlayn qaydada fəaliyyəti koordinasiya edib.

Karantin rejimi bir qədər yumşaldıqdan sonra isə mərkəzi aparatın bir neçə işçisi müvafiq icazə əsasında qərargaha gəliblər",  - deyə S.Əsədli vurğuladı.

Partiya rəsmisi qeyd etdi ki, hazırda Mərkəzi İcra Aparatının üzvləri qərargahda fəaliyyət göstərir, digər şəxslərlə isə əlaqə onlayn qaydada qurulur: “Eyni zamanda Siyasi Şura üzvləri və rayon təşkilatlarının rəhbərləri ilə onlayn qaydada əlaqələr qurulur, müzakirələr aparılır və tapşırıqlar verilir”.

Əli Orucov: “AMİP funksionerləri növbəlilik əsasında qərargahda olurlar, tapşırıqları icra edirlər”

AMİP katibi Əli Orucov söylədi ki, partiyanın funksionerləri növbəlilik əsasında qərargahda olur, verilən tapşırıqları icra edirlər: “Karantin qaydalarına hamılıqla riayət etmək lazımdır.

Daha çox onlayn və telefon əlaqəsi saxlanılır. Çalışırıq ki, bu çətin dönəmdə üzərimizə düşənlərin öhdəsindən gələ bilək.

Ümid edirəm yaxın müddətdə pandemiya bitəcək, normal həyata qayıda biləcəyik. Ən əsası isə az itki ilə bu ağır prosesi adlaya biləcəyik".

Cavanşir Abbaslı: “Karantinin sərt dövründə belə qərargahın qapıları bağlanmayıb”

AĞ Partiyanın mətbuat xidmətinin rəhbəri Cavanşir Abbaslı bildirdi ki, təşkilat karantindən əvvəlki dövrdə olduğu kimi işini davam etdirə bilməsə də, fəaliyyətsiz də qalmayıb.

“Hər həftəsonu onlayn şəkildə idarə heyətinin iclasları keçirilir. Sözsüz ki, canlı iclasların keçirilməsi daha effektli idi. Amma yaranmış vəziyyətlə əlaqədar şənbə günləri virtual toplantılarımız olur.

Eyni zamanda partiya rəhbərliyində olan şəxslər medianın suallarını cavablandırır, canlı yayımlara çıxırlar.

Həmçinin AĞ Partiya karantin dövründə yardım kampaniyasında iştirak edib, 100-dən çox ailəyə yardım olunub, ianələr çatdırılıb. Ümumilikdə karantinin sərt dövründə belə qərargahın qapıları bağlanmayıb.

Yəni qərargahda üzvlər arasında məsafə saxlanmaqla vaxtaşırı partiyaya gediş-gəliş olub. Ümid edirik ki, pandemiya tezliklə qurtarsın və xalqımız əvvəlki həyatına qayıtsın".