| Xəbər 4868 dəfə oxunub
Aqil Abbas: “Neftçi” Azərbaycan futbolunun “flaqman”ı deyil”

“Qarabağ”ın azarkeşi olsam da, “Neftçi”nin oyunlarına həmişə həvəslə baxıram, azarkeşlik edirəm. Çünki “Neftçi” hamımızın sevimlisi olub, nostalji hisslər var. Bu komanda ilə yatıb-durmuşuq”.

Bunu apasport.az saytına Milli Məclisin deputatı və Azərbaycan Yazıçılar İttifaqının üzvü Aqil Abbas deyib.

Azərbaycanın əməkdar jurnalisti olan 67 yaşlı deputat “Neftçi”nin hazırkı durumu barədə danışıb. O, paytaxt təmsilçisinin sabiq SSRİ dönəmində daha güclü olmasının səbəbini açıqlayıb: “Neftçi” 1937-ci ildə yaradılıb, sovet hökuməti dönəmində Azərbaycanın klub yox, milli komandası olub. Gəncə “Dinamo”su da, Sumqayıt “Xəzər”i də, “Qarabağ” da ona işləyirdi. Ümumiyyətlə, bütün komandalar, ölkə futbol ictimaiyyəti “Neftçi”yə işləyirdi. “Neftçi” həmin vaxt Azərbaycan millisi idi”.

Aqil Abbas hazırkı dövrdə “Qarabağ”ı Azərbaycanın bir nömrəli klubu hesab edir: “Neftçi” Azərbaycan futbolunun “flaqman”ı deyil. Ölkəmiz müstəqillik qazandıqdan sonra “Neftçi” adi klublardan birinə çevrildi, elə ortalıqda da qalıb. Bu gün “flaqman” “Qarabağ”dır. Sabah bu, bəlkə “Sumqayıt” olacaq. Amma indiki duruma əsasən demək olar ki, “Neftçi” hələ uzun müddət “Qarabağ”ın kölgəsində qalacaq. Hətta deyərdim ki, “Sumqayıt”a pul buraxsalar, “Neftçi”dən də yaxşı komanda olar”.

Qeyd edək ki, son 6 ildə Azərbaycan Premyer Liqasının qalibi “Qarabağ” olub.