| Xəbər 3450 dəfə oxunub
Leyla Abdullayeva : "Məsafə baxımından bizə ən uzaq olan ölkədəki vətəndaşlarımızın da müraciətinə baxılır"

"Mayın 1-dən bu günə qədər Xarici İşlər Nazirliyinin qaynar xətlərinə 664 telefon zəngi daxil olub və cavablandırılıb”.

Bu fikri Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva deyib.

O, bildirib ki, vətəndaşların təxliyəsi davam etdirilib: “Prezident və Birinci vitse-prezidentin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı sistemli işlər həyata keçirilməkdədir. Bu dövrdə diplomatik nümayəndəliklər də xüsusi rejimdə çalışıb. XİN-də də Operativ Qərargah yaradılıb. Bizim nümayəndələr xaricdəki vətəndaşlarla bağlı araşdırma aparır, müraciətlərə baxılır və müvafiq addımlar atılır.

İndiyə qədər 20 minə qədər vətəndaşımız ölkəyə qaytarılıb. Dövlət vətəndaşlarının yanındadır. Dövlət həm ölkədə, həm də kənardakı vətəndaşlarının sağlamlığının qorunmasına çalışır. Vətəndaşlarımız da karantin qaydalarına riayət etməlidir”.

Leyla Abdullayeva bildirib ki, vətəndaşlara ilk növbədə olduqları ölkədə qalmaq tövsiyə edilir. O, söyləyib ki, indiki halda bu, onlar üçün də daha uyğundur: "Çünki səfər zamanı yoluxma riski artır. Eyn zamanda, çoxsaylı təxliyə planları da həyata keçirilib. Təxliyə edilənlər arasında yaşlılar, azyaşlılar, xəstələr üstünlük təşkil edir. Hazırda 60 ölkədə azərbaycanlılar var, onlar geri qayıtmaq üçün müraciət ediblər. Rusiya, Türkiyə kimi ölkələrdən müraciətlər daha çoxdur”.

Leyla Abdullayeva söyləyib ki, elə vətəndaşlarımız var ki, onlar bizə ərazi baxımından çox uzaq olan ölkədədirlər: "Düzdür, onların sayı çox deyil. Məsələn, Çilidə 1 nəfər vətəndaşımız var. Onların da müraciətləri nəzərə alınır və həmin şəxslərin müvafiq qaydada ölkəyə gətirilməsinə çalışılır".