|
Bakıda keçmiş məhkum anasını bıçaqladı

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən bıçaqlanma faktı qeydə alınıb.

Bu barədə  Polis İdarəsindən məlumat verilib.

Hadisə mayın 11-də saat 14:00 radələrində Şamil Əzizbəyov küçəsindəki 43 nömrəli evdə baş verib.
Ev sakini, 1951-ci il təvəllüdlü Mirxanım Quliyeva sinəsindən, onun evini təmir edən Kamil Sədrəddinov isə qarın nahiyəsindən bıçaqlanıb.

Hər iki şəxs ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İlkin araşdırma zamanı zərərçəkmiş M.Quliyevanın oğlu, əvvəllər qətl, oğurluq və qanunsuz narkotik saxlamaqda ittiham olunan 1973-cü il təvəllüdlü Elnur Quliyevinin cinayətdə əli olduğu müəyyən edilib.

Məlum olub ki, cinayətin törədildiyi vaxt E.Quliyev sərxoş vəziyyətdə olub. O, intihara cəhd edib. Anası bunu görəndə müdaxilə etmək istəyib və K.Sədrəddinovu köməyə çağırıb. Nəticədə, müqavimət göstərən E.Quliyev onları bıçaqla yaralayıb.

Tutulduqdan sonra kişi anasını təsadüfən, ustanı isə qəsdən yaraladığını etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.