| Xəbər 2814 dəfə oxunub
Oğurladığı pulla maşın alarkən ələ keçib

Mənzildən oğurladığı pulla özünə avtomobil alan və polis tərəfindən saxlanılan şəxs hakim qarşısına çıxarılır. Onunla birlikdə cinayətdə əli olan daha 2 nəfər də həbs edilib.Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda suçlanan Musa Bayramov, Rüstəm Ağayev və Rövşən Ağayevin cinayət işi üzrə məhkəmə iclası hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutacaq.

Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Oğurluq hadisəsi Sumqayıt şəhərindəki Xudafərin küçəsində yerləşən evlərdən birində baş verib.

2019-cu ilin dekabrın 31-dən yanvarın 1-nə keçən gecə ev sahibi mənzildə olmadığı müddətdə mənzildən 31 450 avro, 4300 dollar, 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “TP-link” markalı modem aparatı oğurlanıb.

Zərərçəkən ona ümumilikdə 66611 manat maddi ziyan dəydiyini qeyd edib.

Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri Musa Bayramov, Rövşən Ağayev və onun qardaş Rüstəm Ağayev saxlanılıblar.

Məlum olub ki, hadisə günü evin hasarından əvvəlcə Rövşən Ağayev və Musa Bayramov həyətə düşüblər. Rüstəm Ağayev isə pusquda dayanıb.

Daha sonra dəstə üzvləri mənzilin qapısının üzərində barmalıqlar olmayan pəncərənin şüşəsini qıraraq mənzilə daxil olublar. Mənzilin qapısı açılandan sonra dəstənin digər üzvü Rüstəm Ağayev də evə girib. Saxlanılan şəxslər evin yataq otağında olan külli miqdarda pulu və bir ədəd televizoru götürəndən sonra hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, saxlanılan şəxslər biri Rüstəm Ağayev hadisədən sonra ona çatan pulun bir hissəsi ilə özünə “Volkswagen” markalı avtomobil alıb. Həmin nəqliyyat vasitəsi polislər tərəfindən müəyyən edilərək saxlanılıb. Cinayət işinin üstü maşın alınandan sonra açılıb. Rüstəm Ağayev həbs ediləndən sonra dəstənin digər üzvləri də ifşa edilib.