| Xəbər 15123 dəfə oxunub
Koronavirusda “saxta şəfəq” təhlükəsi

Koronavirusla mübarizədə ikinci dalğanın yaranması riski çaxnaşmaya səbəb olsa da, mütəxəssislər “saxta şəfəq” adlandırılan təhlükəyə diqqət çəkirlər.

“Bloomberg” xəbər verir ki, “saxta şəfəq” bir xəstənin koronavirusa qalib gəldikdən sonra onda yenidən simptomların görünməsinə deyilir.

Avstraliyanın Yeni Cənubi Uels əyalətində yaşayan 35 yaşlı Mirabay Nikolson Mak Keller koronavirusa tutulduqdan sonra bir aydan çox müalicə edilib. Sağlamlığına qovuşan və evinə göndərilən Keller 72 saat sonra testdən keçərək karantini tərk etmək üçün icazə alıb.

Yavaş-yavaş normal həyata dönəcəyini düşünən Keller nəfəs darlığı və sinəsindəki ağrıların yenidən başlamasından sonra təcili yardıma gedib. Gənc qadının koronavirus testləri yenə müsbət nəticələnib.

O, “Bu, nə vaxt bitəcək? Daim düşünürəm. Hələ xəstəyəmmi? Deyiləmsə, bunu necə biləcəyəm?” - deyə, tərəddüd içərisindədir.

Cənubi Koreyada aparılmış araşdırmanın nəticəsinə görə, COVID-19-dan sağalan xəstələrə tətbiq olunan nuklein turşusu testlərinin ölü virus hissəciklərini aşkarlayaraq yoluxmamış insanları xəstə kimi göstərə biləcəyi qeyd edilir. Bu vəziyyət çaşqınlıq yaradır.

Bununla bağlı bir çox xəstələr mənəvi problemlərlə mübarizə aparırlar. Nə vaxt tam sağalacaqlarını bilmək istəyirlər. Buna görə narahatlıq, depressiya və travmadan sonrakı stress halı yaşayırlar.