|
Çindən çıxacaq şirkətləri Azərbaycana gətirə bilərik - üç vacib şərt

Natiq Cəfərli: “Bizim üstünlüyümüz ondadır ki, əhalimiz çoxdur, kifayət qədər işçi qüvvəsi var, logistikamız daha yaxşıdır”

Koronovariusun Çindən yayılması bu ölkənin iqtisadiyyatına qarşıdakı dövrdə kəskin təsirlərini göstərəcək. Belə ki, artıq Almaniya, ABŞ, Yaponiya, İngiltərə kimi ölkələrin Çindəki müəssisələrini oradan çıxaracaqları barədə ilkin açıqlamalar verilib. Bu barədə fikir səslənən kimi Ukraynanın Çindən çıxarılacaq həmin müəssisələri dəvət etmək təklifləri ortaya çıxıb.

Azərbaycan Milli Məclisinin deputatı Vahid Əhmədov isə deyib ki, Azərbaycan elektronika, yüngül sənaye və maşınqayırma sənayesinə aid müəssisələri qurmaq imkanına sahibdir. Əgər Azərbaycan bunu edə bilərsə, yaxşı nəticələr əldə etmək mümkündürmü?

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, elektronika, yüngül sənaye və maşınqayırma sənayesinə aid müəssisələr istənilən ölkənin inkişafına ciddi təkan verən faktorlardandır. Azərbaycan bunu nəzərə almalıdır. Azərbaycan gərək 2000-ci illərdən bu istiqamətdə konkret addımlar ataydı: “Həmçinin Azərbaycan nədənsə bir neçə mühüm beynəlxalq konvensiyalara, müqavilələrə qoşulmaq istəmir. İnvestorlar üçün çox vacibdir ki, yatırım etdikləri ölkə, məsələn, Ümumdünya Ticarət Təşkilatına üzv olsun. Azərbaycan hələ buna getməyib. İnvestorlar üçün vacibdir ki, ölkə müxtəlif hüquqi islahatlar həyata keçirsin, təşviq proqramlarını qəbul eləsin, vergi və gömrük siyasətini daha asan vəziyyətə gətirsin. Yəni investor, xarici şirkət cəlb eləmək o qədər asan məsələ deyil. Azərbaycanın hətta Ukraynadan da kifayət qədər üstünlükləri var. Logistik nöqteyi-nəzərdən, infrastruktur nöqteyi-nəzərindən Azərbaycanın altyapısı bu illər ərzində yaxşı inkişaf edib. Yollarımız pis deyil, elektrik, qaz, su təchizatımız pis deyil. Böyük magistral yollar salınıb. Logistik olaraq daha uğurlu yerdəyik. Həm Xəzərin o tərəfindən yerləşən ölkələrlə dəniz vasitəsilə ticarətimiz var, həm Şərqlə Qərbin qovuşduğu tranzit xəttinin üzərindəyik. Yəni uğurlu bir coğrafi məkanda yerləşirik. Amma investorlar tək logistikaya, tək ucuz işçi qüvvəsinə baxmırlar. Çin 1980-ci illərdə xarici investorları kütləvi şəkildə ona görə cəlb edə bildi ki, həm ucuz işçi qüvvəsi var idi, həm çox vacib hüquqi təminatlar verildi, beynəlxalq konvensiyalara qoşuldu, məhkəmə islahatları oldu. Ukrayna indi ona görə asanlıqla təklif edir ki, həm Ümumdünya Ticarət Təşkilatının üzvüdür, həm Avropa İttifaqı ilə assosiativ sazişi imzalayıb, həm də beynəlxalq qaydalara uyğun davranmağı öz üzərinə götürüb. Bütün bunlar isə investorlar üçün yaxşı şərait yaradır.  Əgər doğrudan da Çindən böyük müəssisələr çıxmağa başlayacaqsa, Azərbaycan da bu rəqabətdə, bu bazarda pay qazanmalıdır. Bunun üçün yuxarıda sadalanan məsələlər öz həllini tapmalıdır”.

Natiq Cəfərli seçkidə atasının etdiklərinə görə ondan küsüb - VİDEO

Ekspert qeyd etdi ki, Azərbaycan elektronika, yüngül sənaye və maşınqayırma sənayesinə aid müəssisələr yaratsa, ətraf ölkələr ciddi bazar rolunu oynaya bilərlər: “Artıq Gürcüstan da bu amili nəzərə almağa başlayıb. Gürcüstan yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Artıq danışıqlara başlayıb iri ölkələrlə, həmçinin Çinlə. Gürcüstan bilir ki, ətraf ölkələr hazır bazardır. Bizim üstünlüyümüz ondadır ki, əhalimiz çoxdur, kifayət qədər işçi qüvvəsi var, logistikamız daha yaxşıdır. Azərbaycan çəkinməməli addım atmalıdır və önə çıxmalıdır. Təbi üstünlüklərimizi iqtisadi üstünlüklərə çevirmək lazımdır.

İlk illər ciddi vergi güzəştləri tətbiq olunmalıdır. Ola bilər ki, ilk üç ildə bu müəssisələrdən dövlət büdcəsinə daxilolmalar çox olmasın, amma bu vacib deyil. Əsas məsələ odur ki, əhali iş yeri tapsın, Gələcək üçün inkişaf etsin ki, müəssisə gələcəkdə böyük vergilər də versin. Eyni zamanda çoxlu sayda insanlar o müəssisələrdə işləyib maaş alacaqlarsa, bunun özü dövlətin uğuru və yükünün azalmasıdır. Yəni söhbət dövlətin birbaşa qazancından getməməlidir. Vətəndaş yaxşı dolanırsa, deməli, dövlət buradan qazanır. Ən azından həm də işləyən vətəndaş əmək haqqından vergi verəcək".