| Xəbər 11687 dəfə oxunub
Rusiyanın məşhur stilisti:

“Moskvada vəziyyət elə Bakıdakı kimidir. Burada hava yaxşı deyil, ona görə də küçəyə çıxmaq istəyi də yoxdur. Moskvada hava günəşli olsa da, sərindir. Belə hava isə gəzmək üçün əlverişsizdir”.

Oxu.Az xəbər verir ki, bu sözləri gənc yaşlarından Rusiyaya köçüb, orada stilist fəaliyyəti ilə uğurla məşğul olan bakılı Vlad Lisovetskiy İTV-də yayımlanan “Gəl qonaq ol!” proqramında deyib.

Hazırda hamı kimi gününün çox hissəsini evdə keçirən stilist karantinin ona yaxşı təsir etdiyini və gənclik illərinə geri qaytardığını dilə gətirib:

“Bütün günü evdəyəm. Çox düşünürəm. Daha çox sosial şəbəkə vasitəsilə hamı ilə ünsiyyət qururam. Yanımda bir gözü göy, digər gözü yaşıl pişiyim yatır. Sizinlə söhbət məni vətənimə qaytardı. Karantin məni yenidən gəncliyimə apardı. 25 ildir ki, daim işləyirəm, biznesimlə məşğul oluram, hər gün çəkilişlərdəyəm. İndi isə heç nə etmirəm.

Bu karantin məni 16 yaşıma apardı. Axşam saat 9-dan sonra bilmirdik ki, nə işlə məşğul olaq. İki kanala baxa bilirdik. Biri Azərbaycan, digəri də Rusiya dövlət televiziyası. Evdə otururduq, hər yer qaranlıq idi, küçəyə çıxmırdıq. O zamanlar hamının telefonu da yox idi. Axşamlar ancaq oturub düşünürdüm. İndi də düşünürəm. Hazırda işim yoxdur. Çünki karantinə görə hər yer bağlıdır.

İndi bütün dünya karantindədir. Bu bir sınaqdır. Biz hər zaman özümüzdən qaçırıq. Oturub şəkillərə baxırıq. Hər zaman diqqətimiz yayınır. Heç kim oturub öz-özü ilə danışmır. Çünki çoxları özündən qorxur. Mən özümdən qorxmuram. Gözəl mənzilim var. Evimi aldım, gözəl təmir etdim. Amma vaxtım olmadı ki, bu gözəllikdə zaman keçirim. İndi bir aydan çoxdur ki, evimdəyəm və bundan ləzzət alıram”.

Proqramın aparıcısı Saleh Bağırovun rus dilindəki Azərbaycan ləhcəsinə valeh olan V.Lisovetski bunu paxlavaya bənzədib:

“Müxtəlif ölkələrə səyahət edirəm. Moskvada dostum çoxdur. Onlar arasında həm dağıstanlılar, həm də çeçenlər var. Amma Azərbaycan ləhcəsi paxlava kimi şirin və olduqca ürəyəyatımlıdır. Eşitdikcə insanı məst və feyziyab edir. Bunu Bakıda anadan olub, orada yaşadığım və Vətənimi nə qədər sevdiyim üçün demirəm. Bu, həqiqətən belədir”.