|
“Almalı olduğum cəza varmış ki…”-

“Tarkan kimi fanatımla evlənə bilərəm” 

“Dünyanı gəzmişəm, bircə Azərbaycana getməmişəm. Bakıya gəlmək istəyirəm. Koronavirus bəlası bitsin, gəlib Azərbaycanda “Canım” adlı mahnıma klip çəkdirəcəyəm. Klipimdə azərbaycanlı aktrisa Aysel Nazimin oynamasını istəyirəm. Artıq təklif etmişəm, qəbul edib”.

Bu sözləri türkiyəli müğənni Yaşar İpək musavat.com-un suallarına cavab verərkən deyib. O, karantin günlərini necə keçirdiyindən də bəhs edib: “Karantin günlərində anamın evində qalırdım. Bir neçə gündür ki, öz evimə keçmişəm. Bu müddətdə çoxlu mahnılar yazdım. İki mahnı aldım Sinan Akçıldan. Biri mayın 5-i işıq üzü görəcək. Mahnımı hazırlayanda çox tərəddüd etdim. Çoxlu əmək veririk, qarşılığını alacağıma inanıram. Koronavirusdan sonra dünyada heç bir şeyin əvvəlki kimi  olmayacağını düşünürəm”.

- Əvvəllər özünüzü aktyor kimi sınamısınız. Yenidən serial və ya film sahəsinə dönmək istərmisiniz?

 - Uşaq olanda oynadığım seriallar olub. Öz yazdığım ssenarilər var. O ssenarilərdən birini seriala çevirmək istəyirəm. “Youtube”da kanal açıb, öz çəkdiyim videoları bölüşmək istəyirəm. Yeni bir telelayihə də ola bilər. 

- Həyat yoldaşınızdan qalmaqallı şəkildə boşandınız. Hazırda həyatınzda biri varmı?

- Şəxsi həyata girmək istəmirəm. Yaşar hər şeyi tam yaşayan insandır. Sevmək, sevilmək gözəldir, biri ilə sevgi münasibəti qurmasam da, içimdə həmişə sevgi olur. 

- Bu müddətdə sizə qarşı haqsızlıq edildiyini düşünürsünüzmü?

- İndiyə kimi çox haqsızlıq görmüşəm. Həyatda hər şey imtahandır.  Almalı olduğum cəza varmış ki, başıma bunlar gəldi. 

- Bəs sizin üçün xoşbəxtlik nədir?

- Xoşbəxtlik mənim üçün rahatlıqdır, huzurdur. İçim gərək rahat olsun. Azad olum. Rahatlıq, sevgi və sayğı bir arada olmalıdır. İndi özümü çox yaxşı hiss edirəm. Keçmişə bağlı yaşayan biri deyiləm.

- Yenidən populyar biri ilə evlənə bilərsinizmi?

- Böyük danışmaq istəmirəm. Sevgi hissi üçün qərar verə bilmərəm. Anidən kiməsə vurula bilərəm. Tarkan kimi fanatımla evlənə bilərəm.