| Xəbər 1186 dəfə oxunub
Astarada koronavirusla bağlı yalan məlumatlar yayan şəxs həbs olunub

Astara rayonunda bir nəfərin “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə ayır-ayrı şəxslərə koronavirus infeksiyası ilə (COVID-19) bağlı dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar göndərdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com cənub bürosuna verilən məlumata görə, həyata keçirilmiş müvafiq tədbirlərlə həmin məlumatları yayan şəxsin rayonunun Səncərədi kənd sakini Dunyamalı Məmmədov olması müəyyənləşib və o, Astara RPŞ-yə dəvət olunub.

Aparılmış araşdırmalarla D.Məmmədovun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri aşkarlanıb və o, inzibati qaydada həbs edilib.