|
Koronavirusa “qarşı” metil spirti

Mütəxəssislər xəbərdarlıq edir...  

Dünya koronavirusla mübarizəyə səfərbər olunduğu bu günlərdə Azərbaycanda bəzi insanlar dezinfeksiyaedici məhlul kimi apteklərdə satışda olan, metil tərkibli texniki spirt içirlər. Son 10 gün ərzində Kliniki Tibbi Mərkəzə alkoqol zəhərlənməsi diaqnozu ilə 15-ə yaxın şəxs gətirilib. 

Həmin şəxslərdən 6 nəfərinin həyatını xilas etmək mümkün olmayıb. Reanimasiya şöbəsində olanların əksəriyyətində metil spirtinin təsiri kimi görmə qabiliyyətinin itməsi də müşahidə olunur. 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) məsələ ilə bağlı vətəndaşlara müraciət edərək metil spirtinin yalnız və yalnız dezinfeksiya üçün nəzərdə tutulduğunu, daxilə qəbula zamanı insan həyatı üçün olduqca təhlükəli olduğunu açıqlayıb.  

“Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur. Adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəli və yolverilməzdir. Çünki satışda olan və dezinfeksiya məqsədilə istifadə edilən, tərkibində bir atomlu spirtlər qrupundan etil spirti olan məhlullarda müvafiq farmakopeya məqalələrinin tələblərinə əsasən metil spirtinin – metanolun maksimum 200 mkq/ml-ə qədər mövcud olması mümkündür. Metanolun daxilə qəbulu təhlükəlidir, belə ki, 5-10 ml ağır zəhərlənmə və korluq törətməyə qadirdir, 30 ml isə ölümcül ola bilər. Zəhərlənmə baş veribsə, intoksikasiya, ürək bulanması, qusma, şiddətli baş ağrısı, görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsi, korluq kimi simptomlarla aşkar edilir. Bu cür zəhərlənmə insanın vəziyyətinin pisləşməsi ilə - sianoz (dərinin və selikli qişaların göyərməsi), nəfəs darlığı, genişlənmiş göz bəbəkləri, konvulsiyalar və tənəffüs çatışmazlığından ölümə səbəb ola bilər. Əhalini diqqətli və ehtiyatlı olmağa çağırırıq!” – açıqlamada deyilir.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov bildirib ki, son günlər gözdəki narahatlıqla bağlı müraciət edən xəstələrin sayında artım var: “Bizə spirtli içki qəbul etdikdən sonra göz problemi ilə bağlı müraciət edənlərin sayı çoxalıb. Mən bir həkim, bir vətəndaş kimi vətəndaşlara tövsiyə edirəm ki, mümkün qədər belə içkidən uzaq dursunlar. İçkidən zəhərlənmə çox ciddi fəsadlara gətirib çıxara bilər”.

Yada salaq ki, 2019-cu ilin dekabrlında Azərbaycanda piştaxtalarda metil spirtindən hazırlanan saxta içkilər peyda olmuşdu. Həmin içkiləri qəbul edən 20-yə yaxın vətəndaş zəhərlənmiş, 6-7 nəfər dünyasını dəyişmişdi. Bu gün apteklərdə dezinfeksiyaedici vasitə olaraq satışa çıxarılan, tərkibində az miqdarda metil spirtinin də olduğu məhlulları daxilə qəti şəkildə qəbul etmək olmaz.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a deyib ki, metil spirti daxili qəbul olunarsa, zəhərlənmə halları qaçılmazdır: “Belə içki qəbulundan sonra başda kəskin ağrılar yaranır, gözlər bərəlir, görmə problemi meydana çıxır, halsızlıq, təzyiqin kəskin düşməsi, soyuq tər basma halı olur, belə şəxslər dərhal toksikologiya şöbəsinə yerləşdirilməlidir. Qan mümkün qədər detoksikasiya olunmalıdır. Əl altında heç nə olmazsa, xəstəyə sistem qoyulmalıdır ki, qan durulaşsın, qandakı toksiki maddələrin konsentrasiyası aşağı düşsün, xeyli dərəcədə zəhərlənmə faizi aşağı düşsün. Yarım litr natrium xlor damara köçürülür ki, toksiki maddələrin qanda faizi aşağı düşsün. Mədə və bağırsaqların yuyulması da məqsədəuyğundur”.

Adil Qeybulla bildirib ki, qeyd olunan zəruri addımlar atılsa belə, metanoldan zəhərlənənlər mütləq şəkildə toksikoloji mərkəzə müraciət etməlidirlər.

Metil spirtinin öldürücü xassələri ilə bağlı “Yeni Müsavat”aaçıqlama verən Azərbaycan Dövlət Aqrar Universitetinin Qida məhsulları mühəndisliyi və ekspertizası kafedrasının müdiri, professor Hasil Fətəliyev  deyib ki, bütün növ spirtlərin tərkibində metil var. 

“Spirtin bu növü texnikidir və içilməsi qəti şəkildə məsləhət deyil. Metil spirti birbaşa onurğa beynini iflic edir. Nəticədə metil spirtini qəbul edənlərin orqanizmlərində fəsadlar əmələ gəlir, insanlar kor olur, dünyalarını dəyişirlər”, – deyə o qeyd edib. 

Ekspertin sözlərinə görə, hətta tullantı çirkab sulardan belə, texniki spirt almaq mümkündür: “Əslində isə ən yararlı spirt buğdadan alınanıdır. Bununla belə həmin spirt də təmizlənir, müəyyən inqredientlər – süd, kalium permaqanat vurulur, kömürdən keçirilir. Dezinfeksiyaedici məhlul isə metil spirtindən hazırlanır. Adından da göründüyü kimi bu dezinfeksiya üçün nəzərdə tutulur. Əlbəttə ki, belə məhlul qəbul olunursa, ölümə səbəb olacaq”.