|
Komissiya sədri olmaq istəyən Əli İnsanova YAP-dan “Evdə qal” çağırışı

Deputat Aydın Hüseynov: “Onun koronavirusla mübarizədə ən böyük xidməti ondan ibarət ola bilər ki...”

Sabiq səhiyyə naziri Əli İnsanov özünün sosial şəbəkə hesabında mütəxəssislərin iştirakı olmaqla koronavirusla mübarizə üçün dövlət komissiyasının yaradılmasını təklif edib.

Sabiq nazir xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatı bu qorxulu infeksiyanın bütün dünyada yayılaraq pandemiya halına keçməsini və proqnozların ürək açan olmadığını dəfələrlə elan edib:  “Koronavirus ilə bağlı ölkəmizdəki mövcud durum, bütün resusların, o cümlədən professional kadrların sürətlə yayılmağa meyilli olan və böyük insan tələfatına səbəb olacaq bu infeksiyaya qarşı təxirə salınmadan mübarizəyə cəlb edilməsini zəruri edir”.

 Ə.İnsanov qeyd edib ki, Azərbaycan həkimlərinin belə dəhşətli infeksiyalara qarşı böyük mübarizə təcrübəsi var:  “90-cı illərdə ölkəmizdə geniş yayılmış poliomielit, difteriya kimi infeksiyaların ləğv edilməsi və bir sıra digər infeksiyaların kəskin azaldılmasına nail olunub. Bundan başqa, 1997-ci ilin yazında Azərbaycanın 42 rayonunun geniş ərazilərini leysan yağışlar nəticəsində su basmış və saysız-hesabsız iri göllər yaranmışdı. Malyariyalı zonalar sayılan bu rayonlarda xəstəliyin geniş yayılaraq epidemiya halına keçə biləcəyi haqda Ümumdünya Səhiyyə Təşkilatı həyacan təbili çalaraq malyariya epidemiyasının təkcə ətraf ölkələri deyil, bütün Avropa üçün böyük təhlükə olacağı haqda Azərbaycan rəhbərliyinə təcili tədbirlər görülməyi üçün müraciət edib.

Səhiyyə Nazirliyinin ölkə prezidentinə ünvanladığı təcili tədbirlər paketi əsasında prezident Heydər Əliyevin yanında Nazirlər Komitəsinin təcili toplantısı keçirildi,  17 nazir və komitə sədrlərinin birinci müavinləri təmsil olunmaqla Dövlət Komissiyası yaradıldı. Bu məqsədlə 1,7 milyard manat (425 000 ABŞ dolları) vəsait ayrılmasına qərar verildi. Dövlət Komitəsi təcili toplanaraq müxtəlif sahələr üzrə mütəxəsislərdən ibarət altmışa yaxın briqadalar yaradıldı və 42 rayonda fəaliyyətə başladılar.

Aparılan geniş tədbirlər nəticəsində iki ay ərzində nəinki epidemiya təhlükəsi aradan qaldırıldı, hətta həmin rayonlarda təbii fəlakətdən əvvəl mövcud olan malyariya xəstələrin sayının kəskin sürətdə azalmasına nail olundu”.

Əli İnsanov hesab edir ki, bu gün Azərbaycanda koronavirusa qarşı mübarizənin səmərəli şəkildə təşkil edilməsi məqsədi ilə həkimləri və müxtəlif əlaqədar təşkilatların və mütəxəsislərin iştirakı ilə dövlət komissiyası yaradılmalı, dünya təcrübəsindən istifadə edərək ictimaiyyətin də yaxından iştirakı ilə mərhələli tədbirlər planı hazırlanmalı və həyata keçirilməlidir: “Mən Azərbaycan xalqının sağlamlığı naminə Azərbaycan iqtidarı ilə münasibətlərimi vurğulamadan, ictimai əsaslarla bu komissiyaya rəhbərlik etməyə razı olduğumu bəyan edirəm”.

Deputat Aydın Hüseynov Vahid Əhmədovu gərginlik yaratmaqda SUÇLADI ...

Hakim Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov isə musavat.com-a açıqlamasında bildirdi ki, Azərbaycanda koronviursla mübarizə prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə çox yüksək səviyyədə aparılır. Koronovirusla mübarizə bütün istiqamətlər üzrə çox yüksək şəkildə təşkil olunub. Qabaqlayıcı tədbirlər həyata keçirilib və keçirilir: “Həm insanların sağlamlığı üçün, həm ölkə iqtisadiyyatının dayanıqlığının saxlanması, həm insanların iqtisadi vəziyyətinin normal olması məqsədilə çox ciddi addımlar atılır. Cənab prezidentimizin tapşırığı ilə İqtisadiyyat Nazirliyi 9 istiqamət, 4 sahə üzrə, 20 məşğulluq növü üzrə böyük proqram hazırlayıb. Bu proqramın hər bir bəndinə nəzər salanda görürük ki, vətəndaşların mənafeyi ön plandadır. Nazirlər Kabinetində Koronovirusla Mübrizə üçün Operativ Qərargah yaradılıb və orada bütün müvafiq orqanlar təmsil olunur. Qərargah çox ciddi fəaliyyət göstərir. Bu Qərargah vasitəsilə dövlət çox mühüm addımlar atır ki, dövlətimiz, xalqımız koronvirus təhlükəsindən mümkün qədər az ziyanla çıxsın”.

Deputat qeyd etdi ki, Əli İnsanov indiki situasiyadan bəhrələnmək-özünü gündəmə gətirmək üçün istifadə etmək istəyir: “Əli İnsanovun koronavirusla mübarizədə ən böyük xidməti ondan ibarət ola bilər ki, özü evdə qalsın, Operativ Qərargahın tələb və tövsiyələrinə, xüsusi karantin rejiminin qaydalarına riayət etsin. Bu, onun xidməti ola bilər. Hər hansı komissiyanın yaradılması və özünün də oraya rəhbərlik etməsi kimi məsələləri gündəmə gətirməklə sadəcə “mən də varam” deyərək özünü gündəmə gətirmək məqsədi güdür. Koronovirusla mübarizə dövlət tərəfindən çox yüksək səviyyədə həyata keçirilir”.