|
Siyavuş Novruzov:

“Biz bu gün iki deyil, üç virusa qarşı mübarizə aparırıq. Bəzi dairələr çox sevincək halda bu təhlükənin genişləndiyini, hökumətin bu problemin qarşısını ala bilmədiyini qeyd edir. Hansı ki, özləri Avropa ölkələrində evdən bayıra çıxa bilmirlər”. Milli Məclisin komitə sədri Siyavuş Novruzov bu fikirləri plenar iclasdakı çıxışında söylədi. Komitə sədri hərbi çağırışla bağlı qanuna əlavə və dəyişikliklərin edilməsini zəruri saydı: “Bu virus keçib gedəcək, amma bu müddət ərzində Hərbi səfərbərlik haqqında qanun layihəsinin təkmilləşdirilməsinə çox böyük ehtiyac var”.

S.Novruzov hərbi çağırış qaydalarına dəyişikliyi zəruri saydı: “Dünyanın heç yerində 4 dəfə çağırış yoxdur. Biz qanunu elə hazırlamalıyıq ki, iki çağırışa keçək. O vaxt orduda əsgərə tələbat var idi. Keçmişdə müraciət edirdilər ki, məni qəsdən hərbi xidmətə aparırlar. Amma indi artıq müraciət edən 400 nəfərdən 350-si deyir məni niyə xidmətə aparmırlar?” Komitə sədri daha sonra bildirdi: “Qanunda var ki, 3 uşağı olanlara möhlət verilir. Ancaq iki uşağı saxlamağın özü də qəhrəmanlıqdır. Biz qanuna yenidən baxmalıyıq ki, əvvəlki kimi, iki uşaq məsələsi əksini tapsın. Ailə başçısı uşaqlarını qoyur evdə, gedir cəbhə bölgəsində xidmət edir. Hansı keyfiyyətli xidmətdən söhbət gedə bilər?”

Deputat Fazil Mustafa ekstremal vəziyyətlə əlaqədar reqlamentin 3 dəqiqəyə endirilməsini təklif etdi.

Sədr təklifi səsə qoydu, 90 səslə qəbul edildi.

Deputat Aydın Mirzəzadə isə dedi ki, hansı deputat qanun layihənin əleyhinə çıxacaqlarsa, o halda çıxış etsinlər. Çünki bütün ölkədə “evdə qal” çağırışları edilir və bu halda müzakirələrə uzun-uzadı vaxt ayırmaq doğru olmazdı.

Birinci vitse-spiker Əli Hüseynli də dedi ki, operativlik naminə bu təklifi müdafiə etmək lazımdır. 92 lehinə, 2 əleyhinə olmaqla qanuna dəyişikliklər qəbul edildi.