| Xəbər 871 dəfə oxunub
Koronavirusla paralel təşviş doğuran hantavirus -insandan-insana yoluxa bilirmi?

Xəbər verdiyimiz kimi, Çinin Uhan şəhərində ortaya çıxan və tez bir zamanda əksər ölkələrdə sürətlə yayılan koronavirus dünyasının bəlasına çevrilib. Dünya bütün gücü ilə koronavirusla mübarizə apardığı bir zamanda Çində daha bir öldürücü virus - hantavirusun ortaya çıxması və bir insanın dünyasını dəyişməsi təşvişə səbəb olub.

Xəbər verilir ki, Çinin Yunnan əyalətində bir kişi avtobusda dünyasını dəyişib. Kişi Yunnan əyalətindən iş üçün Şantung əyalətinə gedirmiş. Aparılan araşdırmalardan sonra məlum olub ki, həmin şəxs hantavirus daşıyıcısıdır. Buna görə avtobusda olan 31 şəxs karantinə alınaraq, testdən keçirilib.

Bəs hantavirus nədir və harada ortaya çıxa bilir?

Qeyd olunur ki, bu virus əsasən siçovullarla təmas və yaxud siçovul idrarı, nəcisi, tüpürcəyinə toxunma nəticəsində heyvandan insana keçir. Hantavirus “Hantavirus Ağciyər Sindromu” (HPS) adlı xəstəliyə səbəb olur. Mütəxəssislər bildirir ki, bu virus insandan insana keçmir və bunun üçün də təhlükəli hesab olunmur.

Bu virusun adı ilk dəfə aşkar olunduğu Hantan çayından (Cənubi Koreyada) götürülüb. “Kırım-Konqo qızdırması virusu”nda olduğu kimi, bu virus da yüksək qızdırma ilə müşayiət olunur.

Virusun simptomları bunlardır: yorğunluq, qızdırma, əzələlərdə ağrı, baş ağrısı, ishal, ürəkbulanma, qanaxma. Bu virus ağciyər şişi, böyrək çatışmazlığı kimi xəstəliklərə səbəb ola, öldürə bilir.