| Xəbər 1419 dəfə oxunub
Koronovirus və böhranla bağlı 5 mülahizə və 15 təcili tədbir

Sabiq maliyyə nairi, iqtisadçı professor Saleh Məmmədovun dünyanın gündəmini zəbt edən koronavirus bəlası barədə yazısını təqdim edirIK: 


1. Koronovirus haqqında son məlumtatlar

Dünyada yeni koronavirus (Covid-19) tutulanların sayı bu günə 380 mini, bu virusdan ölənlərin sayı 16 mini, püskürmənin qarşısını almaq üçün evlərində saxlanılananların sayı 1.8 milyardı keçdi. Azərbaycanda vəziyyət hələ ki, nisbi yaxşıdır, cəmi 87 nəfər (hər rayona 1-2 nəfər düşür) xəstəliyə tutulan var, onlardan bir nəfər həyatını itirmiş, 10 nəfər tam sağalmış, qalanları intensiv müalicə edilir. Dünya Səhiyyə Təşkilatı ölkələri bütün şübhəli halları tibbi testdən keçirməyə çağırdı. BMT dünya üzrə atəşkəs elan etməyə çağırdı. Əksəriyyət ölkələrdə koronovirusa görə həbsxanalar boşaldılır.

2. “Koronovirus” elmi məhsuldur

Göründüyü kimi bütün dünyanı bürüyən koronovirus üstdən 3 ay keçməsinə baxmayaraq hələ də səngimək bilmir. Məhşur dünya alimləri 2020-ci ildə süni intelektlə təbii intelektin dərk etmə və nəticə çıxarma qabililiyyət səviyyəsinin bərabərləşməsini proqnozlaşdırırdılar. Hətta, bəlli bir dövr ərzində süni intelektin insan nəzarətindən çıxaraq sərbəstləşməsi imkanları da müzakirə olunur və buna qarşı mübarizə üsulları müəyyənləşdirilməyə çalışılırdı. Robotların, süni intelekt və maşın lörning (machine learning) proqrqmlarının özü özünü (insanın iştirakı olmadan) geniş təkrar istehsal edə biləcəyi tərzdə, əlbəttə, bu proqnozların doğrula biləcəyi ehtimalını qəti inkar etmək olmur. Hər halda tam təsdiq olunmasa da görünən odur ki, “Koronovirus”süni intelekt - elmi məhsuldu və bir az da nəzarətdən çıxma meyllidir. Amma süni intelekti yaradan insan zəkasıdırsa, gec tez onu nəzarət altına sala biləcək.

3. Elmi virusla mübarizə daha böyük elm tələb edir

Hər bir yeni dağıdıcı hadisə düzgün yol seçən xalqlar üçün daha yeni və böyük üfüqlər açır. Ümumiyyətlə, dünya elmndə ciddi meyl – dağıdıcı, amma böyük gücə malik hadisələr və prosesləri sadəcə ləğv etmək deyil, bu gücün faydalı enerjiyə çevrilməsinə nail olmaqdı. Qərb dünyasında bu meyl və prinsip çox yaxşı istifadə olunur. Koronovirusun meydana çıxması bir çox elmi ixtiralara, inkişafa gətirib çıxaracaq (tibb sahəsində, texnologiya, süni intelekt, enerji təminatı vəs). Amma, əlbəttə, elmi virusun qarşısına ov tüfəngi və ya külünglə çıxan millətlər daha da zəifləyərək sıradan çıxacaq.

4. Azərbaycanda koronovirusla mübarizə

Azərbaycana koronovirusun gəlməsi dərhal ikinci daha ağır virusun (neft-qara virus) baş qaldırması ilə müşayiət olundu. İki bəla eyni vaxtda hər an olan hadisə deyil - üstəlik, iqtisadiyyatın zəif düşməsi vaxtına rast gəlməsi və elmin inkişafının katastrofik geri qalması vəziyyəti daha da ağırlaşdırır.

5. Ekstrarezervlər qısa zaman üçün nəfəslik saxlayır

Lazım olandan da artıq ekstrarezervlərin toplanması və hökümətin xeyli qabaqlayıcı tədbirlər görməsi vəziyyəti bir qədər yumşaltsa da, ekstremal tədbirlər görülməsə, Azərbaycanın vəziyyətinin ciddi surətdə gərginləşməsi qaçınılmaz olacaq. Amma koronovirusun və “neft virusunun” dağıdıcı enerjisini faydalı enerjiyə çevirmək imkanları da var və əgər belə bir istiqamət götürülərsə, ölkə tarixi bir fəlakətdən qurtarılmaqla yanaşı, texnoloji və iqtisadi inkişafın tamamilə yeni bir erasının əsasını qoymuş olardı.

Fövqəladə 15 tədbir

1. Dünyamızın rəqəmsallaşdırılması: Koronovirusun ilk məcburiyyəti

Dünya virtuallaşır, rəqəmsallaşır, hər şey, hər bir hərəkət, klassik dünyada gördüyümüz bütün proseslər elektronlaşır: rəqəmsal hökümət, rəqəmsal biznes, rəqəmsal təhsil, dil, mətbuat, istehsal, nəqliyyat, inşaat, ticarət, hətta müharibələr. Hər bir fəaliyyət rəqəmsal dünyada internet vasitəsilə həyata keçirilir, evdə oturaraq görülür. Koronovirus da buna yönləndirir, hətta məcbur edir. Mən öz işlərimdə özümə aid işlərin hamısını rəqəmsallaşdıra bildiyimə görə evdən çıxmağa ehtiyac görmürəm. Dövlətin bütün xidmətləri, biznesin göstərdiyi servis, beynəlxalq proseslər, nəqliyyat, təhsil rəqəmsallaşdıqdan sonra evdən şıxmağa, tıxaclarda, yollarda əzab çəkməyə ehtiyac qalmazdı.

2. Nə üçün tez başladıq və tez də söndük..

E-hökümət qurulması haqqında ilk qərar və proqram hələ 2004-cü ildə qəbul olunmuşdur. Bəzi tədbirlər görülsə də, təəssüflər olsun ki, nəticə çox zəifdi. Məsələn, dövlət xidmətlərinin rəqəmsallaşdırılması dövlət məmurlarının sayının ən azı iki dəfə azaldılmasını təmin etməli idi, əksinə xeyli artmışdı, üstəlik Asan xidmət kimi əlavə böyük bir qurum yaradılmışdır . 2019-cu ildə yaradılan yeni iş yerlərinin az qalası yarısına qədəri dövlət xidmət orqanlarının payına düşmüşdür. Əlbəttə, yeni iş yerləri, istehsal və xidmət obyektləri çox yaxşı tədbirdi, amma unutmaq olmaz ki, ciddi ehtiyac olmayan dövlət məmuru cəmiyyətin inkişafına ciddi ağır yükdür, böyük tormozdu. İşi olmayan məmur özünə həmişə iş tapmağa çalışacaq, məhdudiyyətlər, daha nələr – üsullar fikirləşəcək. Eləcə də e-hökümətin başqa sahələri üzrə qənaətdən söhbət gedə bilməz, müsbət nəticə görünmür.

3. Proqramlaşma sənayesi

Rəqmsal həyat iki baza üzərində qurulur: proqramlaşma və texnologiyalar (müasir elmin ən vacib iki sahəsi). Rəqəmsallaşma sahəsində istifadə etdiyimiz proqram təminatının demək olar ki, hamısı xarici dövlətlərin istehsalıdı. Eyni ilə rəqəmsal silahlar da belədir. Rəqəmsal texnologiyaların bir ciddi fərqi var: proqramı kodlaşdıran şəxs o texnologiyanın əbədi sahibidi (hətta mülkiyyət haqqını satsa belə). Düşünməliyik, müharibənin ortasında rəqəmsal silahları qaytarıb özümüzə qarşı çevirə bilərlər.

4. Proqramlaşma sənayesi elmin və sürətli inkişafın əsas mənbəyidi

Proqramlaşma ölkənin taleyini, iqtisadiyyatını, büdcəsini, inkişafını, təhlükəsizliyini təmin edən nəhəng industriyaya çevrilir. Dünyanın trilyoner şirkətlərinin, inkişaf etmiş ölkələrinin hamısı super modern proqramlaşma sənayesinə sahib olanlardı, ən zəngin insanlar bu sahədədirlər. Belə bir həyat və gəlir mənbəyinə necə laqeyd yanaşmaq olar? Mənə elə gəlir ki, proqramlaşdırma sənayesinə illik investisiyaların həcmi ən azı bir milyarda dollara çatdırılmalıdı, ölkəni tərk edən milli kadrlar geriyə çağırılmalı, xarici şirkətlərə verilən proqramlaşma layihələri yerli şirkətlərə verilməlidi (əlbəttə tender əsasında).

5. Rəqəmsal texnologiyalar

Təsəvvür etmək olardımı ki, bu qədər maliyyə imkanlarına sahib, bütün sovet məkanını neft və qaz avadanlığı ilə təmin edən bir ölkə 28 illik müstəqillikdən sonra bir dənə də olsun elmi – texnoloji məhsul çıxara bilməyəcək? Mən də təhlili dərinləşdirənə qədər başqa cür fikirləşirdim. Telefon, kompyüter, proqram təminatlı texnoloji avadanlıq ... heç bir sahədə müvəffəqiyyət haqqında danışmaq olmur. Heç olmasa, dost ölkələrin şirkətlərinin texnologiyasının ölkədə yığılması, yavaş-yavaş sərbəst istehsala keçilməsi mümkündür.

6. Hər şey pulun başındadı...

Bir də ki, hər şey pulun başındadı. Bütün ölkənin resursları bu işə cəlb olunmalı, yüksək texnoloji istehsal qurulmalıdı. Elmi-texnoloji istehsal bir neçə il əksəriyyət vergilərdən azad olmalıdır. Ölkəmizin vergi qanunvericiliyinə baxaq: xaricdən idxal olunan texnoloji avadanlıq ƏDV-dən azaddı, amma milli texnologiya istehsalşıları 18% ƏDV-ə cəlb olunur. Qanunvericiliyin çatışmazlığına görə yerli şirkətin texnoloji məhsulu 18% baha başa gəlir.

7. Öyrətmə 1-100 yaşına qədər

Anadolu türklərinin bir atalar sözü var: “Adama balıq vermə, amma balıq tutmağı öyrət”. Sadə atalar sözü də olsa, tarixi iqtisadi inkişaf fəlsəfəsinin əsasını və prinsiplərini dolğun ifadə edir. Ölkədə bütün imkanların səfərbərliyə alaraq ölkəni başdan – başa təhsil, öyrətmə meydançasına çevirmək ən başlanığıc tədbirlər kompleksi olmalıdır. Təhsil yalnız, bağça, məktəb, universitet deyil 1 yaşından 100 yaşına qədər bütün qrupları əhatə etməlidir.

8. Həyat boyu öyrənmək və ya Çinin ahıllar universitetləri

İndi bütün dünya həyat boyu təhsil sisteminə keçmişdir. İnformasiya əvvəllər 5-10 ildən bir yenilənirdisə, indi hər ildən bir olur. 15-20 il əvvəl aldığımız təhsil bizə heç nə verə bilməz. Gənc, yaşlı, əlil, xəstə - hər kəs sürətlə və ardıcıl olaraq təhsilini təkmilləşdirməlidir. Başqa cür texnoloji inkişafın arxasınca yetişmək olmayacaq. Dünyanın ikinci nəhəngi Çinin ahıllar universitetləri ən ciddi rol oynayan təhsil ocaqlardıdı.

9. Öyrətmə üçün elektron sistem

Təhsil üçün mütləq elektron sistem qurulmalıdır. Elektron sistem hər kəsin evinə daxil olmalıdır. Elə bir proqram (respublika mərkəzi beyin mərkəzi-Data science bazasında) qurulmalıdır ki, bir saniyənin ərzində bütün əhaliyə informasiya çatdırmaq, onlarla təmas qurmaq mümkün olsun. Qərb ölkələrinin yaratdığı texnologiyalar buna tam imkan verir, üstəlik ölkədə proqramlaşma sənayesini qura bilsək, çox bacarıqlı Azərbaycan alimləri bu sahəyə öz ciddi töhvəsini mütləq verəcəkdi.

10. Elektron sistem üçün öyrətmə

Elektron sistemi qoşmaq üçün mütləq əhalinin hamısı rəqəmsal biliyə malik olmalıdı. Rəqəmsal həyata uyğunlaşmaq üçün ən azı, oxuyub-yazmağı və bu texnologiyalarla işləməyi bacarmaq lazımdır. Oxuyub yazmağı hər kəs bacarır, bu bizə Sovetin mirasıdı, amma İT-dən istifadə bacarığına yiyələnmək xeyli vaxt və məsrəf tələb edir. Məhz bu elektron sistem vasitəsi ilə bütün vətəndaşları bu və ya digər formada hazırlamaq lazımdır.

11. Təhsilin onlayn sistemə keçirilməsi onun dayandırılmasından on qat səmərəli olardı

Koronovirus pik vaxtı keçənə qədər təcili olaraq onlayn təhsil təşkil olunmalıdır. Artıq 20 gündür ki, əhalinin 25%-nə yaxınını təşkil edən müəllim, tələbə və şagird tərkibinin təhsildən yayındırılması baş vermişdir, bu bütövlükdə bu ölkəyə 1 milyard dollardan çox zərər vurmuşdur. Onlayn təhsil qurula bilsəydi, bu zərər də olmazdı, həm də təhsil üçün çəkilən bütün məsrəflər müxtəlif elementlər üzrə təqribən 30-99% azalardı. Üstəgəl bütün iştirakçılar məcburən ən vacib və mütərəqqi elm sahəsi olan İT-nı, bir çox proqramları mənimsəmiş olardı – bütün iştirakçıların İQ əmsalını ən azı 30% yüksəltmiş olardı. Nəqliyyata, yol xərclərinə, yanacaq, bina, avadanlıq, vaxt, kağız məsrəflərinə qənaət, tıxacların aradan qaldırılması onlayn təhsilin faydalarından bir qismidi. Təhsil Nazirliyinin bu sahədə intensiv işi təqdirəlayiqdir. Bir sıra xarici şirkətlərlə danışıqlar aparır. Təəssüf ki, Azərbaycanda belə proqram yoxdur, dünyada isə yüzlərlədi. Üzərində dayanılan Microsoft team –di. Ölkədə istifadə olunan kompyüterlərin əksəriyyətidə Microsoftun Windows proqramıdı və onların da daha çoxu qaçaqdı, xüsusilə də tələbələrdə. Ciddi problemlər ortaya çıxacaq. Buna görə də daha ucuz və keyfiyyətli proqramlar var, məsələn, Zoom, Webex, Moodle, Ispring, Adobeconnecet, Google-classroom, Webtutor, Memberlux və s). Hesab edirəm ki, müvəqqəti olaraq paralel olaraq diversifikasiya üçün iki proqramdan istifadə etmək olar və dərhal milli proqramın işlənməsinə başlamaq lazımdır. Bu proqramlar böyük məbləğdə kirayə və xidmət haqqı tələb edirlər və gipertəhlükəzizlik problemi törədə bilirlər.

12. Maliyyə təminatı

Koronovirus böyük dünya maliyyə böhranına səbəb oldu. Azərbaycan iqtisadiyyatını isə çox ağrılı yerindən vurdu, neftin barel qiyməti 60 dollardan 20 dollara qədər endi. Ölkənin neftdən asılılıq səviyyəsi (brutto) 95-97%-di. Belə olan halda iki əsas prinsipə əməl olunmalıdır: qətiyyən dövriyyədə pulun həcmini azaltmağa, məhdudlaşdırıcı siyasətə keçmək olmaz, bütün tədbirlər genişləndirici maliyyə siyasətinə yönəldilməlidi (bu tədbirlər haqqında yazmışdım. Prezident fövqəl tədbirləin həyata keçirilməsi üçün büdcədən bir milyard manat vəsait ayırmışdır. Amma bunun istifadəsi gərək düzgün planlaşdırılsın.

13. Büdcədən, yoxsa başqa mənbəədən?

Büdcə qəpiyinə qədər təyinata malikdir, büdcədən bu məqsədə vəsait ayırılması hansısa maddənin çıxarılması demək olacaq. Büdcəyə toxunmadan bu vəsaitin neft fondundan ayırılması məqsədəuyğun olardı, həm də bununla bərabər böhran investisiya imkanlarını xeyli artırmağı tələb edir. Neftdən asılılıqdan ölkəni qurtarmaq ucuz və asan başa gələn deyil, böyük maliyyə, böyük iş, cəhd və fəaliyyət-köklü islahat tələb edir.

14. Bir milyardı hara yönəltməli?

Azərbaycan cəmiyyəti sırf istehlakçı bir cəmiyyətə çevrilib. Demək olar ki, 10 milyonluq bir cəmiyyət əsasən təbii resursların sifarişlə çıxarılıb istehlakı ilə yaşayır, elm sıfırlanmış vəziyyətdədir. Bu çox təhlükəlidi. Atatürk deyirdi ki, heç nə istehsal etməyən millətlər əvvəl ləyaqətini, sonra müstəqilliyini və nəticədə gələcəyini itirməli olacaq. Üstəlik, milləti tənbəlləşdirir, zəiflədir, müqavimət gücünü endirir. Təəssüflər olsun ki, bütün cəmiyyət Koronovirusdan da daha təhlükəli, istehlakçılıq xəstəliyinə tutulub. Bütün bölgü-təklif müəllifləri vəsaitlərin əsasən istehlaka yönəldilməsini irəli sürürlər. Hesab edirəm bu vəsaitlər əsasən, 90%-i yaradıcılıq xarakterli işlərə, istehsalat və elmi layihələrə yönəldilmədir. Proqramlaşma industriyasının yaranmasına, Elmi kollektivlərin, virusologiya tədqiqat institunun açılmasına, bir sıra digər startapların yaradılması zəruridir. Yalnız proqramlaşma industriyasının yaranması üçün ildə ən azı yarım milyard manat tələb olunur, bu məsrəflər beş qat özünü ödəyə biləcək.

15. Koronovirusla mübarizə məhsullarının istehsalı

Kronovirus fürsətindən istifadə edərək tibb sənayesini sürətlə inkişaf etdirmək olar. Adi maska, antiseptiklər, sprey, spirt, marlı, bir çox dərmanlar, tibbi texnologiyalar və s təcili istehsalını qurmaq olar. Bununla bərabər planşet, kompyuter, smart telefonlar istehsalının, robotlar yığılmasını təşkil etmək olar. Ayrilan bir milyard manatın 90-10% nisbətində yaradıcı və istehlakçı qruplar arasında bölüşdürülməsi zəruridir.

Prof.dr. Saleh Məmmədov