|
Birjalar həftəyə enişlə başladılar

Bu gün səhər dünya birjaları açılar-açılmaz bütün istiqamətlərdə dəyərsizləşmə yaşanmağa başlayıb.

Musavat.com xarici mətbuata istinadla xəbər verir ki, bazarlar dünyada, xüsusilə də ABŞ-da koronavirusun yayılma sürətinin artması fonunda Konqresin iqtisadiyyata yardım paketi üzrə razılığa gələ bilməməsinə neqativ reaksiya veriblər.

Bakı vaxtı ilə saat 08.25-də Londonun ICE birjasında Brent nefti ötən cümə günündəkindən 2,5 faiz ucuzlaşaraq 26,3 dollara satılıb.  Nyu-York birjasında WTI nefiğti isə 1 faiz dəyər qazanaraq 22,9 dollar olub. 

Məşhur sənaye indeksi olan S&P 5003,7 faiz dəyərsizləşib, eniş davam edir. 

Honqkonqun Hang Seng indeksi 3,75 faiz, Avstraliyanın S&P/ASX 200 indeksi  6 faiz dəyər itirib. Yaponiyanın NİKKEİ225 indeksi isə 1,7 faiz yüksəlib. 

Bütün dünyada investorlar virusun nəzarət altına alındığını, əlaqələrə qoyulan qadağaların aradan qalxacağı dəqiq vaxtın müəyyənləşməsini görmək istəyirlər. Lakin hələ ki bunu görə bilmirlər. İnkişaf etmiş ölkələr faktiki olaraq virusa qarşı mübarizədə gücsüz durumdadırlar. 

Goldman Sachs ekspertləri bu ilin ikinci rübündə ABŞ-da Ümumi Daxili Məhsulun illik ifadədə 24 faiz, IHS Markit  isə 13 faiz azalacağını proqnozlaşdırırlar.

Ötən həftə bazarlarda baş verən sıçrayışlar investorların hətta qızıl və ABŞ dövlət istiqrazları kimi etibarlı sərmayə növünə marağını da azaldıb.