| Xəbər 8258 dəfə oxunub
İtalyan bələdiyyə sədrindən italyanlara sitəm:

Koronavirus epidemiyası zamanı ən çox insan ölümünün və yoluxma hadisəsinin yaşandığı İtaliyanın Delia bölgəsinin bələdiyyə sədri Gianfilippo Bancheri sosial mediadan paylaşdığı görüntülü mesajla dünyaya səs salıb. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bələdiyyə sədri öz videomüraciətində epidemiyaya baxmayaraq küçəyə çıxan insanlara etirazını bildirib. O, sakinləri həm də müvafiq qurumların xəbərdarlıqlarına əhəmiyyət verməməkdə qınayıb. 

"Facebook"da Bancheri tərəfindən yüklənən video qısa müddət ərzində bir çox ölkədə paylaşılıb. Bancheri bildirib ki, üzərində "Hər şey düzələcək” yazılan posterlər hazırlamaq epidemiyanın qarşısına keçmək üçün kifayət deyil. O, bu fikirlərini özünəməxsus şəkildə ifadə edib: "Hər şey düzələcək” deyə posterlər hazırlamaq üçün 20 nəfər eyni evə toplanırsınız. Nəticədə virus belə yayılır. Ən çox 20 nəfərin sistemli şəkildə səhərlər qaçdığı bir şəhərdə nə zamandan bəri hər kəs qaçmaq üçün həvəsli oldu? Bir çoxunuz son dəfə ibtidai sinifdə qaçmısınız. Çoxunuz stresli olduğunuzu deyir və ona görə qaçdığınızı bildirirsiz. Mənim də 20 ildir ki, səhərlər qaçmaq vərdişim var. Amma necə oldu ki, hamınız birdən-birə qaçmağa həvəsli oldunuz? Saç düzəltdirmək, saç baxımı üçün saç ustasını evə çağırmaq nə demək? Axı bu baxımlı saç indiki ərəfədə sizin nəyinizə lazımdır? Bu gün bazar günüdür. Bir çox insanlar piknik etmək üçün şəhər mərkəzinə gedib. Manqal yandırıb, barbekü hazırlayacaqsız. Zarafat edirsiz? Öz həyatınızın üzərindən zarafat edirsiz? Hələ də evində parti verənlər var. Bu gün gedib onları evlərində dayandırmalıydım.

Hamımız sağlamıq və bir binada yaşayırıq. Belə düşündüyümüz üçün də virus yayılır. Evdə qalın demək evdə ailənizlə oturun demək mənasına gəlir. Bu, gedib qonşunuzla parti edin demək deyil ki. Noldu, birdən-birə qonşularınızla yaxınlaşdız, mehriban olduz? Hər şey normalmış kimi alış-verişə getsək, hər gün siqaret almaq üçün marketə düşsək, bu virusun qarşısını necə alacağıq? Siqaret çəkməniz sizin özünüzə aid məsələdir. Amma həftəlik siqaret almaq olar. Ya da hər gün benzin almaq nə deməkdir? Sizə “evdə qalın” deyirik, gedib benzin alırsız. Bu durumda benzin sizin nəyinizə lazımdır?"

Xatırladaq ki, İtaliyada bu günə qədər 53 min 578 koronavirusa yoluxma qeydə alınıb. Virusla bağlı 4 min 825 nəfər dünyasını dəyişib.