| Xəbər 7371 dəfə oxunub
Ödənilən ƏDV-nin geri qaytarılması mexanizmi işə düşür - FOTO

Ekspert: “Bu, itirilən vergi gəlirlərinin müəyyən bir qisminin kompensasiyası üçün imkanlar yaradır”

Martın 21-də Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” qaydalarını təsdiqləyib.

Xatırladaq ki, pərakəndə satışdan alınan mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması Vergilər Məcəlləsinə edilmiş və 2019-cu ildə qüvvəyə minmiş əlavələrdə əksini tapıb. Burada məqsəd pərakəndə ticarət sektorunda qeydiyyatdan yayınmanın qarşısını almaq üçün istehlakçıların dəstəyindən yararlanmaqdır.

Təsdiq olunmuş qaydalara əsasən istehlakçıların ölkə ərazisində pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən aldığı mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödədiyi Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsi 30 gün ərzində onlara geri qaytarılacaq. Geriyə ödəniş bank kartına və yaxud hesabına köçürmə yolu ilə həyata keçirilir. Əgər istehlakçı əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV-ni geri almaq üçün milli valyutada bank kartına və yaxud hesabına malik olmalıdır.

Geriyə ödəniş proseduru isə aşağıdakı kimidir:

- İstehlakçı nağd və yaxud nağdsız qaydada aldığı mala dair məlumatları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatına daxil edərək, istehlakçıya nəzarət-kassa aparatı çeki təqdim etməlidir. İstehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya nəzarət-kassa aparatı çeki ilə yanaşı, POS-terminaldan çıxarış da verilməlidir.
- İstehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil edir. Ödənilmiş ƏDV-nin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin tələblərinə cavab verməlidir.
- Portala daxil olan müraciət “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun müddəaları nəzərə alınaraq, çekin çap olunduğu tarixdən 14 gün sonra aktivləşir.
- İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.
- Qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 gün müddətində müvəkkil banka ötürülür.
- Müvəkkil bank 10 gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini qaytarır. Vergi Məcəlləsinə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir.
- Müvəkkil bank qaytarılmış ƏDV məbləği barədə məlumatı müddət başa çatdıqdan sonra 5 iş günü müddətində vahid məlumat bazasına daxil edir.
- Dövlət Vergi Xidməti hər ay qaytarılan məbləğlə bağlı növbəti ayın 10-dan gec olmayaraq müvəkkil bankla üzləşmə aparır və tərəflər arasında üzləşmə aktı imzalanır.

resad.jpg (66 KB)

İqtisadçı-ekspert Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, pərakəndə satışdan alınan mallara görə ödənilən ƏDV-nin geri qaytarılması mexanizminin gec olsa, yaradılması müsbət addımdır: “Alış-veriş edərkən yığdığınız kassa çeklərində əks olunan ƏDV məbləğinin nağdsız olduqda 15 faizi, nağd olduqda isə 10 faizi Sizə qaytarılacaq. Və yaxşı olar ki, bu imkanlardan yararlanın. Çünki bu, həm Sizə müəyyən qənaət imkanı yaradır və həm də sahibkarın fəaliyyətinin uçota alınmasını təmin etməklə dövriyyəni gizlədərək vergidən yayınmasına mane olur ki, nəticədə yenə büdcə və yenə dolayısı ilə Sizlər qazanmış olursunuz....Bunu bir alətə çevirib monopolist şirkətlərin az da olsa bu ölkədə nəyəsə qatqısını təmin edə bilərik”.

Ekspertin fikrincə, mexnizmin yaradılması indiki halda iki tərəfdən əhəmiyyətlidir: “Birincisi, mövcud iqtisadi şərtlər qənaəti zəruri edir, çünki növbəti aylar proqnozlaşdırılan deyil, iqtisadi resessiya isə qaçılmaz olacaq. İkincisi, dövlət büdcəsinin vergi bazası zəifləyəcək ki, bu mexanizm iqtisadi fəaliyyətlərin nisbətən şəffaflaşması və itirilən vergi gəlirlərinin müəyyən bir qisminin kompensasiyası üçün imkanlar yaradır. Lakin bu mexanizmin əhəmiyyətli nöqsanları olduğu fikrindəyəm. Bunlardan ən başlıcası isə inhisarı dəstəkləməsi ola bilər. Belə ki, adından da göründüyü kimi, yalnız ƏDV ödəyicisi kimi fəaliyyət göstərən ticarət və iaşə müəssisələrindən alınan mal və xidmətlər üzrə "cash back" hüququ yaradır. Bu isə tələbi yönləndirməklə yaxın gələcəkdə təmərküzləşməni daha da dərinləşdirə bilər. Çünki geri ödəmə almaq istəyən müştəri ƏDV ödəyicilərinin xidmətlərinə üz tutacaq. Sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərən əksər kiçik və orta sahibkarlıq subyektləri isə mərhələli şəkildə daha da zəifləyəcək. Başqa sözlə, mexanizmin yan təsirlərindən biri kimi mikro, kiçik və orta sahibkarlıq subyektləri sıradan çıxa bilər”...