| Xəbər 10184 dəfə oxunub
Bakıda antisanitar vəziyyətdə fəaliyyət göstərən bazar:

Son günlər Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülür.

Bu məqsədlə kommunal xidmətlər xüsusi gücləndirilmiş iş rejiminə keçərək Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirləri həyata keçirirlər. 

Hər gün müxtəlif ərazilərdə ictimai-iaşə və ticarət mərkəzlərində, bazarlarda, mollarda müvafiq işlər aparılır, əlavə qabaqlayıcı və maarifləndirici tədbirlər görülür. 

Virusun yayılma təhlükəsinə qarşı vətəndaşlara kütləvi yerlərdən uzaq olmaq, zərurət olmadıqca evdən çıxmamaq tövsiyə edilir. Bu tədbirlərə dəstək olaraq bir çox özəl müəssisələr, obyektlər fəaliyyətini dayandırıb.

Lakin bu gün Sabunçuda "Bit bazarı" və ya "Rus bazarı" kimi də adlandırılan köhnə və əsasən işlənmiş əşyaların satıldığı bazar fəaliyyətini davam etdirir. Düzdür, əvvəlki günlərədəki kimi sıxlıq müşahidə edilməsə də bazarın fəaliyyətini davam etdirməsi yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olub.

Çünki antisanitar vəziyyətin baş aldığı bu bazar indiki vəziyyətdə çox ciddi təhlükə mənbəyidir. Şəhərin müxtəlif yerlərindən küçələrdən, zibilxanalardan yığılan əşyalar burada satışa çıxarılır.

Həftənin şənbə və bazar günlərində fəaliyyət göstərən bu bazarın ölkədə aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində bağlanması üçün ətrafda yaşayan sakinlər tərəfindən Nazirlə Kabineti yanında Operativ Qərəgaha məlumat verilib.