|
Erkin Qədirli MM-dəki çıxışının yanlış anlaşılmasından danışdı:

“Deputatlar mövzunun içində qala bilmirlər” 

Deputat Erkin Qədirlinin Milli Məclisin son iclasında sosial şəbəkələrlə bağlı etdiyi çıxış cəmiyyətdə birmənalı qarşılanmayıb. Onun bu sahəyə tənzimlənmə və məhdudlaşdırma gətirəcəyini iddia edənlər deputatı antidemokratik mövqeyinə görə ittiham ediblər. 

E.Qədirli bu barədə musavat.com-un suallarını cavablandırıb. Müsahibimiz öncə çıxışlarına verilən kəskin reaksiyalar barədə danışıb: 

- Mən bunun səbəbini bilmirəm ki, niyə belə reaksiya verirlər. Bunu həmin reaksiyanı verənlərdən soruşmaq lazımdır. Onların gözündə mən necə görünürəmsə, ona uyğun da reaksiya verirlər, yəqin ki... Özüm nəsə demək istəyəndə düşündüyümü, inandığımı deyirəm. Ola bilsin ki, hərdən yanılıram. Amma mən səmimiyəm, yalan danışmıram. Nə varsa, oyam da... Bunu kim necə qarşılayırsa, ona nəzarət edə və cavabdeh ola bilmərəm. 

- Hər halda, Erkin Qədirlidən gözlənilən ilk Milli Məclis çıxışı ölkədəki daha böyük problemlər barədə idi. Amma siz sosial şəbəkələri hədəfə gətirdiz və sanki burada bir antidemokratik mühitin yaranmasını stimullaşdırdınız. Bununla razılaşırsızmı? 

- Xeyr, razılaşmıram. Orada müzakirəyə çıxarılan məsələlər oldu. Mən də mövzunun çərçivəsində qalıram və ondan kənara çıxmıram. Mənim iclaslarda xoşlamadığım bir şey var. Deputatların əksəriyyəti çərçivədən kənara çıxırlar. 10 dəqiqə vaxt verilir, ordan-burdan danışırlar. Sonra sədr deyir ki, belə getsə, vaxt çatmayacaq, gəlin çıxışları 3 dəqiqəyə endirək. Sonra da növbə mənə çatanda eyni şey olur. Artıq ikinci dəfədir ki, növbə mənə çatanda 10 dəqiqə əvəzinə 3 dəqiqə danışası oldum (gülür). Əksəriyyət mövzu ilə bağlı danışmır. Amma mən çalışıram ki, mövzu ilə bağlı danışım, mövzunun kontekstində danışım. İndi gündəliyə hansı mövzunu çıxarırlarsa, ondan danışıram. Problemlər təbii ki, çoxdur. Amma sosial şəbəkələr müzakirəyə çıxarıldı. Mən onu yazılı şəkildə də həyata keçirəcəm. Sorğu və sair. Məsələn, mən orada mövzuya uyğun olmasa da, seçicilərimin bir şikayətini də bildirdim. Amma mən müəlliməm və hər zaman mövzunun içində qalmağa çalışmışam. Hələlik iki iclas olub. Biri açılış idi, digər ikisi müzakirələr... Hər iki iclasda 3 dəqiqəlik söz demişəm, müzakirələrə uyğun... Mən mövzulara uyğun danışacam. Mən birdən-birə gəlib, müzakirə olunmayan mövzu haqda necə danışa bilərəm? 

- Adətən, sosial şəbəkələrə məhdudlaşdırma gətirilməsini YAP-çılar, hökumətyönlü məmurlar tələb edirlər, bununla bağlı çıxışlar edirlər. Bunu Erkin Qədirlinin üslubuna yaraşdırmayanlar da oldu... 

- Axı, mən sosial şəbəkələrin məhdudlaşdırılmasını istəməmişəm. Əksinə, ona qarşı çıxmışam. Demişəm ki, bunu məhdudlaşdırıcı vasitələrlə etməyin. Əksinə, həqiqəti düzgün çatdırın. Siz uduzursuz sosial şəbəkədə, uduzmusuz. Sosial şəbəkə ilə bağlı orada mövzunu açan mən olmamışam. Digər deputatlar açıblar, mövzunu... Onlar da o düzəlişləri yanlış anladılar. Amma sözügedən düzəlişlərin sosial şəbəkələrlə əlaqəsi yoxdur. Orada informasiya, telekommunikasiya şəbəkələridir və tamam başqa mövzudur. Deputatların çoxu yanlış anladı və başladılar, sosial şəbəkələrdən danışmağa... Mən də ona görə dedim ki, bu iş sosial şəbəkələri məhdudlaşdırmaqla olmur. Həqiqəti düzgün çatdırmağı öyrənin. Çünki siz uduzmusuz. Bunu kontekstdən çıxarıb, elə təqdim edirlər ki, sanki mən sosial şəbəkələri bağlayıb, orada hansısa məhdudiyyətlərin tətbiq olunmasını istəmişəm. Mən öz çıxışımı səhifəmdə yerləşdirmişəm, baxsınlar da... Oradan o mənanı necə çıxarırlar, anlamıram, doğrusu... 

- Bütün hallarda indi fikirlərinizi daha geniş platformadan deyirsiz. Bu, sizi qane edir? Vaxt limiti və sair baxımdan soruşuram, həm də... 

- Yox, qane etmir. Çünki mənim ağlımda tutduğum çıxış 10 dəqiqəlik idi. Reqlament də o qədər idi. Amma məndən əvvəl o qədər adam çıxışa yazılıb, 10 dəqiqəni boşuna xərclədi ki, axırda sədr özü təklif etdi ki, 17 nəfər çıxışa yazılıb. Hərəsi 10 dəqiqə danışsa, bu, 170 dəqiqə edər. Bu, çoxdur, gəlin qısaldaq. İki dəfə 10 dəqiqəni 3 dəqiqəyə endirdilər, növbə mənə gələndə 3 dəqiqəlik çıxış oldu. Mən də ağlımda tutduğum çox şeyi deyə bilmədim. Sizə deyim ki, bu çıxışlarla bağlı intizamsızlıq var. O mənada ki, deputatlar mövzunun içində qala bilmirlər. Bəzən sədr deyir ki, “söz demək üçün təkid edən yoxdursa, bitirək”. Bu zaman yerdən səs gəlir ki, “yox, var, var...” Yaxşı, buyurun, danışın. Bu zaman da özündən əvvəl danışan deputatların dediklərini təkrarlayır. Bunu niyə deyirsən, axı? Yeni bir şey yoxdur axı, dediklərində...? 

- Sizcə, orada da bir tənzimlənmə olmalıdır? 

- Yox, tənzimlənmə deyəndə ki... Aydındır ki, parlament danışmaq yeridir də... Danışmaq istəyən gərək, danışsın. Amma arzuolunan odur ki, hər söz alan yeni, fərqli nəsə desin. Hamı eyni şeyi deyirsə, aydın olur ki, fərqli heç nədən danışmaq mümkün olmayacaq. O zaman sədr deyir ki, bəlkə müzakirələri bitirək? Yəni, bu, normaldır. Seminarda, konfransda da belədir. Çox adam mövzunun içində qala bilmir, çərçivəni aşır. 

- Milli Məclisin iclasları da öz işini dayandırandan sonra sanki əhalidə təlaş daha da artdı. Vəziyyətin ciddiliyi sanki bir daha təsdiqlənmiş kimi əhval yarandı... 

- Təlaşa ehtiyac yoxdur. Amma vəziyyəti olduğu kimi qəbul etmək lazımdır. Hamı qorunmalı, qaydalara əməl etməlidir. Hər kəs şəxsi gigiyenaya önəm verməli, insanların çox olduğu yerlərə getməməlidir. Yaşlı insanlar daha çox diqqətli olmalıdır. Ölümlərin statistikası göstərir ki, bu xəstəlik yaşlı adamlara daha çox təsir edir və koronavirusdan ölənlər arasında yaşlılar üstünlük təşkil edir. Bunlar ciddi qaydalardır və insanlar buna riayət edərsə, onun miqyası böyüməz. 

- Sizcə, iclaslar dayanmalıydımı? Çünki ölkənin həllini gözləyən xeyli problemləri, qəbulunu gözləyən qanunları var. İndiki ərəfədə iclasların dayanması o prosesi də dayandırmırmı, sizcə? 

- Onsuz da qarşıdan bayramlar gəlir. Bayramlarda Milli Məclis işləyəcək deyildi. Yəni, burada nəsə üst-üstə düşdü. Amma bizim bəzi komitələrin iclasları təxirə salındı. Bununla belə, çıxış yolları var. Mənim üzv olduğum iki komitə - hüquq siyasəti və dövlət quruculuğu komitəsi, eləcə də müdafiə təhlükəsizliyi, korrupsiyaya qarşı mübarizə komitələrinin vatsap qrupları yaradılıb, orada yazışırıq. Kimin təklifləri, müzakirə üçün sualları varsa, orada yazılır. Qanun layihəsi ilkin versiyada göndərilir, müzakirə edirik. Yəni, onlayn şəkildə müzakirələrə keçmişik.