| Xəbər 606 dəfə oxunub
Neft qiymətləri nə zaman arta bilər?

Ekspert: “ABŞ iqtisadiyyatı virusa görə ciddi zərər görərsə...”

Dünyanın ən nüfuzlu banklarından olan “Deutsche Bank” analitikləri 2020-ci ilin ikinci və üçüncü rübü üzrə “Brent” markalı neftin satış qiymətinə dair proqnozlarını iki dəfədən çox azaldıblar. Bank analitikləri hesab edirlər ki, bu göstərici qeyd olunan dövrdə 25 dollar təşkil edəcək - əvvəlki proqnoz 53 dollar idi. Buna səbəb isə dünya iqtisadiyyatında qeydə alınan qlobal böhran olacaq.

Bankın proqnozuna görə, bu ilin dördüncü rübündə qiymətlər 35 dollara, gələn ilin birinci yarısında isə 40 dollara yüksələcək: “Hətta koronavirusun yayılması günü sabah dayandırılsa belə, pandemiya üzündən tələbin azalmasından dünya iqtisadiyyatında yaranmış zəncirvari proses hələ davam edəcək”.

“Bloomberg” agentliyinin ekspertləri hesab edirlər ki, koronavirus təhlükəsinə qarşı dövlətlərin atdığı radikal addımlar 2020-ci ildə neftə olan tələbatı görünməmiş səviyyədə azalda bilər: “Səfərlərin qadağan olunması, evdən işləmək, təxirə salınan məzuniyyətlər və daşınma zəncirindəki qırılmalar yanacağ olan tələbatı ciddi şəkildə azalır. Çində iqtisadi akitvliyin minimuma enməsi ilə sarsılan neft bazarı virusa qarşı bütün dünyada atılan addımlarla daha sərt tələb qıtlığı ilə üzləşir”.

Neftə tələbin azalmasına dair proqnozların bədbinliyi yalnız Bloomberg-də deyil, neft treyderləri, şirkət rəhbərləri və digər əlaqədar şəxslərin çıxışlarında da hiss olunur. Əksəriyyət 2019-cu ildə sutkada 100 milyon barel olan dünya neft tələbinin bu il tarixdə ən yüksək həddə azalacağından ehtiyat edirlər. Bu azalmanın 2009-cu ildəki sutkalıq 1 milyon barel, hətta 1980-ci ildəki 2,65 milyon barel təşkil edən azalmadan daha kəskin olacağı gözlənilir.

“Goldman Sachs” investisiya bankı isə hesab edir ki, aprelə qədər sutkalıq neft tələbatı 4 milyon barel də çox azala bilər. Hətta bəzi heyc-fond rəhbərləri azalmanın 10 milyon barelə qədər yüksələcəyini gözləyirlər.

Bu arada Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 3,77 dollar, yaxud 11,4 faiz azalaraq 29,37 dollar təşkil edib. Belə qiymət Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan 55 dollardan iki dəfəyə yaxın aşağıdır.

Onu da qeyd edək ki, Çin iqtisadiyyatı koronavirusun təsirindən çıxmağa başlayıb: fəaliyyətini dayandıran böyük müəssisələrin əksəriyyəti yenidən işini bərpa edib. Məsələn, Almaniyanın Volkswagen konserninin Çində yerləşən 33 müəssisəsindən 31-i fəaliyyətə başlayıb.

Pərviz Heydərov ile ilgili görsel sonucu

Bütün bunların fonunda dünya neft bazarında problemlər nə zaman başa çatacaq? Qiymətlərin yenidən yüksəlməsi hansı müddətə real görünür? Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, neft bazarında qiymətlərin enməsi yalnız koronavirus pandemiyası üzündən baş vermir: “Düzdür, koronavirus səbəbilə ən böyük neft idxalçısı olan Çində tələbat kəskin azaldı və bunun bazara təsiri böyükdür. Amma neft bazarında qiymətlərin indiki səviyyəsi bundan deyil, daha çox nəhəng hasilatçılar olan Rusiya ilə Səudiyyə Ərəbistanının razılaşmaması üzündən yaranıb. Yəni əgər neftə tələb azalsaydı belə, hasilatın azaldılmasına dair OPEK+ razılaşması pozulmasaydı, bunun neft bazarına təsiri indiki qədər böyük olmayacaqdı. Sizə deyim ki, bu razılaşma olmasaydı, ötən ilin payızından qiymətlər 35 dollara qədər düşəcəkdi. Yəni ötən ilin ortalarından etibarən bazarda qiymətləri tənzimləyən əsas alət OPEK+ razılaşması idi”.

Neft qiymətləri ile ilgili görsel sonucu

Ekspertin fikrincə, neft bazarında yaxınmüddətli dövrdə qiymətlərin yenidən yüksəlməsi gözlənilən deyil: “Qiymətləri qaldıracaq yeganə amil OPEK+ razılaşmasının davam etməsi ola bilər. Baxın, ABŞ Federal Ehtiyatlar Sistemi baza uçot dərəcəsini sıfıra qədər azaltdı, iqtisadiyyata 700 milyard dollara qədər əlavə pul dəstəyi açdı. Lakin bunların heç biri bazarda qiymətlərə müsbət təsir göstərmədi. Buna görə də indiki halda bazara müsbət təsir göstərəcək yeganə amil OPEK+ razılaşması ola bilər. Hansı ki, bu razılaşmanın yenidən baş tutması indiki şəraitdə gözlənilən deyil. Ümumiyyətlə, razılaşmanın pozulması çox müəmmalı şəkildə baş verdi: Rusiya da, Səudiyyə Ərəbistanı da bilirdilər ki, koronavirus dünyada neftə tələbatı azaldır və bu şəraitdə əsas təsir vasitəsi bu razılaşmadır. Bu halda onların razılığa gələ bilməməsi xeyli şübhəli görünür. İndi isə Səudiyyə Ərəbistanı hasilatı kəskin artırmaq üçün fəaliyyətlərə başlayıb, Rusiya da ABŞ şist neft hasilatını çökdürmək istəyir. Halbuki Səudiyyə Ərəbistanının da, Rusiyanın da indiki qiymətlərə dözüm əmsalı heç də yüksək deyil. Səudiyyənin iqtisadiyyatı demək olar ki, tamamilə neftdən asılıdır. 2014-2015-ci illərdə bu ölkə öz valyuta ehtiyatlarının bir neçə yüz milyard dollarından məhrum oldu. Siyasi hakimiyyətin onsuz da bəzi problemləri var. Rusiyaya gəlincə, Moskva ABŞ şist neftini bazardan çıxarmağa çalışır. Bildirirlər ki, 6 il belə qiymətə dözə bilərlər. Lakin onlar koronavirusun iqtisadiyyatın digər sektorlarına təsirlərini hesablamamışdılar. Yalnız neft ucuzlaşsa idi, Rusiya bəlkə də dözərdi. Lakin koronavirus digər sahələri də - turizm, avtomobil istehsalı, ərzaq istehsalı və digərləri - ciddi tənəzzülə məruz qoyub. Bu baxımdan, Rusiyanın indiki neft qiymətlərinə immuniteti onların düşündüklərindən daha aşağıdır".

Neft qiymətləri ile ilgili görsel sonucu

P.Heydərovun sözlərinə görə, mövcud neft qiymətləri ən azı bu ilin ikinci yarısınadək davam edəcək: “Yəqin ki, birinci yarımildən sonra müəyyən addımlar atılmasına başlanacaq ki, qiymətlər yüksəlsin. Ona qədərsə qiymətlərin bir qədər də azalması gözlənilir. Martın sonunda OPEK+ razılaşması başa çatır və iri hasilatçılar bazara daha çox neft çıxarmağa başlayacaqlar. Buna görə də qiymətlərin bir qədər də düşməsi realdır. İlin ikinci yarısında isə proseslərə təsir edən əsas amil ABŞ iqtisadiyyatının vəziyyəti olacaq. Əgər bu ölkədə koronavirusa görə yaranan iqtisadi durğunluq ona qədər başa çatsa, bu, bazar üçün müsbət siqnala çevriləcək. Bu baş verməsə, yəqin ki, qiymət yüksəlişi də olmayacaq”.